Rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Baku Electronics”in dövlət büdcəsinə 1 milyon 213 min 691 manat 29 qəpik vergi borcu var.
“Baku Electronics” adlı mağazalar şəbəkəsi “Baku Electronics” MMC-yə bağlıdır.
Məlumat üçün bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan “Baku Electronics” MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Saeid Nakhjavanıdir.
Onu da bildirək ki, “Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən “NAB Holdinq” şirkətidir. “NAB Holdinq” Türkiyədə yaşayan Cənubi Azərbaycan əsilli Eromi ailəsinə məxsusdur. Hazırda “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Eromidir.
“NAB Holdinq” şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi “NAB Holdinq” şirkətidir. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər. Hazırda 35%-lik pay ilə “Bank of Baku”nun ən böyük səhmdarı “NAB Holdinq”dir.
Qeyd edək ki, Türkiyə mətbuatında “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.