Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “2024-cü il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 26 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib. Fərmana əsasən, bu il “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsi xərcləri 70 milyon manatdan 41,7 milyon manata endirilib.
Bu azaldılma nə ilə bağlıdır?
Korrupsiya.az xəbər verir ki, Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, 5 oktyabr 2024-cü il tarixdə də Prezidentin imzaladığı fərmanla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə 2024-cü ildə ayrılması nəzərdə tutulan 249,1 milyon manat məbləğində vəsaitin həcmi 179,1 milyon manat azaldılaraq, 70 milyon manata endirilib:
“Prezidentin 19 noyabr 2024-cü il tarixli Fərmanı ilə həmin vəsaitin həcmi bu dəfə 28,3 milyon manat azaldılaraq 70 milyon manatdan 41,7 milyon manata endirildi.
Prezidentin bir ay yarım ərzində imzaladığı fərmanlar onu göstərir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə 2024-cü ildə nəzərdə tutulan tədbirlərin icrası sahəsində ciddi problemlər mövcuddur. Heç şübhəsiz, Prezidentin 26 dekabr 2023-cü il tarixli sərəncamı ilə proqramda nəzərdə tutulan tədbirlərin 2024-cü ildə maliyyələşdirilməsi üçün 249,1 milyon manat vəsait ayrılarkən cari ildə həmin vəsaitlərin tam istifadə edilə biləcəyi əsaslandırılmışdı, əks halda, bu məqsəd üçün o qədər vəsait nəzərdə tutulmazdı. Görünən odur ki, Naxçıvanda yerli hökumət cari ilin ötən dövrü ərzində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə 2024-cü ildə icrası nəzərdə tutulan işlərin yerinə yetirilməsini təmin edə bilməyib. Bu səbəbdən də cari ilin ötən 10 aydan bir qədər artıq zaman kəsiyində vəsaitlərdən istifadənin real vəziyyəti nəzərə alınaraq nəzərdə tutulan vəsaitin həcmi Prezidentin müvafiq fərmanları ilə 207,4 milyon manat və ya 83,0%-dən çox azaldılıb”.