Xətai rayonu, Gəncə prospektində uzun illərdən bəri qorunub saxlanan ağaclar məhv edilir
Məsələ ilə bağlı ərazidə yaşayan sakinlər unikal.org-a müraciət ediblər. Sakinlər ərazinin hasarlandığını və çoxlu sayda ağacların kəsilərək məhv edildiyini bildiriblər.
Sakinlərin sözlərinə görə, ərazidə tikinti işləri aparılacaq. Bu ərazini hasarlayanda elə bildik park salınacaq, sevindik. Sonradan gördük ki, sağlam ağacları kəsərək daşıyırlar. məlum oldu ki, burada tikinti işləri aparılacaq.
Bu yaşıllıq zolağı uzun illərdir qorunub saxlanır. Bu yaşıllığı məhv edənlər və ona şərait yaradan rayon rəhbərliyi ölkə başçısının göstəriş və tapşırıqlarına niyə məhəl qoymur?”
Bir müddət əvvəl prezident Yasamalda tikintini saxlatmışdı, yaşıllıqları qıran şirkət cərimələnmişdi. Sakinlər ümid edirlər ki, oxşar addım Xətaidə də atılacaq.
Şikayətçilər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyatı orqanlara şikayət ünvanlayıblar: “Xahiş edirik, bunu ictimailəşdirin, lazımı qurumlar görsünlər. Bəlkə müdaxil edib, qalan ağaclarn kəsilməsinin qarşısını alarlar. Biz də öz növbəmizdə yuxarı instansiyalara şikayət etmişik”
Xətainin icra başçısı Razim Məmmədov Bakının ən çox ağac qıran məmuru kimi adı çıxarıb. Amma onunla bağlı heç bir tədbir görülmür. Rayonda qırmadığı ağac, satmadığı yer qalmayıb.
Paytaxtın ən böyük rayonlarından biri olan Xətai rayonu haqda mediada vaxtaşırı xəbərlər dərc edilir. Bu xəbərlərin əksəriyyəti neqativ olur. Ən çox yaşıllığın məhv edildiyi rayon kimi də Xətai ilk sırada dayanır.
Google axtarış portalında “Xətai yaşıllıq”, “Xətai ağac” sözləri ilə axtarış verdikdə, monitora ağacların kəsilməsindən, yaşıllıqların qırılmasından bəhs edən onlarla məqalə çıxır.
Bu rayonun icra hakimiyyəti başçısı Razim Məmmədov xalq arasında yaşıllıqlar terrorçusu, ağac qatili adı ilə də tanınır.
Hələ mərhum prezident Heydər Əliyevin Azərbaycan SSR vaxtında Xətai rayonunda saldırdığı yaşıllıqların xeyli hissəsini Razim Məmmədov vəzifəyə gəldiyi ilk günlərdən başlayaraq məhv etdirib.
Deyilənə görə, o, Xətai ərazisində satmadığı boş torpaq qoymayıb. Mətbuatda dəfələrlə yazılmasına baxmayaraq, Razim Məmmədov bu anti-humanist əməllərini dayandırmır.
Onun Gəncə prospektində, M.Hadi küçəsində, Nobel prospektində və digər ünvanlarda sıralanan şam, küknar və zeytun ağaclarını, başqa yaşıllıq zolaqlarını gecə ikən məhv etdirib, yerini işbazlara külli miqdarda pul qarşılığında satdığı haqda da çox yazılıb. ulus.az