Generalın evindən 2015-ci ildə edilən oğurluqla bağlı aparılan araşdırmalar dalana dirənib. Generalın evindən çemodanlı qızıl oğurlamaqda təqsirləndirilən qull uqçunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır
Ancaq məhkəmə prosesi qeyri-müəyyən səbəblərə görə uzanır. Musavat.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin evindən çemodandakı qızılları oğurlamaqda təqsirləndirilən şəxs həmin villada qulluqçu işləmiş Sədaqət Məmmədovadır. 2015-ci ildə hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmiş, sonra isə ev dustaqlığına buraxılmışdı. Çünki onun törətdiyi deyilən oğurluq əməlini sübut edən kifayət qədər faktlar yox idi.
Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Rahib Salmanov sədrlik edir.
Oğurluq hadisəsi general Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın adına olan İzzət Həmidov küçəsi ev 7, mənzil 8-də baş verib. General da anasının adına olan bu villada yaşayır.
Qeyd edək ki, generalın anası oğurluq hadisəsindən bir neçə ay sonra dünyasını dəyişib. Mərhuma məxsus mənzildən ümumi dəyəri 160 min manata yaxın qızıl-zinət oğurlandığı qeyd edilir. Oğurlanan qızıl zinət əşyalarının mərhuma məxsus olduğu bildirirlir.
Hazırda oğurluqda təqsirləndirilən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi bir ildən artıqdır ki, davam edir. Məhkəmə prosesi qeyri-müəyyən səbəblərə görə dəfələrlə təxirə salınıb.
Sonuncu dəfə may ayında baş tutan qısa prosesdə hakim məhkəmə istintaqının yekunlaşmasını təklif etmişdi. Ancaq dövlət ittihamçısı iş üzrə şahid qismində tanınmış bir nəfərin məhkəməyə gəlmədiyini və onun dindirilməsinin vacibliyini qeyd edib. Dövlət ittihamçısı söyləyib ki, Sədaqət Məmmədova evdən çıxarkən taksiyə minib. Və bu zaman onun əlində çanta olmasını görən, bu haqda danışa biləcək taksi sürücüsü İbrahim Mərdanov məhkəmədə mütləq dindirilməlidir.
Taksi sürücüsü nə görüb?
Bildirək ki, ittihamda yazılır ki, S.Məmmədova işlədiyi villadan qızılları götürdükdən sonra çağırdığı taksi ilə hadisə yerindən uzaqlaşıb. İttihama görə, taksi sürücüsü S.Məmmədovanın əlində olan çantaları görüb.
Prokurorun bu təklifindən sonra məhkəmə prosesinin təxirə salınması ilə bağlı qərar qəbul edilib. Bu qərardan sonra məhkəmə prosesi iki ayrı günə təyin edilsə də baş tutmamışdı.
Növbəti məhkəmə prosesi isə iyunun 5-nə təyin edilib.
Günahkar kimdir?
Sədaqət Məmmədova isə oğurluq hadisəsində generalın kürəkəni Ramin Qədirovdan şübhələnir. S.Məmmədova məhkəmə prosesində də bunları dilə gətirmişdi. S.Məmmədova əsas olaraq isə göstərir ki, oğurluq hadisəsindən əvvəl Ramin Qədirov Böyükxanım Əkbərovadan 200 min pul istəyib. Generalın anası isə Ramin Qədirova 4 min manat verib. Həmçinin Ramin Qədirov arvadının ondan xəbərsiz ev aldığından xəbər tutub və intiqam almaq istəyib.
S.Məmmədova həbsdən azad edildikdən sonra mətbuata açıqlamasında deyib ki, generalın adını bu işdə hallandırmamağa çalışırlar. Onun iddiasına görə, oğurlanan qızıllar generalın olsa da anasının adı çəkilir.
Картинки по запросу qambay eliyev
Generalın əmlakları…
S.Məmmədova generalın qızı tərəfindən rüşvət təklifi aldığını və həmçinin hədələndiyini də bildirib: “Kürdəxanıda saxlanılanda generalın qızı Sevinc gəlib dedi ki, 150 min verəcəm, amma ərimin adını çəkmə. Sonra generalın adamı Rauf Mehiyev mənə işi boynuma almağımı təklif elədi. Həmin müddətdə mən də ailə üzvlərim də hədələndik”.
Bildirək ki, bu işdə zərərçəkmiş tərəfin vəkilləri generalın və ailə üzvlərinin adının hallanmaması üçün çalışırlar.
Hazırda həbs edilmək təhlükəsi ilə üz-üzə qalan Sədaqət Məmmədova musavat.com-a danışarkən daha bir maraqlı faktın üstünü açmışdı. Onun sözlərinə görə, bu işdə generalın adını çəkmək istəməsələr də, bütün əmlaklar, yaşadıqları villa, oğurlanan qızıllar ona məxsusudur. Ancaq mərhum anasının və övladlarının adına rəsmiləşdirib.
“Notariusun işçiləri evə gəlirdi. Villaları, mülkləri Böyükxanım xanımın adına rəsmiləşdirirdilər. Növbəti dəfə isə həmin mülkləri guya Böyükxanım xanım pay olaraq nəvələrinə, övladlarına verib. 400 manat təqaüdlə hər gün bu əmlaklar necə alınırdı?”- deyə S.Məmmədova açıqlamasında bildirmişdi.
S.Məmmədova həmçinin məhkəmədəki ifadəsində evdən oğurlnadığı iddia edilən qızılların bir neçə msilini də gördüyünü məhkəmədə demişdi. O, qeyd edirdi ki, generalın mərhum anası çemodanda olan qızılları tez-tez ona təmizlədərək yerinə yığdırırmış.
Qeyd edək ki, bu iş üzrə şahid qismində generalın kürəklənləri və qızları da məhkəmədə şahid qismində ifadə verib. Ancaq generalın qızları dindirilərkən məhkəmə prosesi qapalı keçirilmişdi. Məhkəmənin qapalı keçirilməsi ilə bağlı təklifi isə zərərçəkmiş tərəf irəli sürmüşdü.