Bakıda yerləşən yanacaqdoldurma məntəqəsi fırıldaqçılıqda ittiham olunur.

Teref.info xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaş Elvin Quliyev iddia edib ki, paytaxtın Şövkət Məmmədova küçəsində yerləşən “X Petrol” yanacaqdoldurma məntəqəsi müştərilərini “Bonus kartı” adı ilə aldadır:

“Bu gün səhər mən “zapravka”ya daxil olub, 20 manat verdim. Operator pulu alıb avtomatı avtomobilin çəninə daxil etdikdən sonra mənə yaxınlaşıb “Bonus kartım”ın olub-olmadığını soruşdu. Avtomobilim “Niva” olduğu üçün çənin girişi sağ tərəfdədir.

Operator isə avtomatı qoşduqdan sonra avtomobilin sol tərəfinə keçib mənlə söhbət etməyə başladı. O mənim başımı qatırdı, “Bonus kartı” haqda danışırdı. Bu vaxt hiss elədim ki, digər operator avtomobilimə yaxınlaşdı. Tez baxıb gördüm ki, avtomatı çəndən çıxartdı. Avtomobili işə salıb benzinin tam yüklənmədiyini gördüm.

Həmin şəxsi çağıraraq onlarla mübahisə etdim. Bu vaxt “zapravka”nın Ceyhun adlı müdiri yaxınlaşıb məsələni həll edəcəyini dedi. Biz aparatda baxdıq, avtomobilə 16 manatlıq benzin vurmuşdular. Ceyhunun tapşırığı ilə əlavə 4 manatlıq benzin də vurdular.

İşə gələndən sonra öyrəndim ki, qadın sürücünü də oxşar üsulla aldadaraq 6 manat az benzin vurublar”.

Yanacaqdoldurma məntəqəsinin növbə rəisi Ceyhun Abbasov açıqlamasında baş verən hadisəni təsdiq edib: “Bu gün səhər saatlarında belə bir hal baş verib.

Mən otaqda növbəni təhvil alırdım. Çöldə səs-küy oldu. Maraqlananda gördüm ki, Nicat adlı əməkdaşımız belə bir şey edib. Onu dərhal işdən azad etdik”.

C.Abbasov qeyd edib ki, onlar həqiqətən də “Bonus kartı” təqdim edirlər: “İki ton yarım benzin vurana 10 manatlıq benzin hədiyyə edirik”.

Paylaş