Azərbaycan həm siyasi, həm də ideoloji baxımdan çox həssas bir dönəm yaşayır. Ölkəmizin istiqlalına və hürriyyətinə qarşı olan qüvvələrin genişmiqyaslı hücumu və təxribat planları rəsmi səviyyələrdə belə anons edilir. Belə bir vaxtda hər bir Azərbaycan vətandaşından siyasi sayıqlıq, aktiv vətənpərvərlik mövqeyi tələb olunduğu halda çox təəssüflər olsun ki, bəziləri bulanıq suda balıq tutmaq sevdası ilə şəxsi maraqlarını ön plana çəkirlər.
Bu sırada ölkə xaricində olan “söyüşcül” qrupları yalan və böhtan məlumatlarla təmin etmək kimi təxribatçı və xəyanətkar əməllər xüsusi yer tutur. Son vaxtlar mediada müxtəlif dövlət qurumlarından şikayətçi olaraq Anar İsmayılov adlı şəxsin də belə bir xəyanət yolu tutduğu ortaya çıxıb. Şikayət etməyi, dövlət qurumlarına teleqramlar vurmağı özünə sənət seçən bu şəxs az qala havanın kəskin istiləşməsində də hansısa dövlət məmurunu ittiham edərək ölkə rəhbərliyinə müraciətlər ünvanlayır. Vətəndaşın aktivliyi, problemlərə laqeyd qalmaması təqdirəlayiqdir.
Amma… Necə deyərlər, məscidin qapısı açıqdır…
… İndiki halda isə bir şəxsin bu qədər şikayətsi olmasına “utanmasan oynamağı nə var” məsəli uyğun gəlir. Yaxud məşhur tamaşada deyildiyi kimi, “bir soruşan yoxdur ki, axı sən kimsən, yoldaş Dadaşov?”.
Doğrudan da, kimdir bu Anar İsmayılov? Anar İsmayılov SHXÇDX-nin Qobustan rayon şöbəsinin rəisi vəzifəsini icra edərkən külli miqdarda pul alaraq vətəndaşları aldatdığına görə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2013-cü il iyunun 6-da barəsində həbs qəti-imkan tədbiri seçilmiş A. İsmayılov vətəndaşlara külli miqdarda «pul atıb». Məlumata görə, əslində A.İsmayılov may ayının 13-də saxlanılıb. Buna səbəb onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi vəzifəsini icra etdiyi dövrdə vətəndaşları aldadıb, çox sayda vətəndaşdan 1 milyon manatadək pul alması olub. Həbs ayrı-ayrı vətəndaşların şikayəti əsasında olub. Məlumata görə, keçirilən əməliyyat zamanı A.İsmayılovun vətəndaşlarla müxtəlif adamların adına alınmış telefon nömrələri ilə əlaqə saxlayıb, onlarla «bazarlıq» elədiyi üzə çıxıb. Bu telefon nömrələrindən bəziləri onun qohumlarının adına olub. Bununla bağlı istintaqa həmin şəxslər də cəlb olunublar. Məlum olub ki, A.İsmayılov vətəndaşlardan işə düzəltmək, çağırışçıları yaxşı hərbi hissələrə salmaq adı altında külli miqdarda pul alıb. Lakin verdiyi vədləri yerinə yetirməyib. Ümumilikdə onun vətəndaşlardan aldadıb aldığı pulun məbləğinin 1 milyon manatdan çox olduğu bildirilir. Vətəndaşların verdikləri pulu tələb etməsi ilə əlaqədar A.İsmayılovun adına olan bahalı xarici avtomobillər hərraca çıxarılıb. Bundan əvvəl Qax rayonunun hərbi komissarlığında çalışan A.İsmayılovun orada yaşadığı eyni hadisə ilə əlaqədar yerinin dəyişdirildiyi məlumdur.
İndi bu adamın öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmağı gülüş doğurur. Amma məsələnin mahiyyəti bununla bitmir. Anar İsmayılovun şikayətçilik azarı sadəcə bir vərdiş deyil. Bir qədər araşdırma aparsaq bunun arxasında başqa niyyətlərin işartılarını da görərək. Məsələ burasındadır ki, A.İsmayılovun arxasındakı əsas güc atası Süleyman İsmayılovdur. Füzuli rayonundan olan A.İsmayılovun atası Süleyman İsmayılov iş adamıdır. Onun Füzuli və Beyləqan rayonlarında böyük biznesi – mal-qara fermaları, dəyirmanları, taxıl bazasının mövcud olduğu vurğulanır. Süleyman İsmayılovun adı 2004-2005-ci illərdə MTN-in Füzulidə keçirdiyi əməliyyatlarda da keçib. Bununla bağlı ölkə mediasında yer alan iddiaya diqqət yetirək: “O zaman həbs olunan çoban Vaqif Cabbarovun (Güləbirdli Vaqif) S. İsmayılovun mal-qara sürülərini ermənilərlə razılaşaraq işğal altındakı ərazilərdə otarması, bunun müqabilində cəbhə xəttində dayaann erməni əsgərlərini S. İsmayılovun Daşburundakı çörək zavodu hesabına təmin etməsinə dair məlumatlar mövcud olub. 2010-cu ildə sabiq müdafiə naziri Səfər Əbiyev S. İsmayılovu əsgərlər üçün hazırlanan çörəyin çəkisini azaltdığı və keyfiyyətsiz undan çörək istehsal etdiyi üçün 2-ci ordu korpusunun tenderlərində iştirakdan kənarlaşdırmışdı”.
Həmin bu S.İsmayılov 3 il əvvəl Füzuli rayonunda iqtisadi sabotajın iştirakçısı kimi də gündəmə gəlib. Belə ki, 2016-cı il yanvar ayının əvvəllərində Füzuli rayonunun bir neçə kəndində bahalaşmaya etiraz əlaməti olaraq aksiyaların keçirilməsi gündəmin əsas mövzularından oldu. Bildirək ki, həmin aksiyalarda vətəndaşlar əsasən unun və digər zəruri ərzaq məhsullarının bahalaşmasına etirazlarını ifadə ediblər. Bu olayla Süleyman İsmayılovun bağlılığı haqda medianın yazdıqlarını olduğu kimi diqqətinizə çatdırırıq: “Füzuli rayonunda uşaqdan-kiçiyə hamının “dəyirmançı Süleyman” kimi tanıdığı Süleyman İsmayılov var. Bu həmin Süleyman İsmayılovdur ki, oğlu Anar İsmayılov 2013-cü ilə qədər Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı. Adı yarım milyon manatlıq sövdələşmədə və qaranlıq işlərdə hallandığından 2013-cü ildə həbs olunub. Oğlunun həbsi isə “dəyirmançı Süleyman”ın karyerasının üzərindən qalın bir xətt çəkib. Belə ki, Süleyman İsmayılov Füzuli rayon icra hakimiyyətinin başçısı vəzifəsinə hazırlaşırmış, onun bu məqsədlə hakimiyyətin üst qatından güclü himayədar da tapdığı bildirilir. Amma məlum səbəblərdən bu reallaşmır və Süleyman İsmayılov rayonda un istehsalı ilə məşğul olmaqda davam edir. Hazırda onun Füzuli rayonunda dəyirmanları və Horadizdə çörəkbişirmə müəssisəsi var. Füzulinin və eləcə də ətraf rayonların un təminatında mühüm iştirakçılardan sayılır Süleyman İsmayılov. Son olayda isə S.İsmayılov icra başçısını gözdən salmaq üçün rayonda “un sabotajı” yaradıb”.
İndi bu ata-oğul cütlüyü Azərbaycana qarşı fəaliyyətlərini açıq müstəviyə keçirərək, ilana zəhər daşımaq missiyasını həyata keçirirlər. Azərbaycanın dövlət rəhbərliyində təmsil olunan şəxslərlə bağlı sosial şəbəkələrdə iftiralar yağdıran, dövlətə və onun ali ünvanına təqirlər deyən şəxslərə yalan məlumatlar ötürən İsmayılovların əməlinə başqa ad vermək olmaz. Hüquq-mühafizə orqanlarının, aidiyyatı qurumların da bu məqamı diqqətdə saxlayıb lazımi tədbirlər görməsi vacibdir.Musavat.com
 
Paylaş