Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Bəxtiyar Məlikovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 30 oktyabr 2022-ci il tarixdə, saat 20:38-də Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birinin yaxınlığında qeydə alınıb.
Belə ki, Bəxtiyar Məlikov həyat yoldaşı ilə birgə oğlu Qafarın (şərti) çalışdığı mağazaya gedib, sonra özü çölə çıxıb. Bu zaman mağazadan oğlu ilə birgə zərərçəkmiş Samir Kərəmzadə (şərti) də çölə çıxaraq mübahisə edib. Bəxtiyar da onlara yaxınlaşıb, mübahisənin səbəbini soruşub. Qafar isə zərərçəkmişin mağazada anasına baxdığını deyib. Daha sonra Bəxtiyar Samirin sifət nahiyəsindən yumruqla bir dəfə zərbə endirib.
Hadisədən sonra Bəxtiyar Məlikov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.