Ötən gün kütləvi informasiya vasitələrində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən məlumata görə, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən 13-14 noyabr 2023-cü il tarixlərində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı yoxlama aparılıb və sözügedən məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir şəhər Prokurorluğu, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yoxlamalara başlanılıb.

Aparılmış yoxlamaların nəticələrinə və eləcə də Mingəçevir şəhər Prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılmış və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaq.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görür.

Paylaş