Ailə qurmağa hazırlaşan cütlükləri maraqlandıran əsas məsələlərdən biri də şadlıq saraylarının mövcud menyu qiymətləridir. Bakıda menyusu 35 manatdan tutmuş 450 manata qədər xidmət təklif edən şadlıq evlərinə rast gəlinir. Qiymətlərin formalaşmasına isə müxtəlif amillər təsir göstərir.
İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında deyir ki, şadlıq saraylarının qiymətləri ümumi inflyasiya trendinə uyğun tənzimlənir.
Bu sahə üzrə Azərbaycanda yüksək rəqabət olduğunu deyən ekspert bildirib ki, təkcə Bakıda yüzlərlə şadlıq evi mövcuddur: “Restoran sahibləri mal və məhsulu özləri istehsal etmir, hər masa üçün lazım olan ərzağı və digər məhsulları bazardan alırlar. Nəticə etibarilə mal və məhsulların qiymətlərinin qalxması, təbii ki, toyların qiymətini də artırır”.
Beləliklə, Bakıda yerləşən bəzi şadlıq saraylarındakı menyu qiymətlərini təqdim edirik:
750 nəfərlik qonağı qarşılamağa malik olan “Grand Neon”da menyu qiymətləri 65 manatdan başlayır. Burada ən bahalı menyu 210 manat təşkil edir.
500 nəfərədək qonağa xidmət göstərən “Mona liza”da isə qiymətlər 80-110-140 manat aralığında dəyişir.
600 nəfərlik zalla xidmət göstərən “Alp Saray”da qiymətlər 90-120-160 manat aralığındadır.
“Çıraq Palace” şadlıq sarayında qonaqlar üçün 650 nəfərlik zal mövcuddur. Burada isə qiymətlər 55 manatdan başlayaraq 120 manat təşkil edir.
“Su səsi” şadlıq sarayının toy zalı 850 nəfərlik üçün nəzərdə tutulub. Burada da menyu qiymətləri müxtəlifliyinə görə 80-100-130 manat müəyyənləşib.
300 və 800 nəfərlik zallara malik olan “Böyük saray”da qiymətlər 200 manatdan başlayır. Şadlıq sarayında ən bahalı menyu qiyməti isə 400 manat təşkil edir.
Paytaxtın ən bahalı şadlıq saraylarından biri də “Sapfir Saray”dır. 650 nəfərlik tutumu olan sarayda ən ucuz menyu qiyməti 160 manat, ən bahalı menyu qiyməti isə 450 manatdır. Bundan əlavə, toy sahiblərinin istəyinə uyğun olaraq burada 180-200-250-320 manatlıq menyu qiymətləri də təklif olunur.
480 nəfərlik zalla qonaqlara xidmət göstərən “Niel” şadlıq sarayında qiymətlər 90-160 manat aralığında dəyişir.
Kiçik və böyük zalda qonaqları qarşılayan “Buta Palace”da isə menyu qiymətləri 250 manatdan başlayır. Bununla yanaşı bu şadlıq sarayı toy sahiblərinin istəyinə uyğun olaraq 300 manatlıq menyu da təklif edir.
700 nəfərlik zala sahib olan “Ay İşığı” şadlıq sarayında isə qiymətlər 100-200 manat aralığında dəyişir.