Ölkəmizdə hakimiyyət səlahiyyətlərinə malik məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması heç kəsə sirr deyil. Müxtəlif vəzifələrdə təmsil olunan, eyni zamanda bizneslə məşğul olaraq dövlət qanunvericiliyini ciddiyə almayan deputat, nazir və məmurlar, məqsədyönlü şəkilə dövlətin maraq və funksiyasına qarşı çıxanlardır.
Siyəzən rayonu, Qalaaltı kəndindən OperativXeber. az redaksiyasına olduqca maraqlı məktub daxil olub.
Şirvanlı iş adamı, sahibkar Qurbanxan Dəmirov kənd əhalisi narahat edən mövzunu diqqətimizə yönəldərək əlaqədar qurumların müdaxiləsini xahiş edir.
Müraciət, ölkədə əhalini ən çox narahat edən, rüşvətin ən çox yayıldığı qurum olan Dövlət Yol Polisi rəhbərliyi ilə bağlıdır.:
“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov, Qalaaltı kənd sakinlərinin hiddət və qəzəbinə səbəb olub. Belə ki, İdarə rəisinin kənddə gizli yolla inşa etdirdiyi istirahət mərkəzi, küçə yolunun bağlanmasına, mənim və cümlədən digər sakinlərin evimizə maşınla giriş-çıxışa əngəl yaradıb. Daş, qum, çınqıl birbaşa yolun ortasına tökülüb. Elə bil ki, ətrafda insan yaşamır. O cümlədən İri tonnajlı nəqliyyat vasitələri, təcili yardım maşını, yanğın söndürən texnikanın taktiki hərəkətinə ciddi maneçilik yaranıb. Yayın istisində hər hansı bir qəza baş verərsə, biz vətəndaşlara necə yardım oluna bilər? Nuşirəvan Səfərov niyə görə əhalini saya salmır?
Hörmətli OperativXeber.az redaksiyası, məsələdə diqqət çəkən digər məqam odur ki, Nuşirəvan Səfərov DİN-nin yüksək vəzifəli dövlət məmuru olduğu halda, ən yüksək səviyyədə tənqidlərə və xəbərdarlıqlara məhəl qoymadan şəxsi bizneslə məşğuldur və bu hal dövlətimiz tərəfindən yolverilməzdir.
Eləcə də tikinti normativlərinin pozulmasına, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət tələbləri kobud şəkildə pozulur. Mən dəfələrlə Nuşirəvan Səfərovla əlaqə yaratmağa çalışaraq məsələyə aydınlıq gətirməyə cəhd etdim, lakin O telefonu açmır.
Sondabir vətəndaş olaraq müvafiq qurumlardan məsələylə bağlı bizə köməklik göstərilməyini xahiş edirəm. Kənd əhalisinə, kənd ağsaqqallarına hörmətsizlik nümayiş etdirilir. Media qurumu olaraq sizdən xahiş edirik, məsələni ictimailəşdirərək müvafiq dövlət orqanlarının diqqətinə yönəldəsiniz… Sitatın sonu..
Qanunçuluğun və ictimai nəzarətin aktual olduğu bir halda ölkə qanunvericiliyinə qarşı çıxaraq bizneslə məşğul olan idarə rəisi nə düşünür? Özü də cəmiyyət qanunların əksinə olaraq, vətəndaşlara yuxarıdan aşağı baxaraq onları saymadan…
Güman edirik ki, əlaqədar qurumlar məsələ ilə bağlı lazımi tədbirlər görəcək.