“Lukoyl” 2016-cı ildə Ermənistandan olan alıcılara benzin və dizel yanacağı satışının həcmini 125 min tona qədər artırıb. Hərçənd bu rəqəm 1 il əvvəl cəmi 59 min ton olub.

Şirkət ötən il bu həcmin təxminən 100 min tonunu Volqoqrad NEZ-dən, təxminən 25 min ton isə Bolqarıstanın cənub-şərqində yerləşən Burqas şəhərindəki zavodundan göndərib.

Korrupsiya.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq “Argus” jurnalının fevral buraxılışında yer alan Xəzər dənizi və Orta Asiya ölkələrinin nəqliyyat xidmətləri bazarının icmalında qeyd olunub.

Təbii ki, Ermənistanın yanacağa olan tələbatının Rusiya şirkətləri tərəfindən ödənilməsi heç kimə sirr deyil. Lakin məsələnin maraqlı tərəfi odur ki, bu yanacaq tədarükündə əsas daşıma işlərini Mübariz Mənsimova aid olan “Palmali” şirkəti həyata keçirir.

Belə ki, icmalda bazar iştirakçılarının məlumatlarına istinadən qeyd olunur ki, Ermənistanın CPS ticarət şirkəti müstəqil şəkildə Volqoqrad NEZ-dən yanacaq çıxarır.

CPS şirkətinin nümayəndələri bu informasiyanı şərh etməkdən boyun qaçırsalar da, məlumata görə, çay naviqasiyasının mümkün olduğu dövrdə Volqoqrad NEZ-in neft məhsulları tankerlərlə Batumiyə çatdırılır və sonradan yük Ermənistana göndərilir. Qış vaxtlarında isə yanacaq Tatyanka stansiyasından Azov dənizinin limanlarına qədər dəmir yolu xətti ilə çatdırılıb və tankerlərlə Batumiyə göndərilib. Məhz, bu daşınmaları “V.F.Tanker” və Orta Volqa gəmiçilik şirkətləri ilə yanaşı ötən il əsasən “Palmali” şirkəti həyata keçirib.

Dərgidə qeyd olunub ki, Ermənistan bazarlarına çatdırılması üçün Batumiyə həmçinin Bolqarıstanın neft məhsulları da tədarük edilib. “Argus” jurnalındakı yaydığı həmin siyahı ilə BURADAN tanış ola bilərsiniz.

“Palmali” şirkətinin mövzu ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

***

Şirkətin özünü mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən xanım ilk öncə saytın baş redaktoruna bir neçə dəqiqə “KİV Haqqında Qanundan “dərs” keçdikdən sonra, əsəbi və bir az da hədələyici tərzdə açıqlama verib.

Xanım bildirib ki, şirkət bu yazıları şərh etmir: “Bizim bu yazıya mövqeyimiz yoxdur. Şərh etmirik. Yalan məlumatdır”.

Daha sonra isə “sizinlə bizim vəkillərimiz məşğul olacaq” deyib dəsdəyi asdı.

+90 212 350 09 00 nömrəsindən yığmaq, hədələməkdənsə yazıya şirkətin mövqeyini bildirmək daha qanunauyğundur.

Paylaş