Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun 4 il ərzində milyonlarla manat xərcləyərək ərsəyə gətirdiyi Ziya Bünyadov prospektinin bir hissəsi bağlanıb. Bir aya yaxındır Əhməd Rəcəbli prospekti ilə Əliyar Əliyev küçəsi arasındakı hissədə təmir işləri aparılır.

“Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olaraq bir neçə il əvvəl istifadəyə verilən yolun təmirə bağlandığını aydınlaşdırıb.

Məlum olub ki, yolun bəzi yerlərində tikinti zamanı yağış kollektoru quraşdırılsa da, çökək yer olan hissədə sabiq nazir buna ehtiyac görməyib. Lakin son dönəmdə yağan intensiv yağışlar zamanı dərin gölməçələrin əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkətinin iflic olması və maşınların suyun içində sönüb qalması müvafiq qurumları yenidən düşünməyə vadar edib.

Nazirlər Kabinetinin qərarı ilə paytaxtın bir neçə yerində yağış kollektorları quraşdırılmağa başlayıb. Bunun üçün isə yeni istifadəyə verilən yolların asfalt qatı və bərkidilmiş hissəsi yenidən qazılır, dağıdılır. Buna da yenə milyondan az xərc çəkilir.

Təmir işlərini həyata keçirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yol noyabrın əvvəlində istifadəyə veriləcək: “Həmin ərazidə yağış zamanı yığılan sular nəqliyyatın hərəkətini mümkünsüz edirdi. Bunun qarşısını almaq üçün kanalizasiya kollektorları quraşdırılır. Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Əliyar Əliyev küçəsi arasında xətt çəkiləcək. Əliyar Əliyev küçəsi ilə kəsişmədən sonrakı hissədə kollektorlar olsa da, indi təmir gedən ərazidə yox idi”.

Hazırda Ə.Rəcəbli prospektindən sağa dönərək Z.Bünyadov prospektinə çıxan yol “Çermet” körpüsünə kimi və körpünün alt hissəsi bağlıdır.

Ərazidən hazırladığımız videomaterialı təqdim edirik:

Paylaş