OperativXeber.az Obyektiv.org-a istinadən bildirir ki, bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib.
Reyestr xidmətində olan iri korrupsiya pulları daşınmaz əmlak sektoruna rəhbərlik edən komitə rəhbərini sürətlə varlandırıb. Həmçinin bildirək ki, araşdırma yazısında məhz Malik Həsənovun adının keçməsi ondan xəbər verir ki, o, başqa deputatlardan fərqlənir. Lakin o da deyilməlidir ki, M.Həsənov təkcə qardaşının sayəsində mandat sahibi olmayıb. Onun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğu barədə zaman-zaman mediada iddialar tirajlanıb. İddialara görə, o, Mahmudovun siyahısından parlamentə düşmüşdü.
Elə bir müddət əvvəl komitə rəhbəri Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyinin üzə çıxması və mətbuat səhifələrini bəzəməsi Həsənovların “quyruğunu qapı arasında” qoymuşdu. Media emissarları hesabına MTN-lə işbirliyini ört-basdır etməyə çalışan K.Həsənov siyasi iqtidarın qəzəbindən özünü qorumağa müvəffəq oldu. Çünki onun postundan getməsi ilə yanaşı həbs təhlükəsi var idi. Odur ki, bəzi media dostlarının xahişi ilə Həsənovlar barəsində məqalələrə ara verilmişdi.
MTN işi üzrə Reyestr Xidməti rəhbəri Məhəmməd İmanovun da həbsi sübut edirdi ki, daşınmaz əmlakın qeydiyyatı işlərində Kərəm Həsənovla Eldar Mahmudovun birgə əməliyyatları olub. Lakin M.İmanovu qurban verməklə komitə rəhbəri özünü xilas elədi.
Bu dəfə isə qardaşların adı 3 milyardlıq səs-küylü korrupsiya əməliyyatında keçir. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin diqqətini çəkməzdilər.
Komitə rəhbərinə verilən möhlət də məhz Ziya Məmmədov kimi bitirilməsinə hesablanıb. Ölkədə gedən sosial və struktur islahatları çərçivəsində reyestr xidməti sahəsinin ASAN Xidmətə verilməsi və komitənin ləğvi nəzərdə tutulur.
Millət vəkilləri, ekspertlər də zaman-zaman bu təkliflə çıxış ediblər ki, komitə ləğv olunaraq hansısa nazirliyə yaxud da ASAN-a verilməlidir. Malik Həsənov da qardaşına söykənərək mandatını saxlayıb. Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq. Üstəlik, MTN işindən sonra nüfuzunu və etimadını itirmiş Həsənovların 3 milyardlıq korrupsiya qalmaqalında da adının hallanması qardaşlar üçün son ola bilər.
Mahmudovun, həmçinin, Kərəm Həsənovun iri zavodları, səhmdar cəmiyyətləri zor gücünə ələ keçirməsinə yardım etdiyinə, etiraz edənləri MTN-nin zirzəmisində işgəncə ilə yola gətirdiyinə dair iddialar var. Bundan başqa, K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var.
Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir. Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir. Beləliklə, Həsənovların başı təzədən cəncəldədir.
Azərbaycanın “Əmlak kralı”nın başgicəlləndirən kapital siyahısı
Komitə sədrinin Azərbaycandakı biznesi də yetərincə rəngarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir. Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu qısa zamanda Azərbaycanda ciddi kapital sahibinə çevirib.
Xatırladaq ki, mediada dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmlaklarının ilkin siyahısı yayılıb. K.Həsənovun kapital siyahısında Fərhad Əliyevə bağlı əmlaklar da mühüm yer tutur.
Belə ki, Kərəm Həsənov Fərhad Əliyevdin təkcə kreslosunu zəbt etməyib. Fərhad Əliyev həbs olunduqdan sonra Kərəm Həsənov onun nəzarətində olan obyektləri əlindən almağa başladı. Fərhad Əliyev aid “Mingəçevir Regenerat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Bakı Elektroavtomat” ASC, “Siyəzən Broyler” ASC, “Azərbaycan Aliminiumu” ASC, “Daşkəsən Filizsaflaşdırma” ASC, “Azərelektroterm” ASC, “Azərboru “ASC, “Bakıelektrikşəbəkə” ASC, “Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlanmış müqavilələr guya investorlar tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi adı ilə ləğv olundu.
Həmin müəssisələrin fəaliyyətinə Kərəm Həsənov birbaşa özü nəzarət edir. Hazırda bu müəssisələrin gəliri komitənin “katyoluna” ödənilir. Bundan başqa Fərhad Əliyevin respublikanın müxtəlif yerlərində, Bakı şəhərində yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələri əlindən alındı. Onların bir hissəsini Kərəm Həsənov öz yaxınlarının adına keçirdi. Fərhad Əliyev tərəfindən açılan, onun yaxınlarının nəzarət etdiyi bəzi müəssisələrin fəaliyyəti isə dayandırıldı. Məsələn, F.Əliyevin açdığı Gəncə Xalça Kombinatının yaxınlığında 100-dən çox ailənin yeganə iş yeri sayılan, Almaniya istehsalı olan 9 ədəd xalça toxuyan dəzgahla işləyən müəssisənin faəliyyəti dayandırıldı. Əmlakının mülkiyyət sənədləri isə ləğv edildi.
K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmiş F.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhər ətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyə daha çox üstünlük verir.
Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri yaşayış sahələrinin siyahısını oxuculara təqdim edirik:
1.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6.Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub?şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri ?yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, I.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11.Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12.Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. Ismayılov Ramazan Islam oğlunun adına rəsmiləşdirilib.
14.Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qaracının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.
20.Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s. (obyektiv.org)