Lənkəranda kanalizasiya sisteminin qurulması üçün təzədən pul ayrılıb
Palitika.Az-ın xəbərinə görə, prezidentin sərəncamı ilə 2,1 milyon vəsait “Azərsu” ASC-yə həvalə olunub.
Bu sərəncam isə özlüyündə böyük bir korrupsiya faktının üstünü açmış olub.
Belə ki, hələ 2013-cü ildə prezident sərəncamı ilə Lənkəranda su və kanalizasiya sisteminin qurulmasına pul ayrılmışdı. O dövrdə kanalizasiya xətləri üçün rayonun yollar qazılsa da, sonra iş davam etdirilmədi.
O vaxt prezident Lənkərana getmişdi. “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynov, icra başçısı Taleh Qaraşov açılış mərasimində iştirak eləmişdilər.
Həmin dövrdə su ilə bərabər kanalizasiya sisteminin qurulması üçün Lənkəranın yolları qazıb tökdülər. Şəhərdə nəqliyyatın hərəkəti iflic oldu.
Nə kanalizasiya sistemi quruldu, nə də yolların asfaltı normal səviyyədə bərpa edildi. O vaxtda 4 il keçməsinə baxmayaraq, sərəncam icra edilməyib.
Ancaq oktyabrın 24-də prezident Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,1 milyon manat ayrılıb.
Maraqlıdır ki, 2010, 2011, 2012 və 2013-cü illəri əhatə edən tender məlumatlarında həmin layihəyə nə qədər vəsaitin ayrılması, layihəni hansı şirkətin reallaşdırılması ilə bağlı hər hansı məlumat yoxdur.
Bu korrupsiya əməliyyatının başında ”Azərsu” ASC sədri Qorxmaz Hüseynovla Lənkəranın icra başçısı Taleh Qaraşovun dayandığı bildirilir.
Lənkəranda şəhər mərkəzində kanalizasiya sisteminin olmaması, əlbəttə acınacaqlı haldır. Bu durumu acınacaqlı edən səbəblərdən biri də cəmi 4 il öncə Lənkəranda ölkə başçısına danışılan yalandır.
Qeyd edək ki, ölkə başçısının Lənkərana 2013-cü il səfəri zamanı İlham Əliyevə şəhərin kanalizasiya sisteminin yenilənməsini də əhatə edən “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqda şəhər rəhbərliyi və aidiyyatı məmurlar ağızdolusu məlumat veriblər.
İ.Əliyevə bildirilib ki, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində yaradılıb. Şəhərdə cəmi 28 kilometr kanalizasiya xətti mövcud olub. Qalan ərazilərin tullantı suları açıq kanallarla təmizlənmədən dənizə axıdılıb.
Bu problemlərin həlli məqsədilə isə dövlət başçısının göstərişinə əsasən hazırlanmış “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Lənkəran şəhəri, Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin 82 min sakininin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına hesablanıb:
“Gələcəkdə magistral kəmər boyunca yerləşən Gərmətük, Şürük, Bala Şürük, Küvənil, Tütəpeştə, Lüvəsər və Səpnəkəran kəndlərinə də bu mənbədən içməli su verilməsi nəzərdə tutulur. Bütövlükdə layihədən 100 min nəfər faydalanacaq”.
Rəsmi məlumatda da əksini tapdığı kimi, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Lənkəran şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulmalı idi.
Lakin görünən odur ki, həm “Azərsu”, həm də Lənkəran Şəhər İcra Hakimiyyəti xəttilə rayona ayrılan büdcə vəsaitləri göyə sovrulub. Əks halda, payızın ilk yağışındaca şəhər əhalisi evlərindən, zirzəmilərindən su daşımalı olmazdı.
Korrupsiya.az