MTN-nin sabiq bölgə rəisinin ona 130 min dollar “atdığını” iddia edən iş adamı məhkəməyə niyə gəlmədi?
korrupsiya.az xəbər verir ki, Rusiyada yaşayan tovuzlu iş adamı Rəfael Hümmətov mətbuatda MTN-nin sabiq bölgə rəisi, hazırda DTX-nin daşkəsəndə xüsusi idarə rəisinin müavini vəzifəsində çalışan Anar Məhərrəmovla bağlı kəskin ittihamlar irəli sürüb. İş adamı iddia edir ki, A.Məhərrmova ondan bir dəfə 130 min ABŞ dolları, daha sonra 20 min 600 dolları və buna qədər isə hissə-hissə külli miqdarda vəsait alaraq, mənimsəyib. Məsələn, onun sözlərinə görə, 2013-cü ildə oğlu hərbi xidmətə gedən zaman Anar Məhərrəmov onu yanına çağıraraq bildirib ki, “uşağın başına hər iş gələ bilər, 10 min dollar ver, onu tapşıraq, xidməti yaxşı keçsin”. Dediyinə görə, həmin vaxt ona 7 min manat versə də, oğlu yenə də əvvəlki hərbi hissədə (Beyləqanda) qalıb və heç bir tapşırıq-filan olmayıb.
Rəfael Hümmətovun daha bir iddiası ondan ibarətdir ki, vaxtilə yaxın münasibətdə olduğu Anar Məhərrəmovun Ufada həlak olan qardaşının nəşini Azərbaycana gətirmək üçün 9 min ABŞ dolları xərc çəksə də, həmin vəsaiti ona qaytarılmayıb. Bundan əlavə, iş adamı MTN-nin sabiq bölgə rəisinin 2014-cü ilin sonlarında yeni tikdirdiyi evə material almaq üçün 2200 dollar, özünə “Niva” maşını alarkən isə 2000 dollar vasaitini aldığını bildirir.
Borc əvəzinə mənzil təklif olunub, amma…
Onun sözlərinə görə, 2014-cü noyabrında isə A.Məhərrəmov daha yüksək vəzifəyə keçmək üçün ondan borc olaraq 200 min dollar istəyib, lakin həmin vaxt o qədər pulu olmadığından 130 min ABŞ dolları verib. R. Hümmətov iddia edir ki, 2017-ci ilin əvvəllərində ondan borcunu tələb etdikdə A.Məhərrəmov müflis vəziyyətdə olduğunu deyib. “Görüşdük, dedi ki, Bakıda bir neçə mənzilim var, get bax, qiymət qoyaq, 130 mini “raşot” edək. Gedib mənzillərə baxdım, balaca və təmirsiz mənzillərə görə 100-150 min qiymət qoydu. Yasamalda iki-üç yerdə mənzili vardı, bir də Gəncədə 0,03 ha ərazisi olan sənədsiz torpaq sahəsi təklif etdi”.
İş adamı deyir ki, A.Məmmədovun təklifi onu qane etmədiyindən, çarəsiz qalaraq DTX-ya müraciət edib: “Yazdığm şikayət ərizələri əsasında da DTX-da qeyri-obyektiv araşdırılma aparılaraq İdarə rəisi Faiq Şamilovun imzaladığı 05.08.2017-ci il tarixli cavab məktubunda yazılmışdı ki, sadaladığım faktlar yoxlama nəticəsində təsdiqini tapmayıb. Guya o pulu məndən Şəmkir sakini Rzayev Əli Müseyib oğlu alıb, pulları biznes fəaliyyətinə sərf etdiyini və həmin maddi vəsaitin Anar Məhərrəmovla heç bir əlaqəsi olmadığını bildirib. Məktubda yazılmışdı ki, pulu Əli Rzayevdən istəmək üçün məhkəməyə getməliyəm”.
R.Hümmətov iddia edir ki, bir müddət sonra Bakı şəhərinə gəlib işlə bağlı araşdırma aparan DTX-nin əməkdaşı ilə telefon əlaqəsi saxlayıb: “Həmin şəxs, telefonda mənə: “İşə baxılıb qurtarıb, hər şeyi Əli öz boynuna alıb, mülki işdir, Anarlıq orda heç bir şey yoxdur”, deyib dəstəyi asdı”.
Məlumat üçün bildirək ki, Əli Rzayev MTN-nin sabiq bölgə rəisi A.Məhhərəmovla tovuzlu iş adamı Rəfael Hümmətovun ortaq tanışı olub. R.Hümmətovun sözlərindən belə anlaşılır ki, onlar dəfələrlə görüşüb, birgə yeyib-içiblər. ““Şəmkirli Əli” kimi tanıdığım bu Əli Rzayevi 2014-2017-ci illlər ərzində həmişə Anar Məhərrəmovun yanında boş-bekar hərlənib qulluq edən, onun müəyyən tapşırıqlarını yerinə yetirən biri kimi görmüşəm” – deyə, R.Hümmətov mətbuata açıqlamasında bildirir.
Məhkəməyə şikayət…
Nəhayət Rəfael Hümmətov və həyat yoldaşı Məhbubə Məhərrəmova Əli Rzayev, Anar Məhərrəmov, eləcə də Vüsal Bağırova (A.Məhhərovun yaxın adamı olduğu iddia edilən şəxs – red.) qarşı məhkəmə iddiası qaldırıb. İddiaçıların tələbinə 08 yanvar 2018-ci ildə hakim Mustafa Mustafayevin sədrliyi ilə Şəmkir rayon Məhkəməsində baxılıb. Əldə etdiyimiz məhkəmə sənədlərindən aydın olur ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilsə də, onların heç biri məhkəmədə şəxsən iştirak etməyib. Prosesdə iddiaçı tərəfi vəkalətli nümayəndəsi Abbasov İlqar Şiraslan oğlu, cavabdeh Əli Rzayevin nümayəndəsi kimi isə Ələkbərli Fürudin Muxtar oğlu təmsil ediblər.
Anar Məhərrəmovla Rəfael Hümmətov dost olublar?
Məhkəmədə iddiaçıların vəkili verdiyi izahatda göstərib ki, cavabdeh Anar Məhərrəmovla Rəfael Hümmətov eyni bir kəndin sakini olmaqla yanaşı, həm də yaxın dost olublar. Onun sözlərinə görə, A.Məhərrəmov dostu R.Hümmətovdan 200 min dollar borc istəyərkən, 3 ay müddətinə qaytaracağına söz verib. Qeyd olunur ki, bundan sonra R.Hümmətov Tovuz rayon Düzqırıqlı kəndində yaşayan arvadı Məhərrəmova Məhbudə İsfəndiyar qızına 130 min dollar məbləğində pulu qardaşı Hümmətov Fəzail Talıb oğluna verməyi tapşırıb. Fəzail Hümmətov da qardaşının tapşırığı ilə hımin vəsaiti Şəmkir rayonunda Əli Rzayevə təqdim edib.
Məhkəmə sənədlərinə əsasən, 01 sentyabr 2016-cı ildə A.Məhərrəmov yenidən R.Hümmətova zəng vuraraq, mal-qara ferması açmaq məqsədilə 30 min dollara ehtiyacının olduğunu bildirib. Üstəlik, həmin vaxt aralarındakı əvvəlki borcu ödəyəcəyinə və ferma hazır olduqdan sonra onunla şərik işləyəcəyinə söz verib. Daha sonra A.Məhərrəmov R.Hümmətovdan pulu Vüsal Bağırova verməsini xahiş edib. İddia olunur ki, R.Hümmətovun arvadı M.Məhərrəmova mülkiyyətində olan “Toyota Prado” markalı avtomobili oğlu Hüseyn Talıblı və Vüsal Bağırovla birgə Gəncə maşın bazarında 20600 ABŞ dollarına sataraq, pulunu Vüsala verib.
İddiaçı tərəf bildirir ki, sonradan bütün bu pulları A.Məhhərmovdan tələb etdikdə, cavabdeh müflis olduğunu deyib və borcun əvəzinə Bakı şəhərindəki 2 otaqlı mənzilini təklif edib. Qeyd olunur ki, A.Məhərrəmov həmin mənzili real bazar qiymətindən baha təqdim etdiyindən, bu təklifdən imtina ediblər.
Sübutu olmayan ittihamlar…
Məhkəmədə cavabdeh Əli Rzayevin vəkili yazılı ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılmasını tələb edib. Firudin Ələkbərli bildirib ki, cavabdeh Əli Rzayev iddiaçı Rəfael Hümmətovla tanış olsa da, onun qardaşı Fəzail Hümmətovdan Anar Məhərrəmova çatdırılması üçün 130 min ABŞ dolları almayıb. Bu səbəbdən də vəkil deyib ki, cavabdeh Əli Rzayevin iddiaçı tərəfə heç bir borcu yoxdur.
Üstəlik, məhkəmə prosesində o da aydın olub ki, iddiaçı tərəfin 2016-cı ilin sentyabr ayında Vüsal Bağırovun vasitəsilə A.Məhhərəmova 20 600 ABŞ dolları göndərdiyi haqda da heç bir faktı yoxdur.
Bir sözlə, iddiaçılar Rəfael Hümmətov və Məhbubə Məhərrəmova cavabdehlər Əli Rzayev, Anar Məhərrəmov, eləcə də Vüsal Bağırova üst-üstə 150 600 dolları (130 min, 20 600) məbləğində vəsait verdiklərini iddia etsələr də, məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməyiblər. Digər tərəfdən, həm iddia ərizəsindən, həm də iddiaçının nümayəndəsinin çıxışından da görünür ki, iddiaçılar 130 min dollar vəsaiti cavabdeh Əli Rzayevə Fəzail Hümmətov vasitəsilə verdiklərini deyirlər. Ancaq iddiaçı tərəfin vəkili öz ərizəsində qeyd ediləndən başqa, məhkəməyə həmin faktları da təsdiq edən heç bir sübut təqdim edə bilməyib.
Məhkəmədən ədalətli qərar
Beləliklə, hakim Mustafa Mustafayev iddiaçılar Rəfael Hümmətov və həyat yoldaşı Məhbubə Məhərrəmovanın iddiası əsasında aparılan araşdırmalar və məhkəmə prosesində verilən ifadələr əsasında belə qərara gəlib ki, iddiaçı tərəfin bütün tələbləri əsassızdır. Bu səbəbdən də hakim həmin əsassız iddianın rədd eilməsi ilə bağlı qərar qəbul edib.
Həmçinin, iş üzrə heç bir dəlil olmadığından dövlət rüsmu kimi ödənilən 30 manat da iddiaçılardan tutulub.
korrupsiya.az