Qaçqınkomun əhalini yerləşdirilməsi ilə bağlı zaman-zaman narazılıqlar dilə gətirilib.

Yenicag.az Qaçqınkomun haqsızlığına məruz qalan daha belə bir vətəndaşın şikayətini sizə təqdim edir:

Novruzov Əvəz Adil oğlu Laçın rayonu işğal edildikdən sonra ailəsi ilə birlikdə Sumqayt şəhər Sarıqaya Şəfəq pansionatında məskunlaşıblar.

Ötən il bir neçə dəfə pansionatda yaşayan sakinləri qeydiyyata alıblar, sonucu dəfə siyahıya alınma zamanı Əvəz Novruzov evdə olmayıb:

“Müşfiq qəsəbəsində yanacaqdoldurma məntəqəsində operator işləyirəm. Evdən mənə zəng elədilər ki, evləri siyahıya alırlar. Evə gəlib, sənədləri götürüb Qaçqınkomun nümayəndələrinə sənədləri göstərdim. Mənə dedilər ki, artıq siyahıya almışıq. Dedim ki, mən burada yaşayıram, binada yaşayan hamı bilir ki, 25 ildir burada məskunlaşmışam, nə qədər sənəd göstərsəm də, mənim ailəmi siyahıya almadılar”.

Qaçqınkomun nümayəndələri daha sonra Laçın rayonundan olan məcburi köçkünü hədələyiblər:

“Qaçqınkomun nümayəndə heyətindən bir nəfər mənə dedi ki, çox danışma, yoxsa, qardaşını və ananı siyahıdan silərik, onlara da ev düşməz. Mən də ehtiyat edib, etirazlarımı dayandırdım. O zamankı Qaçqınkom sədri bildirdi ki, Masazırdakı binalardan birinə burada yaşayan vətəndaşlar köçürüləcək. Köçürülmə zamanı anama və qardaşıma ev verdilər. Evsiz olduğum üçün qardaşımın evinə sığındım. Masazırdakı evə gələndə gördüm ki, tanımadığımız adamlar, qaçqın olmayan ailələr buraya köçürülüb. Bunu görəndən sonra Qaçqınkoma müraciət etdim ki, necə olur, mən qaçqın ola-ola, orada 25 il yaşaya-yaşaya mənə yox, “yerli” adamlara ev verilir?”.

Əvəz Novruzov köçürülmədən bir müddət əvvəl Sumqayıt şəhər Sarıqaya Şəfəq pansionatında yaşamağı ilə bağlı yaşayış yerindən arayış aldığını deyib. Onun sözlərinə görə həmin sənəddə Qaçqınkomun da möhürü olub:

“Evdə sənədləri axtaranda 2009-cu ildə həmin pansionatda yaşadığımı göstərən arayış tapdım. Hamısını aparıb Qaçqınkoma təqdim etdim, ancaq sənədlərə baxan olmadı. Əgər mən orada yaşamırdımsa, mənə o arayışı Qaçqınkom niyə verirdi? 2018-ci il, aprelin 11-də prezident seçkiləri üçün bildiriş gəlmişdi, o bildirişdə də, bu ünvanda yaşadığım qeyd olunub. Seçkilərdə də həyat yoldaşımla orada səs vermişik. Bütün sənədlərim orada qaldığımı təsdiq edir. Bundan əlavə qaz, işıq, su sayğacı olmadığı üçün çörək pulu 20 manat ödənilirdi. Orada yaşayan vətəndaşlar köçürüləndən sonra onların çörəkpulusu sayğacları olduğu üçün 36 manat oldu, ancaq hazırda mənim və yoldaşımın çörəkpulu 20 manat olaraq qalır. Əgər mən orada qalmırdımsa, niyə mənim çörəkpulum sayğacları olan qaçqınlar kimi 36 manat yox, 20 manat idi?”

 

 Qaçqınkom adına daha bir özbaşınalıq... - "Çox danışma, yoxsa..."

 

 

Paylaş