Ötən il prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9 777-i tam təmin olunub.
Korrupsiya.az-ın məlumatına görə, bunu Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib. Kollegiya iclasında Prezident cənab İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə həyata keçirilən mütərəqqi tədbirləri qeyd edən Baş prokuror Kamran Əliyev 2002-ci ildən başlayaraq keçirilən 21 müsabiqə əsasında işə qəbul edilən hüquqşünasların hazırda prokurorluq işçilərinin 70 faizini təşkil etdiyini, həmin işçilərin bir çoxunun ötən il ərzində Baş Prokurorluğun idarə rəisi, rayon və şəhər, ərazi hərbi prokuroru vəzifələrinə təyin olunmalarını diqqətə çatdırıb.
Kollegiya iclasında Baş Prokurorluqda yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən hesabat dövründə müsbət iş göstəricilərinə nail olunduğu, bu sahədə prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq işlərin səmərəliliyinin artırılmasının vacibliyi qeyd edib.
Bildirilib ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, 2020-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmış, müraciətlərin obyektiv araşdırılmaqla şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir. Prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9777-nin tam, 708-nin isə qismən təmin olunması vətəndaş məmnunluğunun təmin olunması üzrə həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir.
Kollegiya iclasında qeyd edilib ki, hesabat dövründə öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-i prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilmişdir.
Ötən müddət ərzində Baş Prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə məsələlərinin xüsusi əhəmiyyəti nəzərə alınmaqla Mətbuat xidmətinin işi daha da təkmilləşdirilmiş, verilən informasiyanın daha çox oxucu kütləsinə çatdırılmasının təmin edilməsi məqsədi ilə qurumun sosial şəbəkələrdə rəsmi səhifələri açılmış, həmçinin Baş Prokurorluğun yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilmişdir.
Kollegiya iclasında fəaliyyətdə səmərəliliyin artırılması, işğaldan azad edilmiş rayonların prokurorluqlarının peşəkar kadrlarla komplektləşdirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və əlil olmuş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının hər bir müraciətinə xüsusi diqqət və həssaslıqla yanaşılması, artım tendensiyası müşahidə edilən cinayətlərin qarşısının alınması, bağlı qalan bütün cinayətlər üzrə təqsirli şəxslərin müəyyən edilməsi, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət və prosessual rəhbərliyin keyfiyyətinin artırılması və digər istiqamətlərdə konkret tapşırıqlar verilib.
Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov, Gəncə şəhər prokuroru Azad Qarayev, Füzuli rayon prokuroru Elnur Rüstəmov və Qazax rayon prokuroru Rauf Gözəlov hesabat dövündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair mövzuda çıxışlar etmiş, müzakirələrlə bağlı fikir mübadiləsi aparılıb.
Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Paylaş