Azərbaycanda hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan “Dogruxeber.com” informasiya agentliyinin baş redaktoru İlham Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, İlham Həsənov tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək qərarına gələrək bu məqsədlə 25 iyul 2019-cu il tarixdə saat 08 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən “Muğan KİTT Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt istehsalı zavodunun ərazisinə gələrək orada özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi kimi təqdim edib.

O, zavodun işçilərinin yanında zavodun mexaniki Bəxtiyar Əsədova həmin müəssisənin düzgün işləmədiyini, borulardan qatı tüstü çıxdığını, bununla bağlı şəkillər çəkdiyini, çəkdiyi şəkilləri və topladığı sənədləri yuxarı orqanlara göndərəcəyini bildirib, onları rüsvay və ifşa edəcəyi ilə hədələyib.

İlham Həsənov bunu etməməsi müqabilində Bəxtiyar Əsədovdan pul tələb edərək ondan 50 manat məbləğində pulu alıb.

Bundan başqa, İlham Həsənov  təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını hədə-qorxu ilə tələb etmə qərarına gəlib. O, bu məqsədlə 8 avqust 2019-cu il tarixdə saat 08 radələrində Hacıqabul rayonu, Muğan qəsəbsəində yerləşən “Muğan KİTT Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt istehsalı zavodunun ərazisinə gəlib.

Orada özünü jurnalist kimi təqdim edərək çəkiliş aparıb, zavodun işçilərinin yanında zavodda nəzarətçi işləyən Mehdi Paşalıya həmin müəssisənin qanunsuz fəaliyyət göstərdiyini, borulardan qatı tüstü çıxdığını, bununla bağlı çəkdiyi şəkilləri, zavodun mənafeyinə xələl gətirən və qanunsuz fəaliyyətini ifşa edən məlumatları yayacağı ilə hədələyib.

Bunu etməməsi müqabilində Mehdi Paşalıdan 1000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.

İstintaq orqanı tərəfindən İlham Həsənovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Həsənov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İlham Həsənov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Bu şikayətə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.

Apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

İlham Həsənovun cəzası 2 il 6 aya endirilib.
Demokrat.az

Paylaş