Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun fəaliyyətə başlamasından 6 ay vaxt keçir.
Bu müddət ərzində o, fəaliyyətilə özünü doğrulda bildimi?
Mövzu ilə bağlı Sfera.az-a danışan hərbçi ekspert İbrahim Rüstəmlinin fikrincə, R. Muradov 6 aylıq fəaliyyəti dövründə sülhməramlı missiyanın rəhbəri kimi təcrübəsiz olduğunu ortaya qoydu: “Onun sülhməramlı missiyadakı fəaliyyəti kifayət qədər təzadlıdır. İlk günlərdən gördük ki, Rüstəm Muradov sülhməramlı missiyanın xarakteri, əhəmiyyəti, rolu kimi məsələlərdə kifayət qədər təcrübəsizdir”.
Həmsöhbətimizə görə, Muradov ötən müddət ərzində öz tərəfsizliyini göstərə bilmədi: “Bu şəxs daha çox ermənilərin tərəfindən çıxış edib. Azərbaycan Ermənistanın təcavüzünə məruz qalaraq, zərər çəkmiş tərəf idi. Ermənistan isə burada təcavüzkar rolunda çıxış edib. Muradov isə bu fərqə də diqqət yetirməyərək, fəaliyyəti dövründə “qızıl orta”nı tapa bilmədi. O, Ermənistan və Azərbaycan tarixilə bağlı konkret bilgiyə malik deyil. Bütün bunlara görə düşünürəm ki, Rüstəm Muradov geri çağırılmalıdır. Onun yerinə Rusiya hər iki tərəfi qane edəcək başqa birini gətirməlidir”. 
Sülhməramlı komandirin fəaliyyətini dəyərləndirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, R. Muradovun fəaliyyətində xüsusi mənfi rezonans doğuracaq hal olmasa da, xeyli açıq suallar var: “Altı aydır ki, Rusiya sülhməramlıları Qarabağda öz funksiyalarını icra edir. Bu müddət ərzində bir çox hallarda sülhməramlılar üzərlərinə düşən missiya çərçivəsindən kənara çıxan fəaliyyətdə bulundular. Sülhməramlıların humanitar missiya ilə məşğul olmaları məlum sənəddə öz əksini tapmayıb. Azərbaycan Prezidenti də bu məsələyə toxunaraq qeyd edib ki, humanizm prinsiplərinə üstünlük verərək, buna bir qədər göz yumulur. Amma əsas odur ki, sülhməramlı qüvvələr öz üzərlərinə düşən konkret missiyanı həyata keçirsin, yəni regionda sülhün bəqqərar olmasına töhfə versinlər. Bu nöqteyi-nəzərdən sülhməramlıların rəhbəri general Muradovun üzərinə böyük məsuliyyət düşür”.

Deputat düşünür ki, general prinsip etibarı ilə üzərinə qoyulan missiyanın öhdəsindən gəlib: “Amma ayrı-ayrı hallarda müəyyən nöqsan və çatışmamazlıqlara da yol veriblər. Rusiya sülhməramlıları Ermənistan ərazisindən, Laçın dəhlizi vasitəsilə erməni hərbçilərinin mülki geyimdə Qarabağa gəlişinə, habelə Azərbaycanın icazəsi olmadan ora xarici vətəndaşların gəlişinə də göz yumublar. Amma artıq tutduğumuz iradlar öz nəticəsini verir. Sülhməramlı qüvvələrin komandirinin fəaliyyətində artıq bir qədər daha dürüst davranış özünü göstərir”.

Paylaş