Dünya bazarında neftin qiyməti bir qədər aşağı düşməyə başlayanda və ya banklarda dollar satışı ilə bağlı müəyyən maneələr, psixoloji məqamlar ortaya çıxanda manatın məzənnəsi məsələsi əsas iqtisadi mövzulardan birinə çevrilir.
Bunu Korrupsiya.az a açıqlamasında iqtisadçı deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, Mərkəzi Bank bu istiqamətdə olan mülahizələrə belə cavab verir ki, devalvasiya üçün zəmin yoxdur:
“İnanan-inanır, inanmayanlar isə inanmamaqda davam edir. İnsanlar dollar almağa çalışırlar və dollara tələbat artır. Devalvasiya bir sıra amillərlə şərtlənir. Tədiyyə balansının vəziyyəti, valyuta ehtiyatları, kapital axını, ölkənin xarici ticarət siyasətinin yönümü, aktivlik dərəcəsi və eksport imkanları,psixoloji xarakterli amillər və s. Əgər, Azərbaycanın milli valyutası sərbəst üzən məzənnə rejimi şəraitində fəaliyyət göstərsəydi, onda digər ölkələrdə olduğu kimi, Azərbaycanda da devalvasiyaya təsir və əks təsir edən amilləri,tələb-təklifi müqayisəli təhlil edib proqnozlaşdırmaq olardı ki, sabah, bu ayın axırına, ilin birinci rübünə,birinci yarısına və ümumiyyıtlə 2022-ci ildə həmin qəbildən olan amillərin təsir və təzyiqindən asılı olaraq manatın məzənnəsi necə olacaq. Amma 2015-ci ilin dekabrında manatın üzən məzənnə rejiminə keçdiyi elan edilsə də, 2016-cı ildə qəbul edilən Strateji Yol Xəritəsində vacib hədəflərdən biri kimi önə çəkilsə də, hələlik bu proses başa çatmadığından, bu cür proqnozlar vermək mümkün deyil”.Deputat bildirib ki, manatın məzənnəsi dünya bazarında neftin qiymətindən və bunun da tədiyyə balansına təsir dərəcəsindən asılıdır:
“Hazırda dünya neft bazarında xam neftin qiyməti 80-90 dollar intervalındadır. Bu ilin yanvar ayının 20-nə olan məlumata görə,“Azeri Light” markalı neftin bir barelinin qiyməti 92 dolların üstündə olub. Sonuncu dəfə Azərbaycan neftinin bir barelinin qiyməti 2014-cü il oktyabrın 9-da həmin səviyyədə olub. Bu da 2022-ci ilin dövlət büdcəsinin əsasına qoyulmuş proqnoz rəqəmindən, yəni, 50 dollardan 1,8 dəfə və ya 42 dollar yüksəkdir. Yüksək neft qiymətlərinin uzunmüddətli olması ehtimalı az olsa da, beynəlxalq maliyyə təşkilatlarının və digər qurumların qənaətinə görə, qeyri-adi heç nə baş varməsə, 2022-ci ildə dünya bazarında neftin ortalama qiyməti bütün variantlarda Azərbaycan büdcəsində nəzərdə tutulan səviyyədən yüksək olacaq. İlboyu 65 və 90 dollar arasında qiymət dəyişkənliyi üçün imkanlar olacaq, lakin təxminən 80 dollarlıq orta qiymət proqnozlaşdırılır. Bu rəqəm neftin qiymətinin Azərbaycan üçün kritik həddin başlanğıcı hesab olunan 40 dollardan 2 dəfə yüksək olduğundan, devalvasiya ehtimalı yoxdur.Çünki belə şəraitdə tədiyyə balansı müsbət saldoludur.2021-ci ilin 11 ayının nəticələrinə görə,ixracımız idxaldan 2 dəfə çox olmaqla xarici ticarət balansında 10 milyard dollara yaxın müsbət saldo yaranıb. Neftin qiymətinin gözlənildiyindən yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları,eləcə də Mərkəzi Bankın valyuta ehtiyatları artıb. 2022-ci il yanvarın 1-ə Dövlət Neft Fondunun aktivləri 2021-ci ilin əvvəlinə nisbətən 3,35 faiz artaraq 45 milyard 25 milyon ABŞ dollarına bərabər olub.Mərkəzi Bankın valyuta ehtiyatları isə 7 milyard dolları ötüb. 2022-ci ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər 12,7 milyard manat nəzərdə tutulub ki, bu da 7,5 milyard dollara yaxın bir vəsaitdir. Bu konteksdə valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində mühüm rol oynayır. Ötən ilin dövlət büdcəsinin kəsiri 1 faiz ətrafında olub. Bu il üçün büdcədə 3,5 faizlik kəsir nəzərdə tutulsa da, böyük ehtimalla ilin sonuna bu rəqəm əhəmiyyətli dərəcədə aşağı olacaq”.Ə.Məsimli qeyd edib ki, 2022-ci il ərzində geopolitik müstəvidə, qlobal iqtisadiyyatda, pandemiya və s. sahələrdə indidən proqnozlaşdırılması mümkün olmayan qeyri-adi nəsə baş verməsə, Azərbaycanda makroiqtisadi göstəricilərin sabitlik dərəcəsinə, tədiyyə balansı profisitli olmasına əsaslanaraq demək olar ki, hazırda devalvasiya üçün real iqtisadi əsaslar və obyektiv səbəblər yoxdur:
“2015-ci ildə baş vermiş iki devalvasiya nəticəsində manat əvvəlcə həmin ilin 21 fevralında 34 faizə yaxın ucuzlaşaraq dollara nisbətdə 0,78 manatdan 1,05 manata, 21 dekabrda isə 48 faizə yaxın ucuzlaşaraq 1,05 manatdan 1,55 manata enib. 2016-cı ildə manatın məzənnəsi 1,49-1.77 manat intervalında, 2017-cı ildə 1,70-1,92 manat intervalında dəyişib, 2018-ci ildə isə manat 2015-ci ilin 20 fevralına nisbətən 2 dəfə ucuzlaşaraq hazırkı 1,70 manat göstəricisi ətrafında qərarlaşmağa başlayıb. Hazırkı məzənnə siyasəti ilə manatı bundan sonra da uzun illər 1 dollar=1,7 manat səviyyəsində saxlamaq mümkünsüzdür və gec-tez sərbəst üzən məzənnə rejiminə keçiriləcək. Amma məsələ bundadır ki, hazırkı iqtisadi şəraitdə, eləcə də məzənnə siyasətinin davamı kimi manatın sərbəst üzən məzənnəyə keçidinin ilkin şərtləri yoxdur. Əgər 2017-ci ildə dövlət büdcəsində Neft Fondundan transfertlərin payı 37 faiz idisə, bu il 47 faizdən çox nəzərdə tutulub. Ümumiyyətlə isə dövlət büdcəsinin gəlirlərinin 55 faizə qədəri birbaşa neft amili ilə bağlıdır. Ötən il xarici ticarətdə qeyri-neft sektorunun eksportu 44 fazidən çox artaraq ilk dəfə olaraq 2,6 milyard dollara, onun ölkənin ümumi eksportundakı payı isə 12 faizə çatsa da, hələ də neft ixracının dəyər göstəriciləri qeyri-neft ixracından 7,6 dəfə böyükdür”.Milli Məclisin üzvü qeyd edib ki, hazırda devalvasiya üçün real iqtisadi əsaslar və sərbəst üzən məzənnəyə keçilməsi üçün lazımı şərtlər mövcud olmasa da, çox güman ki, növbəti illərdə istər-istəməz manatın sərbəst üzən məzənnəyə keçməsi ilə bağlı müəyyən qərarların verilməsi gündəmə gələcək:
“Azərbaycanda hazırkı məzənnə siyasətinin məntiqi nəticəsi bundan ibarətdir ki, maliyyə sektoronda durum kritik həddə çatanda, devalvasiyaya gediləcək. Neftin qiyməti 40 dollar ətrafına düşüb, bundan da aşağıya doğru azalmağa meyl götürsə, belə bir aşağı qiymət xeyli müddət davam etsə, onda makroiqtisadi vəziyyət də, tədiyyə balansındakı durum da pisləşəcək və devalvasiya qaçılmaz olacaq. Manatın məzənnəsi ilə bağlı rəsmi qərarı manat üçün hansı risklərin formalaşmasından və onun təzyiq dərəcəsindən asılı olaraq qəbul edilən siyasi qərar əsasında Mərkəzi Bank verir. Kabinetlərdə həll olunan məsələləri isə proqnozlaşdırmaq mümkünsüzdür”.