Bu yaxınlarda Ombudsmanın Milli Məclisə təqdim etdiyi hesabatda cəzaçəkmə müəssisələri ilə bağlı bir sıra təkliflər yer alıb. Hesabatda təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.

Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.

Qeyd edək ki, Azərbaycanda bir neçə növ cəzaçəkmə müəssisəsi var.  Azərbaycanda mövcud olan cəzaçəkmə müəssisələrini araçdırıb.

 

Ümumi rejimli cəzaçəkmə müəssisələri

Ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər.

Qanunvericiliyə görə, bu tipli müəssisələrdə 1250 nəfər saxlanılmalıdır. Burada ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş kişilər ilk dəfə ağır cinayətlərə görə məhkum olunmuş və ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş kişilərdən ayrı saxlanılırlar.

Bu tipli cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslar ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər,  il ərzində qısa müddətli qırx səkkiz görüş və uzun müddətli dörd görüş almaq, qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər.

 

Ciddi rejimli cəzaçəkmə müəssisələri

Ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı, yəni əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər və cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş qadınlar cəza çəkirlər.

Bu cəzaçəkmə müəssisələrində də maksimum 1250 nəfər saxlanılmalıdır. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər. Burada saxlanılan məhbuslar il ərzində qısa müddətli on iki görüş və uzun müddətli iki görüş almaq, on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər. Bir müddər sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər.

Xüsusi rejimli cəzaçəkmə müəssisələri

Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunmuş kişilər cəza çəkirlər.

Buraya cəza çəkməyə göndərilmiş məhkumlar kamera tipli otaqlarda saxlanılırlar. Məhkumlar bu müvafiq qaydada kamera tipli otaqlardan adi yaşayış binalarına keçirilə bilərlər. Bu tipli müəssisələrdə maksimum 400 nəfər saxlanıla bilər.

Paylaş