Bir az öncə çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içən, qəlyan çəkən yerdə… Həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə “ata-analar öz övladlarını necə bədbəxt edirlər” deyə, danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır”.
Modern.az xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayeva bildirib.
O deyib ki, 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazana bilməyəcəyi məbləğlə maşın alıb, məktəbə göndərən atadır. 24 yaşlı gənc ananın ölümündə də günahkar həmin atadır.
“Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir. Bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə öncə suçlu olan ailədir”.
Qənirə Paşayeva məsələ ilə bağlı yol polisindən də cavab istəyib:
“Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, ictimaiyyət bunu bilməlidir”.
Qənirə Paşayeva deyib ki, bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək.
“Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təssüf, qınaq və hiddət hissi ilə… Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə, heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir.
Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin. Və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınızı, onların tərbiyəsini.
Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozalar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır. Tam əksi, nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o “uşaq” bir ömür vicdan əzabı cəzası çəkəcəklər.
Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur”.
İki gün öncə Bakıda “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 24 yaşlı Xəyalə Məmmədova vurularaq, öldürüb.
Məlum olub ki, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəli Fərəcovdur.
F.Fərəcov hadisə ilə bağlı mətbuata danışıb. O, bildirib ki, hazırda araşdırma aparılır:
“Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.
Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, “14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?…”-deyə qeyd edib.