Məşhur azərbaycanlı oliqarx, “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyevin Azərbaycandakı biznesi qürub çağını yaşamaqdadır

Hələ 2015-ci ildə həbs xəbəri yayılmış biznesmen fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunurdu. O da Hacı İbrahim Nehrəmli və başqa iş adamları kimi “Beynəlxalq Bank” işində cəncələ keçmişdi.

Ancaq kredit qalmaqalı ilə bağlı saxlanılan N.Piriyev az sonra azad edilmişdi. İndisə onun Bakıdakı biznes “imperiyası” çökməkdədir.

BakiPost.az-ın əldə etdiyi xəbərə görə, oliqarxa məxsus brilliant mağazası fəaliyyətini dayandırıb.

“PNN Group”un tərəfdaşlarından olan məşhur “De Beers” zinət əşyaları brendinin Neftçilər prospekti 47 ünvanında yerləşən mağazası artıq bağlanıb.

Şirkətin 2013-cü ildən Bakıda satışını həyata keçirdiyi dəbdəbəli brilliant brendi ilə müqaviləni dayandırdığı bildirilir. Bunun səbəbi kimi iqtisadi böhranın vurduğu zərbə və N.Piriyevin zərərlə işləməsi göstərilir.

Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı

Ümumiyyətlə, manatın devalvasiyasından sonra Bakının mərkəzində bir sıra brend mağazalar, butiklər işini dayandırmalı olmuşdu. Ancaq N.Piriyevin Bakıda fəaliyyəti dayanan ilk obyekti deyil.

İş adamının bir müddət əvvəl açdığı “Port Baku Mall”da yerləşən dünyaca tanınmış “WH Smith book-café” fəaliyyətini ötən il dayandırıb.

“De Beers” brendi isə Bakıda 2013-cü ilin fevral ayından fəaliyyət göstərirdi. Mağazanın işləri ilə əsasən “PNN Group”un digər ortağı, Nizami Piriyevin oğlu Nəsib Piriyev məşğul olurdu.

Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı

“PNN Group”un əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers”lə yanaşı, “Hamley’s” brendinin də tərəfdaşıdır.

Ötən il isə mətbuatda 2015-ci ilin əvvəlindən bəri fəaliyyətini dayandıran və N.Piriyevə məxsus “Metanol” zavodunun SOCAR-a satıldığı ilə bağlı xəbərlər yayılmışdı.

Zavodun satılmasına səbəb kimi isə külli miqdarda borcunun olması göstərilirdi. Məlumatlarda qeyd olunurdu ki, N.Piriyevin zavodun inşasına 450 milyon dollar xərclədiyi barədə məlumatlar var. Zavodun inşasına 120 milyon dollar Avropa Yenidənqurma və İnkişaf Bankı kredit verib. Geridə qalan kredit isə Beynəlxalq Bank tərəfindən ayrılıb. Hazırda zavodun kredit borclarının 850 milyon dollara qədər şişməsi barədə məlumatlar var.

Havaya buraxılan karbon qazını azaltmağa xidmət edən Metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələrindən biridir.

Onu da deyək ki, Nizami Nəsib oğlu Piriyev 1958-ci ildə Gəncədə anadan olub. 1992-2002-ci illərdə “PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti kimi fəaliyyət göstərən Piriyev sonradan Rusiyanın «StroyTransGasOil» neft-qaz şirkətinin baş direktoru olub.

2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.

Nizami Piriyevin adı Azərbaycan oxucularına daha çox 2009-cu ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfər edən zaman tanış oldu.

Bleyri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmış, həmçinin şirkətlə bağlı tədbirdə iştirak etmişdi. O zaman bildirilirdi ki, bunun üçün şirkət Toni Bleyerə 200 min funt-sterlinq qonorar ödəyib.

Ümumilikdə Piriyevlər ailəsinin orta Asiyada – Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları Özbəkistanda ayaqqabı istehsalı biznesi var.

AzMeConun internet saytı yazır ki, Nizami və Nəsib Piriyevlərin Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən media holdinqi var.

Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil.

Lakin bu qədər sərvəti olan oliqarxın Bakıda mağazalarının bağlanması müəmmalıdır.

Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı
Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı

Paylaş