2016-cı ildə xarici ölkələrdə fəaliyyət göstərən 73 diplomatik nümayənbdəlik və konsulluğun saxlanılmasına 98 milyon manat vəsait yönləndirilib
bu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.
Belə ki, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün 15,6 milyon manat məbləğində vəsait istifadə olunub.
Bunun 8 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə gedib.
7,6 milyon manatı isə beynəlxalq və ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərə (Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” və Şəki şəhərinin 2016-cı il Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlərin, BMT-nin Sivilliszasiyalar Alyansının 7-ci Qlobal Forumunun, IV Qlobal Açıq Cəmiyyətlər Forumunun, Dünya Azərbaycanlılarının IV Qurultayının və s) ayrılıb.
Bu fakt yenidən bəzi səfirlik və konsulluqların bağlanması təklifini aktuallaşdırır. Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir. Öncə müəyyən etməliyik ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır?
Deputat Səməd Seyidov da bildirmişdi ki, bu səfirlik, konsulluq, nümayəndəliklərin içərisində səmərəlilik məsələsi müzakirə olunmalıdır:
“Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir.
Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır. Amma səfirliklərin sayı artırılmır.
Hesab edirəm ki, post-neft siyasətinə keçid yalnız, iqtisadi modelə aid olmamalıdır, bu, o cümlədən xarici əlaqələrə də aid olmalıdır.
Biz bu istiqamətdə təhlillər aparmalıyıq. Bu təhlil səfirliklərin, konsulluqların, nümayəndəliklərin fəaliyyəti və onlara ayrılan vəsait üzərində olmalıdır”.
98 milyon məsrəf deputatın təklifinin reallaşması üçün yeni informasiya ola bilər.
Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində ixtisarlar aparıla bilər. Söhbət əsasən səfirliklərin və digər diplomatik nümayəndəliklərin sayının azaldılmasından gedir
Bu günlərdə Milli Məclisdə səslənən təkliflər də səfirliklərin və konsulluqların birləşdirlməsi istiqamətində addımların atılacağını istisna etmir.
Daxil olan məlumata görə, ölkə rəhbərliyi tərəfindən XİN qarşısında belə öhdəlik qoyulacağı gözlənilir. Dövlət büdcəsinə qənaət və devalvasiyadan irəli gələn ixtisarlar diplomatik korpusa da siraət etməkdədir.
Xatırladaq ki, 2017-ci ilin dövlət büdcəsindən Azərbaycanın Xarici İşlər Nazirliyinə 9 963 208 manat vəsaitin ayrılması nəzərdə tutulur.
Daxil olan məlumata görə, bu rəqəm 2016-cı ildə 11 607 589 manat təşkil edib. Bu il üçün nəzərdə tutulan vəsait 2016-cı il ilə müqayisədə 1 644 381 azdır.
Ona görə də dövlət xərclərini azaltmaq üçün hökumət görünür, Xarici İşlər Nazirliyi sisteminin strukturunda dəyişiklik etmək qərarına gəlib.
Büdcəyə qənaət məqsədilə ləğv ediləcək qurumlar az deyil. Hələ ötən ilki devalvasiyadan sonra büdcə xərclərinin azaldılmasına nail olmaq üçün hökumətdə struktur islahatlarının həyata keçirilməsi təklif olunmuşdu. Bu sırada bəzi nazirliklərin, komitələrin birləşdirilməsi yer alırdı.ulus.az