Son vaxtlar məmləkətimizdə əcnəbi vətəndaşların müəyyən adlar adı altında bəzi azərbaycanlıları aldatmaları, onları minbir oyun qaydalarına salmaları və son anda da məsuliyyətdən kənarda qalmaları da problem olaraq qalmaqdadır. Xoşagəlməz hal o olur ki, Azərbaycan qanunlarına gözucu baxan, yerli sakinlərin Konstitusiya ilə qorunan hüquqlarını tapdaqlar altına atan, daha dəqiq desək dələduzluq və digər qanunsuzluq əməllərinə qol qoymaqla müxtəlif cildə girən əcnəbilərin maraqları, çox zaman yerli vəzifə sahibi olan bəzi şəxslər tərəfindən hansısa maraqlar çərçivəsində qorunur. Belə bir halın varlığı çox zaman narazılıq hissinin “pik nöqtə”yə çatmasına, yerli sakinlərin hakimiyyətə qarşı bəslədikləri ümidlərin heçə enməsinə də səbəb olur. Məsələn, bir-iki gün bundan öncə “Gündəm Xəbər”in redaksiyasına üz tutan və 2014-cü ildən olmazın oyuna salınan Qubadlı rayon sakini Əliyev Baxşəli Əli oğlu, redaksiyamıza ünvanladığı müraciətində qeyd edir ki, “mən canımı, qanımı Vətənimizin ağır günlərində onun ərazi bütövlüyü uğrunda sipər edənlərdən biri olmuşam və belə bir səbəb üzündən də, bu gün Qarabağ müharibəsi əliliyəm. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr-n S.S.Axundov küçəsi-1, mən-77 ünvanda yaşayıram. Həmişə amalım dövlətimizə xidmət etməyə, dövlətçiliyimizin qorunmasına və gücləndirilməsinə yönəlib. Çünki, bu mənim əsas qayəm, başlıca istəyim olub. Həmişə düşünmüşəm ki, hər bir azərbaycanlı dövlətimizin yaşadılmasına çalışmalı, hər kəs özünü müstəqil dövlətimizin müstəqil vətəndaşı hesab etməlidir. Amma, bugünkü gündə mən özümü müstəqil dövlətimizin müstəqil vətəndaşı deyil, haqq-hüququ tapdaqlar altına atılan vətəndaşı hesab edirəm. Bunu da zəruri edən bir çox səbəblər var.
Əvvəla onu qeyd edim ki, əslən İran İslam Respublikasının vətəndaşı olan və Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Moenifard Seyedmohammed Mirvaliyulla adlı şəxs mənim və digər Qarabağ əlillərinin, Şəhid ailəsi üzvlərinin inam və etibarından sui-istifadə edərək, 2014-cü ilin noyabrında 80 (səksən min) dollar pulumuzu dələduzluq etmək yolu ilə ələ keçirsə də, bu gün də onun aldığı pulları tam şəkildə geri qaytara bilmirik. Adı çəkilən şəxs Bakı şəhərində fəaliyyət göstərən və “Təbriz Mehr” adı ilə tanınan “MEHR” MMC-nin təsisçisi və baş direktoru olduğundan, onunla aramızda əldə etdiyimiz razılaşmaya əsasən, o, hər ay rəhbərlik etdiyi klinikada əldə olunan qazancın 5%-ni bizə verməli idi. Bununla bağlı 22 noyabr və 26 noyabr 2014-cü il tarixlərdə notarial qaydada müqavilə bağlayıb 80 min dollar pulu ona versək də, Moenifard Seyedmohammed Mirvaliyulla son anda vədinə xilaf çıxdı və almış olduğu pulun nəinki gəlirini, hətta özünü belə qaytarmaqdan imtina etdi. Belə olan təqdirdə müxtəlif dövlət qurumlarına ərizə və şikayətlərimizi ünvanladıq. Çox keçmədi ki, onunla bağlı Bakı şəhər Prokurorluğunda AR CM-nin 178.2.3 maddəsi ilə ilə cinayət işi qaldırıldı və istintaq işinin davam aparılması Nəsimi RPİ-nə həvalə olundu. Adı çəkilən qurumda başlanmış 160206023 saylı cinayət işi həmin idarənin müstəntiqi, polis kapitanı Kamran Əliyevə verildi. Düzdür, istintaqı aparan müstəntiq 01 avqust 2016-cı il tarixdə Moenifardın 48 saat müddətinə həbs olunması haqda qərar çıxartdı və toplanmış iş materiallarını 03 avqust 2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsinə göndərdi. Əsas tələb də, dələduzluq əməllərinə qol qoymuş Moenifardla bağlı dörd aylıq həbs qətiimkan tədbirinin seçilməsi qeyd olunur. Diqqəti cəlb edən hal o oldu ki, adı çəkilən şəxslə bağlı toplanmış iş materialları 03 avqust 2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsinə göndərilsə də, dələduzluq əməlinə qol qoymuş şəxs isə, həmin gün saat 20:00-da Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun qərarı ilə həbsdən azad olunur.
Biz 03 avqust 2016-cı il tarixdə saat 15:15 radələrində Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarova zəng edib Moenifardın Qarabağ əlillərini, şəhid ailələrinin üzvlərini aldatması haqda məlumat verdik və lazımi köməklik göstərilməsini də ondan xahiş etdik. O, başlanmış cinayət işi ilə bağlı məlumatlı olduğunu bildirdi və son anda bizə köməklik göstərməkdən də imtina etdi. Təəccüb doğuran hal o oldu ki, 03 avqust 2016-cı il tarixdə axşamçağı saat təqribən 18:00-da Nəsimi rayon Məhkəməsinə daxil olan cinayət işinin materialları ilə, məhkəmənin sədri həmin gün saat 15:15-də necə məlumatlı olur? Çox keçməmiş bizə o da məlum oldu ki, məhkəmənin sədri Ağamalı Qafarov Məhkəmələr haqqında Qanunun tələblərini kobud surətdə pozmuş və Moenifardın yaxın çevrəsi ilə əlaqəyə girərək, dələduzluq etmiş şəxsin 5 min manat “haqq-hesab”ın müqabilində azad olunması üçün, məhkəmənin hakimi Babək Pənahova müvafiq tapşırığını verir. Hakim Babək Pənahov da rəhbərliyindən almış olduğu tapşırığı əsas tutaraq Moenifardı azad edir və bununla da Qarabağ əlillərinin və şəhid ailəsi üzvlərinin haqq və hüquqlarını tapdaqlar altına atmış oldu.
Mərhum prezident Heydər Əliyev vaxtilə demişdir: “Dövlət o zaman dağılar ki, günahı olana bəraət, günahsıza isə cəza verilsin”. Belə bir kəlam vaxtilə Ulu Öndər tərəfindən səslənsə də, nədənsə hakim Babək Pənahov ən azından ulu öndərin səsləndirdiyi kəlama əhəmiyyət vermir və belə bir addımını da atır. Elə ki, Ağamalı Qafarovun aldığı 5 min manat haqda lazımi məlumatı əldə etdik, dərhal Nəsimi rayon Məhkəməsinə getdik və məhkəmə əməkdaşlarının eşidəcəyi tərzdə “Moenifarddan aldığınız 5 min manatı qaytarın, əvəzində 6 min manat verərik” deyərək ucadan qışqırıb məhkəmə sədrindən bizi qəbul etməsini istədik. Çox təəssüf hissi ilə qeyd edim ki, məhkəmənin sədri bizi qəbul etmədi və Qarabağ əlilinin, şəhid ailələrinin hüquqlarını 5 min manata qurban verdi. Belə olan halda biz səhəri gün çıxarılmış məhkəmə qərarını əldə etmək üçün məhkəmə getsək də, çıxarılmış qərarı bizə vermədilər. Yalnız müstəntiqdə olan qərarın surətini əldə etməklə, apellyasiya şikayəti verib haqqımızı müdafiə etməyə çalışdıq. 08 avqust 2016-cı il tarixdə etdiyimiz şikayətlə bağlı 09 avqust 2016-cı il tarixdə apellyasiya baxışının keçirilməsi haqda xəbəri bizə çatdırdılar. Həmin vaxt bəlli oldu ki, işə adı çəkilən qurumun hakimi Rizvan Səfərov baxacaq. Biz ona köməklik göstərilməsi xahişini etdikdə onun cavabı o oldu ki, işə ədalətlə, qanunun tələbləri çərçivəsində baxılacaq və haqqınız lazımi səviyyədə qorunacaq deyə cavab versə də, son anda verilən vədlər boşa çıxdı. Apellyasiya baxışına az qalmış məlum oldu ki, Moenifardın təmasda olduğu şəxslər Ağamalı Qafarov vasitəsilə Rizvan Səfərova 2 min manat “haqq-hesab” çatdırmış və Nəsimi rayon Məhkəməsinin çıxarmış olduğu qərarın qüvvədə saxlanmasını da xahiş etmişdir. Bəli, son anda çıxarılmış qərar dəyişdirilmədən qüvvədə saxlandı və keçirilən məhkəmə prosesi zamanı hakim Rizvan Səfərovun dələduzluq əməllərinə qol qoymuş Moenifardı müdafiə etməsi tam sübut olundu. Bu cür qərar çıxarmaqla və təkrar qüvvədə saxlamaqla Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirib əlil olanların, şəhid ailələrinin haqqı-hüququ Ağamalı Qafarov, Babək Pənahov və Rizvan Səfərov tərəfindən tapdaqlar altına atıldı. O zaman bəlli oldu ki, bu cür amal sahibləri 5 minin, 2 minin müqabilində dələduzluq etmiş əcnəbini müdafiə etdilər, bizi isə getgələ saldılar. Ağamalı Qafarova və onun vasitəsilə Rizvan Səfərova üstüstə verilən 7 min manat pulun verilməsi, məhz məhkəmə prosesində Moenifardın dili ilə də təsdiqləndi. Çünki, o, bizə bildirdi ki, “əgər aldığım pulları qaytarmalı olsam, o halda verdiyim 7 mini çıxacağam” deməkdən də çəkinmədi”.
Hörmətli oxucular! Yaşanan belə bir olaylar olduqca düşündürücü məqamları ortaya çıxartdığından, mövzuya yenidən qayıdacağıq. Çünki, o hal heç cür qəbul ediləsi deyil ki, canını, qanını müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda qurban verən və bu yolda əlil olan, şəhidlik zirvəsinə ucalan bir kimsənin haqqı-hüququ 5 minə, 2 minə qurban verilsin. Araşdırmamız davam edəcək. Odur ki, bizi izləməyi unutmayın.teref.info