Övladını məktəbə göndərən valideynlərin dərdi süpürgə pulu, fond pulu,  keyfiyyətsiz tədris üzündən repetitorlara ödənilən pul və bu kimi problemlərlə  yekunlaşmır. Belə görünür ki, məktəblərdə mövcud olan və çoxlarının məhəl qoymadığı ən ciddi problemlərdən biri də partalardır.
Çünki mütəxəssislər təsdiq edirlər ki, şagirdin boyu, yaşı  nəzərə alınmadan hazırlanan partalar uşağın onurğasında kifoz və skaliozun əmələ gəlməsinə səbəb olur. Valideyn bir də onda ayılır ki, yöndəmsiz partalar övladının onurğasını əyib. Nəticədə valideyinin boğazından kəsib xəstəxanalara ödədiyi pullar hədər gedir, müalicə ilə qaməti düzəltmək bir çox hallarda mümkün olmur.
Artıq Səhiyyə Nazirliyi də beli əyri nəslin yetişməsindən narahatlığını bildirib. Mütəxəssislər etiraf edirlər ki, son 15 ildə az qala hər 10 uşaqdan birində skalioz müşahidə olunur.
Bəs standartlara uyğun hazırlanmayan, yöndəmsiz partalar orta məktəblərə necə yol tapıb?  Bəllidir ki, məktəbləri parta ilə təmin edən şirkətlər tendir yolu ilə seçilməlidir, yaxud formal da olsa bu, belədir.
Bu tenderlər nə dərəcədə şəffafdır və qalib kimi seçilən şirkətlərin orta məktəbələri təchiz etdiyi partaların standartlara uyğun olub-olmadığı araşdırılıbmı?  Ölkənin təhsil sahəsinə cavabdeh strukturları uşaqlarda son illərdə yayılan bu onurğa əyriliyi probleminin kökünün orta məktəb partalarına dair tenderlərin nəticələri ilə bağlılığını araşdırıbmı?

Cəmi iki şirkət var, onlar da sirrə bürünüb…

Virtualaz.org saytının məktəbli partaları ilə bağlı araşdırması zamanı bəlli olub ki, yalnız 2 müəssisəyə parta istehsalı üçün sertifikat verilib.  Amma bu müəssisələrin adı Təhsil Nazirliyinin rəsmi internet səhifəsində, eləcə də digər mənbələrdə qeyd edilməyib. Parta və oturacaqların ödənilməsinə ayrılan vəsaitin məbləği də az qala dövlət sirri kimi gizli saxlanılır. Virtualaz.org saytı müəyyənləşdirib ki, “Qardaşlar Mebel-3” MMC və “SRS-Company” MMC istehsal edilən məktəb partaları üçün  “AZSERTCENTER” MMC-dən sertifikat alıb. Amma məktəblərin tam əksəriyyəti sexlərdə hazırlanan, heç bir standart ölçülərinə cavab verməyən  partalarla doldurulub.

“Yöndəmsiz partalar kustar üsulla sexlərdə istehsal olunur”

Təhsil eksperti Kamran Əsədov deyir ki, məktəblərdə istifadə olunan dar, yöndəmsiz partalar hansısa zirzəmilərdə, yarımçıq tikililərdə qeyri-leqal fəaliyyət göstərən sexlərdə hazırlanır. “Parta və oturacaqlar istər ölçülərinə, dizayn və formalarına, istərsə də materialın keyfiyyətinə görə dünya standartlarına cavab vermir. Çünki sexlərdə hazırlanan partaların standartlara uyğun olub-olmadığı yoxlanılmır”, -Əsədov söyləyir.
Dünyada qəbul olunmuş standartlara görə məktəbli partaları 3 qrupa bölünməlidir: I-IV, V-IX, X-XI siniflərin hər biri üçün fərqli ölçüdə, fərqli dizaynda parta olmalıdır. İbtidai siniflər üçün partaların ümumi hündürlüyü 60 sm, oturacaqların oturaq hissəsi partanın ümumi ölçüsünün yarısı qədər olmalıdır. İbtidai siniflərdə  şagirdin yorulmaması üçün taxta materiallardan rəngarəng partaların hazırlanması tövsiyə edilir.
İbtidai siniflər üçün partaların hazırlanmasında dəmir materialından istifadə edilməsi qadağan olunub. Halbuki nəinki bölgələrdə, hətta Bakıətrafı kənd və qəsəbələrdə dəmir oturacaqlardan hələ də istifadə olunur.
K.Əsədov deyir ki, qış aylarında dəmir materiallarının bədənə soyuqluq verməsi, dəmirin paslanması nəticəsində müxtəlif xəstəliklərin yaranma ehtimalları nəzərə alınıb. Dəmir  zamanla əyilir, deformasiyaya uğrayır: “Yalnız Azərbaycanda məktəbli partaları, oturacaqlar, çantalarla bağlı ciddi laqeydlik görürük. Valideyn, hətta müəllimlər belə narahat partaların dərsin keyfiyyətinə ciddi təsir etdiyindən xəbərsizdir.  Məktəb direktorlarının əksəriyyəti məktəblərə öz gəlir mənbəyi kimi baxır, partaların keyfiyyəti ilə bağlı etirazını bildirmir”.

Azərbaycan təhsil sistemi xəstə kadr yetişdirir

Bunu da Kamran Əsədov söyləyir. Onun sözlərinə görə, orta məktəb şagirdlərinin 70 faizində skleroz müşahidə edilir. Bu da şagirdin boyunun partanın ölçüsünə uyğun gəlmədiyi ilə izah olunur. Partalar şagirdin boyuna hesablanmadığından uşağın fiziki inkişafına təsir edir. Partalar hazırlanarkən fiziki göstəricilər nəzərə alınmır. Nəticədə uşaq düzgün otura bilmir, qamətini əyməyə məcbur olur.
Həkim – travmatoloq Əbdül Məmmədov da ekspertlə eyni fikirdədir. Onun sözlərinə görə, məktəbli çantaları, düzgün oturmamaq onurğa problemlərinə səbəb olur.“Onurğanın deformasiyalarının sayı gündən-günə artır. Onurğanın  sağa-sola əyilməsi  skolioz adlandırılır.  Önə əyilirsə, ona kifoz deyilir. Skolioz böyüməkdə olan uşaqların xəstəliyidir. Skoliozun ağır forması olduqda qozbellik yaranır”.
Həkim onu da əlavə edir ki, uşağın əyləşdiyi parta, oturacaq yaşına, boyuna, bədən quruluşuna uyğun olmalıdır. “Uşaq qabağa əyilirsə, masa alçaqdırsa onurğasında müəyyən deformasiyalar, qozbellik baş verə bilər. Uşaq öz qamətinə fikir verməlidir. Təbii ki, müəllim və valideynlər də diqqətli olmalıdırlar. Son vaxtlar müraciətlərin artmasından da görünür ki, artıq yeni nəslin qamət problem var”.

18-22 manatlıq parta 70-90 manata sənədləşdirilir

K.Əsədov deyir ki, orta məktəblərin maddi texniki bazasının yenilənməsi üçün keçirilən tenderlər ictimaiyyət üçün açıq deyil: “Əslində maya dəyəri 18-22 manata başa gələn partalar 70-90 manata sənədləşdirilir.  Hansı ki, bu qiymətə xaricdən yüksək keyfiyyətlə hazırlanmış partalar gətirilə bilər”.

“Bütün partalarımız standartdır…”

“Qardaşlar Mebel-3” MMC-nin satış bölməsinin adını açıqlamaq istəməyən əməkdaşı deyib ki, bu ilə qədər məktəblərin müəyyən hissəsini  parta ilə onlar təmin ediblər. “Müəssisəmiz Təhsil Nazirliyinin keçirdiyi tenderdə qalib gəlib. Biz partaları nazirliyə təhvil vermişik, məktəblər arasında onlar bölüb. Mallarımız öz  fabrikimizdə istehsal olunur. Fərdi qaydada parta istəyənlər də olur”.

Qiymətlərə gəldikdə 65 manatdan 130 manatadək parta satılır. Lakin ölçülərlə bağlı sualımıza MMC əməkdaşı “bütün partaların ölçüsü standart olur”-deyə cavab verir.

“SRS-Company” MMC ilə bağlı məlumat isə çox azdır. Şirkət 2014-cü ilin sentyabr ayının 12-də dövlət qeydiyyatından keçib.  Elə həmin il 1 milyon 830 min 182 manat həcmində maliyyə əməliyyatlarında iştirak edib. Mətbuatda icra başçılarının da parta biznesi ilə məşğul olmasına dair xəbərlər yer alıb.

Partalar üçün standartlar əslində varmış…

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən virtualaz.org-a verilən məlumatda deyilir ki, məktəbli partaları və oturacaqlar üçün standartlar əslində müəyyənləşdirilib. Həmin standartlara nəzər salaq: oturacaq dərinliyi 240-300 mm, işçi masasının hündürlüyü  460-640, işçi masasının eni  450-500 mm, işçi masasının uzunluğu-1200 mm olmalıdır.

Masanın dəstəkləyici elementləri arasındakı məsafə (ayaq üçün yerin eni) tək yerlik partada 420 mm, iki  yerlik partada 1020 mm olmalıdır. Oturacağın hündürlüyü 260-380 mm, dərinliyi isə 240-300 mm olmalıdr. Istehlakçının tələbi ilə  təkyerlik 700 mm və iki yerlik 1300 mm uzunluğu olan masaların istehsalına icazə verilir. İki nəfərlik oturacaqların  arasında çanta yerləşdirmək üçün 450×270 mm-dən az olmayan bir platforma olmalıdır.

Mebel istehsalı üçün nəzərdə tutulan polimer və polimer tərkibli materialların  istifadəsinə icazə sənədləri mövcud olmalıdır. Bəs bu dövlət komitəsi həmin standartların orta məktəblərə verilən partlarda mövcud olub-olmadığını araşdırıbmı? Yoxsa elə standartları müəyyən etməklə işini yekunlaşdırıb?

Komitədən deyirlər ki, məktəbli partaları ilə bağlı onlara hansısa şikayət daxil olmayıb. Buna görə də araşdırma aparılmasına ehtiyac olmayıb.

Paylaş