Hakimiyyet.az-a “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev tərəfindən məktub daxil olub.Həmin yazını nəzərinizə çatdırırıq:

Xaçmazın dəniz quldurları

Xaçmazın Xəzər dənizi ilə yetmiş kilometrlik sərhəddi var. Mavi Xəzər bu əraziyə xüsusi gözəllik və füsunkarlıq verir. Rayona gələn turistlər, eləcə də yerli sakinlər təbiətin gözəl guşəsində rahat şəkildə dincəlirlər. Amma turizmdən bəhs etməyəcəyəm. Xaçmaz əhalisini narahat edən çox vacib bir məsələyə toxunacağam.

Bəli, xaçmazlılar mavi Xəzərdən mənəvi zövq alırlar. Dənizə tamaşa edirlər, çimirlər, əylənirlər. Məncə burada nöqtə qoymağın vaxtıdır. Bəs, bu mavi Xəzərin sərvətləri necə, xaçmazlılar onlardan istifadə edə bilirlərmi? Çox az. Ona görə belə deyirəm ki, yalnız imkanlı və bir qədər ortabab səviyyədə yaşayan adamlar balıq məhsulları ala bilirlər. Özü də hamısını yox. Təbii ki, söhbət nərə balığından, ağ balıqdan, qızıl balıqdan, qara kürüdən getmir. Həmin məhsullar bu insanlar üçün az qala əlçatmazdır. İndi kütüm adlanan ziyad balığı və siyənək balıqlarının da qiyməti üzüyuxarı gedir. Bu mövsümün əvvəlindən başlayaraq kütüm balığını kiloqramı 8-10 manata satırlar. Ədədlə isə bir balaca kütümün qiyməti 7 manatdır. Yaxşı, bu xaçmazlılar nə vaxtadək balıq məhsullarını tindən-bucaqdan və yaxud da bəzən heç kəsdən çəkinməyərək nümayişkaranə surətdə satış həyata keçirən alverçilərdən, maşınların baqajlarından alacaqlar? Nə üçün böyük bir rayonun mərkəzində ixtisaslaşmış balıq məhsulları mağazası yoxdur? Mən bu sualla bir neçə sahibkara müraciət etmişəm. Cavabları belə olub ki, monopolistlər bu sahəyə girişməyə imkan vermirlər. Ona görə də belə mağazanın açılmasında heç kəs maraqlı deyil və başlarını da ağrıtmaq istəmirlər. Birdə ki, dükanda satmaq üçün balığı haradan alsınlar? Məgər dünya özbaşınadır?… Beş Xəzəryanı ölkə indiyədək dənizi sektorlara bölüb qurtara bilməyiblər, hələ də danışıq aparırlar. Amma Xaçmazda isə yetmiş kilometr ərazi dəniz quldurları tərəfindən asanlıqla bölünüb. Heç kəs digərinin ərazisinə müdaxilə etmir. Məni ittiham edə bilərlər ki, quldur sözü kimi kobud ifadə işlədirəm. Bəs onları nə adlandırım? Dədə-babalarımız deyir ki, İkinci Dünya Müharibəsi illərində yerli əhali vətəgələrin hesabına dolanıb. Mən bunu Qarabağ müharibəsinin ilk illərində də gördüm. 90-cı illərin əvvəllərində Xaçmaz şəhərinin mərkəzində balaca da olsa bir balıq məhsulları mağazası vardı. Əhalinin bütün təbəqələri ciblərinə uyğun olaraq buradan balıq ala bilirdilər. Elə vaxtlar olub ki, Xaçmazda əhaliyə pulsuz balıq və hətta qara kürü də paylanılıb. Özü də müharibənin ən qızğın vaxtında. Bəs indi? İş o yerə gəlib çatıb ki, Dağıstana gedənlər buradan balıq məhsulları gətirməyə məcburdurlar. Ayıbdır, cənablar! İnsanları insan yerinə qoyun! Azərbaycan prezidenti bütün müşavirələrdəki çıxışlarında dövlət məmurlarından vətəndaşların qayğısına qalmağı, onlara xidmət göstərməyi tələb edir. Bəs siz nə edirsiniz? Nə qədər yalan danışmaq olar? Dövlət başçısının tövsiyyələrinə və tapşırıqlarına beləmi riayət edirsiniz? Niyə kasıb-kusub balıq üzünə həsrət qalmalıdır? Niyə həkim, müəllim nərə balığı, qara kürü ala bilməməlidir? Yəni bu monopolistlər belə möhtəşəmdirlər ki, adamları nəsə yeməkdən də məhrum edə bilirlər? İndi nə edək, monopolistlərə ərizə yazıb xahiş edək ki, rayon mərkəzində mağaza açsınlar?

Keçirəm daha vacib bir məsələyə. Hər gün Xaçmaz rayonunda onlarla motorlu qayıq balıq ovlamaq üçün dənizə girir. Hərəsinin də əlində bir icazə vərəqəsi. Bəs tutulan balıq məhsulları və qara kürü hara gedir? Deyilənə görə, bu qayıqların sahibləri, yəni dəniz quldurları ovlananların çoxunu Bakının şadlıq saraylarına və qara bazara yönəldirlər. Onları da qınamıram. Biri mənə dedi ki, hər ay beş dövlət qurumuna “haqq” verir. Məlumatlara görə, bir motorlu qayığın aylıq “haqqı” 1300, 2 motorlu qayığın aylıq haqqı isə 1800 manat civarındadır. Rəqəmlər səhv ola bilər, hər şey danışıqdan və dənizə girənlərin arxalarında duranların tutuduğu vəzifədən asılıdır. Həə, bir də deyirəm. Rəqəmlər səhv ola bilər, amma rüşvət vermələri dəqiqdir. Yoxsa kimin həddi var ki, Xəzərdə özbaşına balıq ovlasın? Səhv başa düşməyin, mən Xəzər dənizinə balıq ovlamaq üçün girən fəhlələrdən danışmıram, cəsarətlə onlara heç brokonyer də demirəm. Binəvalar nə etsinlər, bir parça çörək qazanmaqdan ötrü həyatlarını riskə qoyurlar. Hər il Xəzərdə neçə-neçə adam bataraq dünyasını dəyişir. Bəs onları bu işi gördürənlər, köhnə və sınıq-salxaq motorlu qayıqlarla dənizə göndərənlər xəcalət çəkirlərmi? Əsl brokonyer onlardır. Lakin indiyədək heç birinin məsuliyyətə cəlb olunduğunu eşitməmişəm. Tutulanlar da qayıqdakı yetim-yesirlər olur.

Daha bir neçə vacib məqam. BMT hər il bütün ölkələrə nərəcinslərinin ovlanması üçün kvota ayırır. Deyilənə görə, indi bunu qadağan edib. Amma kimdir BMT-yə baxan? Səhv deyirəmsə, onda qara bazarlarda şıdırğı satılan nərəcinslilər və qara kürü haradandır?

Hər dəfə Dağıstana yolum düşəndə bazarlara da baş çəkib qiymətlərlə maraqlanıram. Məsələn, Dərbəndin mərkəzi bazarında balıq məhsullarının qiyməti bizdən ucuzdur. Elə qara kürünün də. Başa düşmürəm, məgər biz balıqların yetişməsinə milyardlarla vəsait qoyuruq, onlar isə yox? Necə olur ki, sərhəddin hər iki tayında eyni şəraitdə üzən balıqların qiyməti quruya çıxanda fərqli olur? Yəqin ki, qonşu dövlətdən balıq məhsulları və qara kürü alıb gətirməyə qadağa qoyanlar da elə monopolistlərdir. Başqa səbəb görmürəm.

Xudat şəhərində yaşı yüzdən yuxarı bir balıq zavodu var. Sovetlər Birliyi dövründə burada hisə verilmiş balıq məhsulları istehsal olunurdu. İndi bərbad olan bu yerdə yeni və müasir tələblərə cavab verən zavod tikmək heç kəsin yadına düşmür. Bəlkə də düşür, amma kimdir cəsarət edən? Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son müşavirələrin birində qeyd etdi ki, sahibkarlar rayonlara investisiyalar qoymalıdırlar. Görəsən, elə köhnə müəssisənin yerində yenisini yaradıb işçi qüvvəsi cəlb etmək olmazmı?

Bu yaxınlarda bir məclisdə idim. Yaşı iyirmi beşə yaxın olan gənc yanındakı ağsaqqaldan qara kürü və nərə balığının dadının necə olduğunu soruşdu. Qınamıram, çünki kafe və restoranlarda çox az müştəri tapılar ki, bu yeməkləri sifariş etsin. Bazarda isə od qiymətinədir. Gör iş hansı həddə gəlib çatıb ki, dəniz qırağında yaşayan gənclər onun məhsullarının dadını belə bilmirlər.

Xəzərdən neft və qaz da çıxır. İqtisadi inkişafımızda əvəzsiz rol oynayan bu təbii sərvətlər hesabına ölkəmiz qüdrətini artırır. Aydın məsələdir, neft və qaz Azərbaycana havayı başa gəlmir. Dənizdən bu təbii sərvətləri çıxarmaq milyardlar tələb edir. Yaxşı, ərəsəyə gəlməsinə heç kəsin bir manat da olsa xərcləmədiyi balıq məhsulları niyə qıtlığa çıxıb? Məgər bu dəniz quldurları Xəzərə sərmayəmi yatırıblar? Niyə insanları Allahın göndərdiyi nemətlərin üzünə həsrət qoyublar?

Mən dəniz quldurlarının hər ay rüşvət verdikləri dövlət qurumlarının adlarını açıqlamadım. Ona görə yox ki, buna cəsarət etmədim. Onsuz da mən biləni hamı bilir. Sadəcə olaraq bir qədər vaxt lazımdır. Hər şeyi araşdırmaq, doğru-düzgün qələmə almaq üçün. Problem o zaman çözülür ki, ona ölçülüb-biçilmiş qaydada yanaşılsın. Onsuz da dənizi bölənləri, qara bazarda balıq və qara kürü satdıranları hamınız tanıyırsınız. Sadəcə bir yolumuz qalır. Mövcud problemi kütləvi şəkildə müraciət formasında dövlət rəhbərliyinə çatdırmaq. Bacaracağıqmı? Könlü balıq istəyən suya baş vurar.
Qarşı tərəflərin cavab verməyə cəsarəti varsa, dediklərini olduğu kimi dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

P.S : Bu problemlə bağlı oxuculardan xahiş edirik ki, bizə müraciət etsinlər.

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri”nin baş redaktoru

Paylaş