Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla köhnə şəriki, “Hafka” ləqəbli biznesmen Hafiz Məmmədov arasında qovğa təzədən alovlanıb.

AzEuroNews.com-un məlumatına görə, sabiq nazirin oğlu Anar Məmmədovun rəhbəri olduğu “Garant holdinq”ə aid “Delfin” MMC-nin H.Məmmədovun “Bakı” futbol klubunu stadiondan çıxarması keçmiş dostların davasını qızışdırıb.

► Çürüdülən “razborka”

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Delfin” MMC futbol klubunu xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb.

Məhkəmə prosesi zamanı “Bakı” klubu qarşı tərəfdən “pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb. Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.

Məhkəmə qərarından narazı qalan “Bakı” Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

“Bakı” Azərbaycanın tanınmış futbol klublarından biridir. Bu komanda iki dəfə ölkə çempionu, üç dəfə Azərbaycan kubokuna sahib olub. Həmçinin “Bakı” Azərbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib.

Amma “Hafka”nın biznesinin çöküşü ilə başlanmış proses klubun fəaliyyətini de-fakto dayandırması ilə nəticələndi. Premyer-liqada çıxış etməyən klub indi də stadiondan məhrum edildi.

Məmmədovların “Hafka” bu həmləsinin arxasında yarımçıq qalan haqq-hesabların çürüdülməsi kimi qiymətləndirilir.

Hər iki Məmmədovların bir zamanlar pulunu “balta kəsmirdi”, ictimaiyyət önünə şəstlə çıxırdılar, milyonları səpləyirdilər.

“Hafka” da, nazirin oğlu da güman edirdi ki, “Baghlan Group” və “ZQAN holdinq” əbədidir.

İndisə Məmmədovlar qürub çağını yaşamaqla bərabər daxili intriqalarını da davam etdirirlər və köhnədən qalan “razborka”nı çürüdürlə.

► “Lans”dan başlanmış savaş

Keçmiş nazirin oğlu ilə iş adamı arasındakı konflikt Fransanın “Lans” klubu üstündə başlanmışdı. Anar Məmmədov “Lans”ın futbolçu transferi hüququ əldə etməsi üçün lazım olan məbləği – 2,5 milyon avronu Hafiz Məmmədovun əvəzindən “Point to Point” offşor şirkəti üzərindən klubun bank hesabına köçürmüşdü.

O zaman klubun rəhbəri Jerve Martel bəyan etmişdi ki, bağlanmış müqavilənin şərtinə əsasən əgər Hafiz Məmmədov borc kimi verilən həmin məbləği dekabrın 31-nə qədər qaytarmasa, “Lans”ın səhmlərinin üçdə ikisi Anar Məmmədovun mülkiyyətinə keçəcək.

Başqa sözlə desək, Hafiz Məmmədovun 20 milyon avroya aldığı səhm paketini nəqliyyat nazirinin oğlu cəmi 2,5 milyon avroya sahiblənmiş olacaq. Lakin əsl qalmaqal bu xəbərlərin yayılmasından sonra başladı.

H.Məmmədov qalmaqallı bəyanatla çıxış edərək bildirdi ki, o, sözügedən müqaviləyə imza atmayıb və “Lans” klubunun səhmlərinin başqa investora keçməsinə dair heç bir hüquqi razılaşma yoxdur.

Fransa KİV-ləri isə xəbər verdi ki, 2,5 milyon avronun ödənilməsinə dair müqavilədə H.Məmmədovun imzası saxtadır və Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DSNJ) bu məsələni araşdırır.

Fransa mediası yanvarın 1-i olan kimi aşağıdakı suala cavab axtarmağa çalışdılar: “Lans”ın sahibi kimdir: Anar, yoxsa Hafiz Məmmədov? Və həmin suala heç kim aydın cavab verməyib.

► “Hafka”nın borclarına Ziya Məmmədov şərik

Hafiz Məmmədovun uzun illər Ziya Məmmədovun biznes şəriki olması, onun himayəsi altında biznes elitasında yer alması, dövlətin 100 milyonlarla vəsaitini əldə etmək imkanı qazanması sirr deyil. Ona görə də “Hafka” borclarını qaytarmaq işinə Məmmədovları da qatıb.

“Biz Hafiz Məmmədovu sənə görə tanımışıq, sənə görə etibar etmişik. Borclarını da birlikdə ödəməlisiz” – deyə Ziya Məmmədova qısa müddətdə məsələni həll etmək tapşırılıb.

Bu ilin əvvəlində mətbuatda “Garant holdinq”in mülklərini satışa çıxarması barədə xəbər yayıldı.

Məlumatda bunun “Bank of Azerbaijan”ın borcları ilə bağlı olduğu göstərilmişdi. Belə ki, “Bank of Azerbaijan”ın müştərilərin depozitlərini qaytarmaq üçün götürdüyü borca “Qarant” Holdinq zəmanət verib.

H.Məmmədovun nəzarəti altında olmuş bu bank faktiki olaraq iflasa uğradığından həmin borcu qaytarmaqda problemlər yaranıb.

Nəticədə Holdinq Rəşid Behbudov küçəsindəki baş ofisini satışa çıxarmalı olub. O, baş ofisi 60 milyon dollara dəyərləndirsə də, borc sahibi ofisi 25 milyona razılaşaraq almalı olub.

“Bank of Azerbaijan” isə əvəllər “Garant Holdinq”in tərkibində fəaliyyət göstərib. 2013-cü il yanvarın 22-dək nəqliyyat nazirinin oğlu Anar Məmmədov bankın səhmlərinin 81 faizinin sahib olub.

Həmin ildən sonra isə bank səbəbi göstərilmədən Hafiz Məmmədovun nəzarətinə verilib.

Belə ki, Hafiz Məmmədovun oğlu Kənan bankda 43 faiz, digər oğlu Sənan 43 faiz, qardaşı Mübariz 13 faiz paya sahib olublar.

2014-cu il mayın 22-də isə Bank rəhbərliyi tərəfindən keçirilən toplantının nəticəsi olaraq Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb. 2015-ci ilin dekabrında isə “Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib.

Bundan əlavə Hafiz Məmmədov 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına 100 milyonlarla manat kredit götürüb, qaytarmayıb.

Onun eyni zamanda sonradan müflis elan olunan “RLS Holding” və 2008-2012-ci illərdə yaratdığı onlarla şirkətin adına müxtəlif banklardan və “Bank of Azerbaijan”dan cəlb etdiyi külli midarda kreditlər geri qaytarmadığı bildirilir.

Hansı ki, nə ilə məşğul olduğu bilinməyən belə şirkətlərdən 30-nun ötən il bağlandığı elan edilib.

Paylaş