Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri postunda çalışmış Fatma Abdullazadənin kredit borclarını ödəyə bilmədiyi üçün ölkədə çıxışına qadağa qoyulması təsdiqlənir…

Palitika.Az-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən F.Abdullazadəyə “Stop” qoyulub və bu haqda rəsmi açıqlama verilməsi nəzərdə tutulmur.

Maraqlıdır ki, onunla bağlı xəbəri ilk yayan iqtidaryönlü modern.az saytı olub. Buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir.

Bir neçə gün öncə F.Abdullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı.

Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi) 1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb.

F.Məmmədovun işdən çıxarılmasından dərhal sonra yayılmış borc xəbərinə nə sabiq nazir, nə onun yaxın ətrafı reaksiya verməyib. O cümlədən, sabiq şöbə müdirinin də bu barədə hər hansı açıqlaması olmayıb.

Respublika Prokurorluğu F.Abdullazadə haqda belə bir qadağa olmadığını bəyan etmişdi. Lakin bəzi məlumatlar gəlməkdədir və onun çıxışına “stop” qoyulduğu söylənir.

Axar.az isə yazmışdı ki, F.Abdullazadənin ölkədən çıxışına Azərbaycan Beynəlxalq Bankına olan külli miqdarda kredit borcuna görə qadağa qoyulub.

Sabiq şöbə müdiri Beynəlxalq Bankdan götürdüyü 50 milyon dollar krediti ödəyə bilmədiyi üçün o, ölkədən kənara çıxa bilməyib.

Palitika.Az xəbər verir ki, bütün bu məlumatlar məhz iqtidara yaxın xəbər portalları tərəfindən tirajlanıb.

F.Abdullazadənin banka yoxsa keçmiş nazirən borclu olması isə konkretləşdirilmir. Hər halda onun çıxışına qadağa qoyulması bank kreditlərinə görə ola bilər.

Əvvəla F.Məmmədov vəzifəsindən kənarlaşdırılıb və “vurulmuş” nazirə görə heç vaxt F.Abdullazadəyə “stop” qoyulmazdı.

Ən azından onun 1 milyon borcu varsa da, notarial sənədlər olmalıdır. Amma banka borca görə ölkədən çıxışına yasaq qoyulması məntiqidir.

Ölkə mətbuatında F.Abdullazadə PA-da şöbə müdiri olduğu illərdə müxtəlif insanlarla ciddi problemlərinin yarandığına dair informasiyalar yer alıb.

Onun çoxsaylı mədəniyyət-incəsənət xadimlərindən fəxri ad üçün təqdimat verilməsi müqabilində külli miqdarda pul aldığı deyilir.

Zaman-zaman mətbu orqanlarda məhz həmin rüşvəti vermədiyinə görə fəxri ad üzünə həsrət qaldığını iddia edən şəxslərin şikayətləri yer alıb.

F.Abdullazadə həmçinin İslam dinindən imtina edərək, xristianlığı qəbul edən qardaşı Eldar – Eduard Abdullayevə görə də dəfələrlə mətbuatın gündəminə gəlib.

Belə ki, sabiq məmur xanımın qardaşı Azərbaycanda xristian dini təriqətlərindən birinin yayıcısı olub.

Onun qeydiyyata alınmamış dini icması vasitəsilə pul müqabilində yüzlərlə insana İslam dinindən imtina etdirdiyi bildirilir.

Hətta bu icmanın qanunsuz fəaliyyəti ilə bağlı vaxtilə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin(indiki Dini İşlər üzrə Dövlət Komitəsi) sədri olan Rafiq Əliyev Respublika Prokurorluğuna xüsusi məktub da göndərib.

Onu da qeyd edək ki, tutduğu postun imkanlarından istifadə edərək özünün, yaxud yaxın çevrəsinin adına müxtəlif yerlərdən borc adı ilə pul alaraq sonra qaytarmayan sabiq və indiki məmurlar, deputatlar çoxdur.

Azərbaycanda “Beynəlxalq Bank işi” adını almış cinayət işinin istintaqı zamanı çoxsaylı belə faktlar üzə çıxdı.

Məlum oldu ki, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan 800 milyon dollar kredit götürüb, qaytara bilmir. Onun məşhur “Xəzər adaları” layihəsi isə faktiki olaraq batıb…

O da məlum oldu ki, sabiq deputat, hazırda həbsdə olan Dünyamin Xəlilov da Cahangir Hacıyevlə olan yaxın qohumluq münasibətlərindən istifadə etməklə Beynəlxalq Bankdan rekord sayıla biləcək məbləğdə – 1,7 milyard manat götürərək qaytarmayıb.

Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb.

Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub.

C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib.

Göründüyü kimi, tutduğu postdan, onun verdiyi imkanlardan, əlaqələrindən hansısa şəxs və ya banklardan borc almaq üçün yararlanan məmurlar çoxdur. Yazdıqlarımız hələ ictimaiyyətə açıqlanan faktlardır. Açıqlanmayan faktlar isə bundan dəfələrlə çoxdur.

Bu problemi ölkənin bank sektorunda yaranan böhran üzə çıxardı. İndiyədək Azərbaycanda 12 bankın lisenziyası geri alınıb.

Ekspertlər gələn il ərzində daha bir neçə bankın eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar.

Paylaş