Bakıda yeni dələduz qrup peyda olub. İki qardaş olan həmin dələduzlar Müdafiə Nazirliyində işləyən atalarının adından istifadə edərək, qəssablardan böyük miqdarda ət alıb yoxa çıxırlar.

Aldadılmış qəssablardan biri Məmmədov Sumbat Əyyub oğlunun Ovqat.com-a bildirdiyinə görə, dələduz dəstə ona, nə az nə çox, düz 130 baş qoyun atıblar.

İddiaya görə, bir müddət əvvəl Məmmədov Sumbatın Neopol dairəsinin yaxınlığındakı ət dükanına gələn Elvin Mehtiyev Akif oğlu və onun qardaşı Coşqun atalarının Müdafiə Nazirliyində işlədiyini, “Mirvari Palace” və bir neçə başqa şadlıq evlərinin sahiblərinin yaxın qohumları olduğunu bildiriblər. Deyiblər ki, işsiz olduqlarından ataları yaxın qohumları olan şadlıq evi sahiblərindən onlara iş vermələrini xahiş edib. Guya şadlıq evi sahibləri də öz obyektlərinin ərzaq malları ilə təchizatlarını Mehtiyevlər qardaşına tapşırıblar. Qardaşlar isə qəssabxanadan aldıqları ətin pulunu bir gün sonra ödəyəcəklərmiş.

Mehtiyevlərin bu təklifindən şübhələnən Məmmədov Sumbat onlarla yalnız nəğd pula sövdələşə biləcəyini deyib yola salıb. Amma özünü ət fırıldaqçılarının cəngindən xilas edə bilməyib. Belə ki, bir neçə gündən sonra Beyləqandakı ət bazarına mal almağa gedən qəssab dükanı oğlu Hafizə həvalə edib. Fırlıdaqçılar bunu fürsət bilib qəssabın təcrübəsiz oğluna yaınlaşıblar. Şirin dillərini işə salıb Hafizi başdan çıxara biliblər. 130 baş heyvan sifariş verib sabah malı götürməyə gələcəklərini deyiblər. Qəssab Sumbatın gənc oğlu isə 130 heyvanı kəsib, soyub, satışa hazır vəziyyətdə qarmaqlardan asıb.

Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinin adı ət dələduzluğunda hallanır

Ertəsi gün Beyləqandan qayıdan ata qarmaqlardan bir-birinin üzərindən asılan xeyli heyvan cəmdəklərini görəndə artıq iş-işdən keçibmiş. Oğlundan bu heyvanları niyə kəsdiyini soruşub. Oğlu isə atasına aldığı sifariş barədə danışıb. Az keçməmiş dələduz qardaşlar dükana gəliblər. Sumbat kişi onlarla söhbət edib. Qardaşlar atalarının bu işə zəmanət vediyini, hətta dünən onun özünün də dükana gəldiyini, amma qəssabı yerində tapa bilmədiyini deyiblər. Qəssab dələduzların atası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən Mehtiyev Akifə zəng etdiyini deyir. İddiasına görə, Akif müəllim də oğullarının ət biznesinə zəmanət verdiyini bildirib. Məhz bu telefon söhbətindən sonra qardaşlar 130 baş heyvan cəmdəyini özləriylə gətirdikləri “Ford” maşınına mindirib aparıblar.

Razılaşmaya əsasən, qardaşlara verilən 130 baş heyvanın pulu bir gün sonra ödənilməliymiş. Amma üzərindən bir neçə gün keçməsinə baxmayaraq, onlardan xəbər çıxmır. Qəssab Sumbat qardaşlara zəng edir. Telefona cavab verən Mehtiyevlər bir saatdan sonra dükana gələcəklərini və borclarını ödəyəcəklərini bildirirlər. O bir saat bir neçə həftəyə çevrilir, qardaşlardan isə xəbər çıxmır.

Dələduzlara dəfələrlə açdığı telefon zənglərinə heç bir cavab almayan qəssab məcburən onların atasına zəng edir. Akif Mehtiyev isə bu dəfə oğullarına cavabdehlik daşımadığını bildirir. Bu cavabdan sonra aldadıldığını yəqin edən Sumbat polisə müraciət etməli olur. Hadisə ilə hazırda Bakı şəhəri Xətai polis idarəsi məşğul olsa da, dələduzlar haqqında indiyədək heç bir ölçü götürülməyib. Halbuki, onların adı, yaşadığı ünvan, istifadə etdikləri telefon nömrəsi də bilinir.

Araşdırma nəticəsində o da məlum olub ki, Mehtiyev təkcə Məmmədov Sumbata da atmayıblar. Onun kimi bir neçə qəssab eyni şəkildə aldadılıb.

Şikayətin nə qədər səhih olduğunu araşdırmaq üçün Müdafiə Nazirliyində işlədiyi qeyd olunan Mehtiyev Akifə zəng etdik. O da faktı inkar etmədi, hətta Sumbat Məmmədovla telefonla danışdığını, amma oğullarının işinə zəmanət vermədiyini dedi.

Əməkdaşımızla söhbətində adının bu işdə hallanmamasını xahiş edən Akif Mehtiyev oğullarının bənzər fırıldaqlarla dəfələrlə məşğul olduğunu da gizlətmədi: “Axı nə qədər olar? Onların dələduzluqlarına mən məsuliyyət daşımıram. Hərbçiyəm, öz qayğılarım, probemlərim var. Getsinlər, oğullarımın boğazından yapışsınlar. Necə əti veriblər, pulunu da elə alsınlar”.

Paylaş