Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tez-tez sərxoş vəziyyətdə görünür.

Belə bir iddianı AFN-in redaksiyasına müraciət edən rayon sakinləri irəli sürüblər. Onların sözlərinə görə, V.Abdullayevi çox zaman yerində tapmaq olmur: “Hər hansı məsələ ilə bağlı qəbuluna düşmək istəyirik deyirlər yerində yoxdur. Müavini Telman Məstanov da bizi süründürür. Vaqif Abdullayev öz iş yerindən çox restoranlarda vaxt keçirir, özü də tək yox (sakinlərin ünvanladığı müraciətdə icra başçısı ilə bağlı daha ciddi ittihamlar, əxlaqazidd hərəkətlər haqda fikirlər olsa da, redaksiya olaraq onları ixtisar etməyi məsləhət bildik-red.). Hətta onu rəsmi tədbirlərdə də alkoqolun təsiri altında görmək olar. Buna ötən il 8 Mart bayramı ilə bağlı keçirilən rəsmi tədbirdə baş verənlər sübutdur (məktub müəlliflərinin həmin gün baş verənlər haqda yazdıqlarını da etikadan kənar hesab etdiyimiz üçün ixtisar edirik-red.). Siz istəsəniz təsadüfi bir gün və vaxt seçməklə Beyləqan rayon İcra Hakimiyyətinə baş çəkərək dediklərimizin gerçək olduğuna şahid ola bilərsiniz. Bilmirik Vaqif Abdullayev Telman Məstanovdan qorxduğu üçünmü, yoxsa eyş-işrətindən qalmaq istəmədiyi üçünmü külli-ixtiyarı verib müavinə. O da ki, kefi istəyəni edir. Rayonda onlarla xırda məmur var ki, Telman Məstanov pul alaraq layiq olmadığı vəzifəyə gətirib. Onlardan biri də rayon Yaşıllaşdırma İdarəsinin müdiri Əliyar Həsənovdur. O, həmin vəzifədə saxta diplomla oturur. İrca Hakimiyyətinin özündə xeyli sayda vəzifə tutan məmur var ki, nə savadı var, nə düz-əməlli diplomu, nə də dövlətə, millətə sevgisi. Prezident seçkisi öncəsi Beyləqanda xaosdur desək, yanılmarıq. Hətta belə həssas dönəmdə də biz Vaqif Abdullayevi yerində tapa bilmirik. Bu vəziyyətlə bağlı rayondan seçilmiş deputatlara da məktub ünvanlamışıq”.
Məktub müəllifləri onu da xatırladırlar ki, Beyləqan rayonunun adı artıq neçə ildir ki, ən çox şikayət olunan rayonlar sırasında hallanır: “Bu il də rayonumuz əvvəlki illərə nisbətən Prezident Administrasiyasına daha çox müraciət ünvanlanmış rayondur. Bütün bunların səbəbi isə Vaqif Abdullayev və müavini Telman Məstanovdur. Sonuncu prezident tərəfindən mükafatlandırılandan sonra daha da arxayınlaşıb və camaata qarşı laqeyidləşib, hətta qəddarlaşıb”.

Paylaş