Balakənin orta ümumtəhsil məktəblərində 8 mart Qadınlar Günü münasibətilə şagirdlərdən pul yığılıb

FİA.Az-ın sosial mediaya istinadən yaydığı məlumata görə, 8 martla əlaqədar şagirdlərdən yığılan pullar 20-50 manat civarında olub.

Bu özbaşınalıq daha çox Balakən şəhərində fəaliyyət göstərən məktəbləri əhatə edib. Əsasən də 1 nömrəli orta məktəbdə və Texniki və Humanitar Təmayüllü Liseydə artıq “yığım”ın başa çatdığı vurğulanır.

Bu məktəblərdə əsasən Balakən rayonunun imkanlı, vəzifəli şəxslərinin övladı oxuyur. Valideynlər is məcburiyyət qarşısında tələb olunan pulu verməli olublar.

Halbuki Təhsil Nazirliyi xəbərdarlıq edir ki, məktəblərdə bayram pulu yığmaq olmaz. Yayılan xəbərlərə görə, Texniki və Humanitar Təmayüllü Liseydə 8 martla əlaqədar yığılan pullar başçı müavininə də çatıb.

Balakən rayon İcra Hakimiyyəti başçısı müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmovanın bu yığımda xüsusi payı olduğu deyilir.

Çünki N.Rüstəmova uzun illər bu liseyə direktorluq edir. Ancaq tək yığım Balakənd olmayıb.

Xaçmazda da orta məktəblərdən 8 Mart günü ilə əlaqədar şagirlərdən 5 manatdan yığıblar.

Rayonda 26 809 nəfər məkəbdə təhsil alır. Bu da 5 manatdan yığanda külli miqdarda vəsait edir. Həmin pulun yerli təhsil şöbəsinin təlimatı ilə yığıblar.

Təhsil Nazirliyi məktəblərdə pul yığılmasını yolverilməz hesab edir. Amma bu, sözdə deyilir, kağız üzərində qalır.

Xaçmazda 123 məktəb, o cümlədən 56 tam orta, 33 ümumi orta, 34 ibtidai məktəb, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Rayonun ümumtəhsil müəssisələrində hazırda 26809 nəfər şagird təhsil alır. Həmin məktəblərdə 2615 nəfər müəllim şagidlərin təlim-tərbiyəsi ilə məşğul olur.

Övladı Xətai rayonunda yerləşən 27 saylı orta məktəbdə təhsil alan adının çəkilməsini istəməyən valideynlərdən biri, pressclub.Az-a deyib ki, uşağına sinif rəhbəri tərəfindən tapşırıq verilib: “Qızıma və sinif yoldaşlarına deyiblər ki, bu gün – 8 marta görə 35 manat gətirin. Mən də kasıb adamam, bu qədər pulu haradan verim? Bəs məktəblərdə rüşvət yoxdu deyirdilər”.

Məktəbdə özünü təlim-tərbiyyə üzrə müavin kimi təqdim edən xanım bildirib ki, heç bir şagirddən pul alınmır: 

“Şagirdlər müəllimlərini təbrik etmək istəyirlərsə, buna qarışa bilmərik. Amma pul yığılması söhbəti yalandır”.

FİA.Az xəbər verir ki, 
Şamaxıda rüşvət almaqda ittiham olunan, şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən pul tələb etdiyini əks etdirən yeni səs yazısı yayılıb.

Yeni səs yazısında bu günlərdə məktəbdə keçirilən iclasların birində direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:

“Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir.

Bu dəfə də əgər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımçıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.

Müəllimlər qeyd ediblər ki, Gülnurə Babaşova hər ay müəllim kollektivindən aylıq alır. Rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev direktoru müdafiə edib.

Müəllimlərin bəzilərinə təzyiq edilib ki, ərizələrini geri götürsünlər. Amma narazılar bunu etməyiblər.

Ümumiyyətlə, 8 Mart Beynəlxalq Qadınlar Günü, valideynlərin isə beynəlxalq “hüzn” günüdür. Bu bayramla əlaqədar artıq ölkənin əksər təhsil ocaqları “gücləndirilmiş iş rejiminə” keçir.

Həmin “rejim” isə ondan ibarətdir ki, müəllimlər şagirdlərə bayram hədiyyəsi ilə bağlı xəbərdarlığı edir.

Hər kəsə məlumdur ki, mart ayı girər-girməz məktəblərdə “mart yığımı”nın qızğın dövrü başlanır.

Bütün ümumtəhsil məktəbləri 8 Marta qədər qarşıdakı günlərdən maksimum yararlanmağa çalışır.

Necə deyərlər, belə fürsət hər zaman ələ düşmür. İndi əsl məqamdır. Məktəblərdə müəllimə gül dəstəsi bağışlamaq müasir təhsil epoxamızda əskiklik sayılır.

Hazırkı müəllimlər üçün gül dəstəsi, ya süpürgə, fərqi yoxdu. Şagirdin başına çırparlar o gülü. Praktik olmasa da, nəzəri.

Biz də bu cəmiyyətdə yaşayırıq və ətrafımızda oğlu-qızı şagird olan nə qədər qonşu, qohum, dost-tanış var.

Övladı şagird olan kimdən soruşursan, deyir, bəli, 8 Mart üçün pul yığılır. Məbləğsə məktəbin “statusu”na uyğun dəyişir.

Bakının mərkəzindəki məktəblərdə və məktəb-liseylərdə müəllimlərin “qiymət”i 50 manatdır.

“Adi” məktəblərdə isə şagirdlərdən 20-30 manat yığılır. Yığılan məbləğ sinif müəllimləri arasında bölünür. Məktəb direktoruna da ən iri pay çatır.

Təsəvvür edin, bir sinifdə 30-35 şagird, hər məktəbdə aşağısı 1000 şagird olduğunu nəzərə alsaq, hər şagirddən 20 manat yığılması toplamda 20 min manat pul eləyir.

Dərd burasındadır ki, valideynlər bu çirkin pul yığımı kampaniyasının aparıcı üzvlərinə çevriliblər.

Pul yığılmasını çox yerdə məhz valideynlər həyata keçirir. Kasıb uşağa da yuxarıdan aşağı baxırlar ki, niyə pul vermirsən…

 
Paylaş