Korrupsiyanı Azərbaycanın “bəlası” adlandıran cənab Prezidentimiz İlham Əliyev deyib ki, bu problem Azərbaycandan “tamamilə silinməlidir”deməsinə baxmayaraq hələdə bəzi Dovlət qrumlarında korrupsiya hallariyla rastlaşırıq.Cənab Prezidentimizin sozlərinə gorə hər bir Azərbaycan vətəndaşı fərdi olaraq korrupsiya hallarına qarşı mübarızə aparmalıdır. Çox təəssüf ki, bəzi dövlət qurumlarında ölkə rəhbərinin bu strateji çağırışı qulaqardına vurulur. Azərbaycanda ən çox korrupsiyalaşmış və rüşvətə bulanmış orqanlardan biri Dövlət Yol Polisinin olduğunu desək yanılmarıq. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq bildirək ki, Baş Dövlət Yol Polisi İdarəsi son illər dövlətdən ən çox dəstək görən, texniki və maddi bazasını genişləndirən qurumlardan biridir. Məlumat üçün onu da bildirək ki, Azərbaycan Rusiya da daxil olmaqla MDB dövlətləri arasında yeganə ölkədir ki, burada yol polisinin xidmətində olan avtomobillər bütünlüklə yenilənib. İndii DYP işçiləri bahalı “BMV”lərdə və “Fiat”larda xidmət aparır.
YPX-yə işə düzəlməyin cəfası və səfası
Bu gün Yol-Patrul Xidməti əməkdaşı kimi çalışmaq sosial baxımdan ən prestişli işlərdən sayılır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rast gəldiyimiz məlumata görə, Yol-Patrul Xidməti əməkdaşı düzəlmək istəyən şəxsdən 10 min manatdan artıq rüşvət tələb olunur. Bu yol polisinin “gəlirli sahə” olması ilə bağlıdır. Qeyd edək ki, paytaxtla rayonlar arasında da işə götürməklə bağlı tələb olunan rüşvət arasında böyük fərq var. Bakının rayonlarının birində YPX əməkdaşı işləmək istəyən şəxsə qoyulan tələb 20-25 min manatadək arta bilər. Yol polisi sistetmində çalışan şəxslərdən birinin sözlərinə görə, YPX-yə düzələn gənc polisin gələcəyinə də təminat verilmir: “Əgər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyində olan şəxs həmin işə düzəldirsə, onun fəaliyyətinə cəmi 1 il təminat verir. Yəni, həmin polis nəfəri 1 ildən sonra polisin başqa strukturlarına “perevod” edilə bilər”.

Göründüyü kimi, böyük məbləğdə rüşvətin müqabilində YPX-də işə düzələn gənc polis ona verilən 1 illik təminat müddətində özünə yuxarılarda “dayı” tapmalıdır. Eyni zamanda o, çalışdığı müddət ərzində həm işinə düzəlmək üçün verdiyi rüşvəti, həm də komandirnin gündəlik qoyduğu “haqqını” çıxarmaq uğurunda çalışmalıdır. Komandirin “haqqını” çatdırmaqla yanaşı, ondan gün ərzində tələb olunan büdcə cəriməsini də toplamaq tələb edilir.
Yol polisi işçilərini daxili işlər orqanlarının digər strukturlarından fərqləndirən bir cəhəti də burada çalışanlara yüksək əmək haqqının verilməsidir. Polisin digər strukturunda 20 illik iş stajı olan zabit 350-400 manat alırsa, yol polisində xidmət edən gənc Yol-Patrul Xidmətinin əməkdaşı 700 manat əmək haqqı alır. Əgər xatırlayırsızısa, hələ bir neçə il əvvəl yol polisi işçilərinin əmək haqlarını bir neçə dəfə artıranda bunu onların rüşvətə meyillərinin azaldılması ilə əsaslandırmışdılar. Ancaq ötən dövrün təəcrübəsi göstərdi ki, maaş artımı əks effekt verib: Yol polisi əməkdaşları arasında rüşvətxorluq daha da artıb.
DYP-nin əsas gəliri: sürücülük vəsiqəsi – rəislərin xahişi belə pulsuz edilmir
Dövlət Yol Polisi sistemindəki rüşvət və korrupsiyadan danışarkən ilk ağla gələn sürücülük vəsiqəsinin verilməsidir. İlk baxışdan Dövlət Yol Polisi Baş İdarəsinin sözçüləri, bu qurumun sözünü danışanlar deyə bilər ki, sürücülük nəzəri imtahanları test üsulu ilə keçirilir və kim 10 suala doğru cavab yazırsa, sürücülük vəsiqəsini ala bilir. Düzdür, nəzəri sürücülük imtahanları test üsulu ilə keçirilir. Ancaq necə keçirilir? Öncə imtahanların təşkili prosesindən başlayaq. DYP Baş İdarəsi sürücülük imtahanlarını olduqca bərbad şəkildə təşkil edir. Yollarda təhlükəsizliyi təmin etmək DYP-nin borcudur, bu qurum mümkün qədər çalışmalıdır ki, yollarda qəzalar və insan itkiləri azalsın. DYP sürücülük hüququ alan vətəndaşların yol hərəkəti ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnməsində maraqlı olmalıdır.

Ancaq DYP-ni belə məsələlər düşündürmür. DYP-nin düşündürən sürücünün savadlı, peşəkar olması deyil, daha çox pul qazanmasıdır. Ona görə də texniki peşə məktəbləri sürücülük şəhadətnaməsini vətəndaşa pulla satırlar, Bu proseslə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, imtahanlar sözdə testdir. Burada düzlükdən əsər-əlamət yoxdur. İmtahan keçirilən zalın yaxınlığında gəzişən maklerlər vasitəsi ilə imtahan komissiyasına 1000 AZN verən şəxs 2 saat ərzində sürücülük vəsiqəsini almış olur. Verməyən “kəsilir” və yenidən imtahan vermək üçün 15 gün gözləməli olur. İmtahan zalının yanında gəzişən maklerlərin çoxu texniki peşə məktəblərinin nümayəndələridir. Onlar imtahana gələn vətəndaşlarla təmasa girir, onlara imtahanın çətin olduğunu, sürücülük vəsiqəsinin 1000 manata başa gələ biləcəyini “başa salırlar”. Nəzəri imtahanı verən şəxsi digər tərəfdən də “yezda” adlanan sürücülük qabiliyyətini yoxlayan imtahanda süni olaraq sıxışdırırlar. İmtahandan keçən şəxslərə “yezda” imtahanı zamanı elə avtomobil verilir ki, həmin şəxs onu idarə etməkdə çətinlik çətir və nəticədə kəsilir. Bu sistemdə çalışan bir şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, BDYPİ-nin şöbə rəisləri bir-birlərinə etdikləri xahişi də rüşvətsiz eləmirlər. Amma bu xahişdən sonra tələb olunan rüşvətin məbləği əvvəl tələb olunandan aşağı olur.
Baş Dövlət Yol Polis İdarəsində hər bir otagın oz məzənnəsi 
Dövlət Yol Polisi sistemində ən çox korrupsiya və rüşvətxorluq halları avtonəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və digər rəsmiləşdirmə sahəsindədir. Onlardan qanunla nəzərdə tutulmaş məbləğdən əlavə rüşvət tələb edilir. Əks təqdirdə, bürokratik əngəllərlə vətəndaşlar get-gələ salınır. Mediada yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsində hər bir otagın oz məzənnəsi var.Vətəndaş maşınını texniki baxış bokslarından keçirdikdən sonra 3-cü otaga keçir və burada alqı satqı müqaviləsi baglayarkən vətəndaşdan qanunsuz olaraq 10 azn pul tələb olunur.Əlində Bankın verdiyi 10 manat odəniş qəbzinin olmasına baxmayaraq vətəndaşdan yenidən 10 manat tələb edirlər.Buna etiraz edən vətəndaşa isə ag vərəqi verib “ged ozun sənədi doldur gətir” deyirlər. Nəticədə isə bunu bacara bilməyən vətəndaşlar onların məcburən dedikləri 10 manatı verməli olurlar. Mülki geyimdə otaqda oturmuş bir kişi və bir xanım bu müqavilə üçün 10 azn manat tələb edir.Lakin faktiki olaraq vətəndaş alqı-satqı müqaviləsi üçün Kapital banka odəniş etmişdir.

Hələ iş bununlada bitmir.Bir neçə prossedurları keçdikdən sonra bütün dovlət rüsumları banka odənildikdən, sənədləri təhvil verdikdən sonra texniki pasport hazir olduqda, texpasportu verən polis serjantı qanunsuz olaraq hər vətəndaşdan 4 azn pul tələb edir. Daha sonra texpasportu təqdim edir. Ora daxil olmuş hər bir vətəndaş burada, adamı “soymaqlarından” narazıçılıqlarını bildirirlər.Hələ 5 ci otaqda oturmuş polis mayoru avtomobilin girovdan çıxarılması üçün vətəndaşlardan qanunsuz olaraq 10 manat tələb edir.Bundan başqa 1 ci otaqda oturmuş polis əməkdaşı bir mohuru 10 azn-ə vurur. Bunlar hələ bizim gordüklərimiz və müşahidə etdiklərimizdir.
Maşın oğurluğu, yoxsa evakuator xidməti?
Polisin başlıca gəlir mənbələrindən biri də evakuatorlarla vətəndaşların avtomobillərinin oğurlanaraq cərimə meydançalarına daşınmasıdır. Qeyd edək ki, hər gün Bakıda bir neçə min maşın bu yolla cərimələnir. Bu zaman heç bir qayda və qanuna riyayət edilmir. Əgər vətəndaş avtomobilini qadağan olunan ərazidə saxlayıbsa, polis şahidlərin iştirakı ilə akt tərtib edilməli, maşının cərimə meydançasına aparılacağı ilə bağlı onun sahibinə xəbərdarlıq edilməlidir. Ödəniləcək cərimə isə müvafiq qəbzlə banka ödənməlidir. Amma bu qaydalara riayət olunmur. Maşınlar sadəcə qaçırılır və sahiblərindən 60-100 manat məbləğində rüşvət alındıqdan sonra qaytarılır. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız müşahidələr göstərir ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir.

Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti “incə qayda”da dəyişib. DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər “Evakuasiya.Az” MMC-yə məxsus “İsuzi” markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına (“Bank Texnika”dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir. Vergilər Nazirliyinin saytında “Evakuasiya.az” MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.
Məmur nömrələri fantastik qiymətə satılır
Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarına olan maraq nömrələrin qiymətini fantastik dərəcədə artırıb. Son illər imkanlı şəxslərin öz avtomobillərinə dövlət məmurlarının xidmətində olan nömrələri alması da dəbə minib. Məhz bu dəbin nəticəsidir ki, məmur avtomobillərinin nömrələri başqa seriyalarla ağlasığmayan qiymətlərə satılır. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımış araşdırmalar zamanı aşağıdakı məlumatları öyrəndik ki, nazirlərdən birinin özünün və ailəsinin xidmətində olan sonluğu 900 olan nömrələrin satışı 5 min manat civarındadır. Daha bir məmurun da xidməti avtomobilinin sonu 009 olan nömrəsi başqa seriya ilə 7 min manata satılır. Bu yaxınlarda qiymətində endirim olan nömrələrdən biri də sonluğu 100-lə bitən nömrələrdir. Əvvəllər Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin özünə və yaxınlarına aid olan bu nömrəni başqa seriya ilə almaq üçün 8-10 min manat verilirdisə, Məhərrəm Əliyev vəzifədən gedəndən sonra sonu 100-lə bitən nömrələrin qiyməti təxminən 5 min manata enib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun “008-i” də bahalı nömrələr sırasına daxildir. Kim şəhərdə özünü Bakı merinin yaxını kimi göstərmək istəyirsə, 3 min manatından keçməlidir. Bundan sonra gələn cəldedici nömrələrin qiyməti isə 1000-3000 manat təşkil edir. Əgər 0 rəqəmi ilə başlayan nömrə almaq istəyirsinizsə, bu cür nömrələr də 1000 manatdan başlayır. Son üç rəqəmində təkrar olunan nömrələr isə 700-1000 manat civarındadır.
BDYPİ rəhbərliyi ilə necə görüşmək olar?
Sonda onu da bildirək ki, Azərbaycan Konstitusiyasında və “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanuna baxmayaraq, vətəndaşların BDYPİ-də heç bir vəzifəli şəxslə görüşməsi mümkünsüzdür. BDYPİ-nin rəsmi İnternet saytında rəis Ramiz Zeynalovun hər həftənin cümə günü saat 15.00-dan 17.00-dək qəbul saatı nəzərdə tutulur. Ancaq qəbula gələn vətəndaşlar idarədə rəisdən vəzifəcə bir neçə dəfə aşağı ranqlı şəxsin yanına yollanılır.azsiam.info

Paylaş