Son bir ayda ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov barəsində bir az sonra qeyd edəcəyimiz və mətbuatın gündəmi olacaq artıq 4-cü hadisədir.
Əmək fəaliyyətinə sürücü kimi başlayıb, ölkədə rəsmi qeydiyyatda olmayan milyonçular siyahısına adını yazdırmağı bacaran Şükür Aslanov artıq müxalifətlə də iş birliyindədir. Ötən gün İmişlidəki mənbədən Xəbərfakt.az-a daxil olan məlumata görə ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov bir neçə gün öncə, axşam saatlarında, müxalif partiyalarından birinin İmişli rayon təşkilatının sədrinin evinə gedərək, ona min manat pul verib. Məlumat həmin müxalifət nümayəndəsinin ailə üzvləri tərəfindən məclislərin birində deyilərkən, şahid olan mənbə, əlavə olaraq qeyd etdi ki, məsələ bununla da yekunlaşmayıb. Belə ki, müxalifət partiyasının rayon təşkilatının sədrinin bir maşın mişar daşı istəyi də yerinə yetirilib. Şükür Aslanov həmin müxalifət nümayəndəsinə səhəri gün bir “Kamaz” mişar daşı hədiyyə edib. Xatırladaq ki, həmin partiyanın və onun İmşli rayon təşkilatının sədrinin adı və soyadı redaksiyaya məlumdur. Mənbənin bildirdiyinə görə bu Şükür Aslanovun müxalifətlə ilk debutu deyil. İmişlidəki mənbədən Xəbərfakt.az-a daxil olan məlumata görə bir müddət öncə Şükür Aslanov ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinə qatı radikal mövqedə olan başqa bir müxalifət partiyasının üzvünə İmişlidə, “rus qəbirstanlığı” deyilən ərazidə təmtəraqlı ev tikdirib. Həmin şəxsin də adı və soyadı redaksiyaya məlumdur. Maraqlıdır görəsən başının üstündə Ulu Öndər Heydər Əliyevin şəkilini asıb, cənab Prezident İlham Əliyevə sədaqət andı içən bu Yeni Azərbaycan Partiyasının üzvünun müxalifətlə iş birliyinə səbəb nədir? Yoxsa Şükür Aslanovun bildiyi bir şey var? Və ya Şükür Aslanov nəyə hazırlıq görür?
Şükür Aslanov - labirint adam, yoxsa...
Əslində bütün sualların tək ünvanı məhz ”Azəravtoyol” ASC-nin rəhbərliyi və Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovdur. Onu da xatırladaq ki, son bir ayda medianın gündəmindən düşməyən bu şəxs təxminən ay yarım öncə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin paytaxtda keçirilən dəbdəbəli toyuna yazdırdığı 5000 min manat nəmərlə gündəmi zəbt etmişdi. Mətbuatdakı əlaltıları vasitəsilə dərc edilən bəzi məlumatların çıxarılmasına nail olan Şükür Aslanovun bəxti sona qədər onun üzünə gülmədi. Belə ki, həmin hadisədən bir neçə gün sonra onun rəhbərlik etdiyi müəssisədə ölüm faktı qeydə alındı. Faciəli ölüm faktını cəmi üç gün gizlətməyi bacaran Şükür Aslanovun bu rəzaləti də ortaya çıxdı. Qəribədir ki, hər dəfə “sudan quru çıxmağı bacaran” bu şəxsin əməllərinə hüquqi qiymət verilmir. Rəhbərlik etdiyi müəssisədəki ölüm faktı ilə bağlı ara səngiməməiş, Şükür Aslanovun adı qudası, İmişli rayon poluis şöbəsinin rəis müavini Habil Ağayevlə birlikdə başqasının əmlakını – torpaq sahəsin mənimsəmə faktında hallandı. Oxucuların nəzərinə çatrıraq ki, Habil Ağayevlə Şükür Aslanovun iş birliynin nəticəsi olaraq həmin hadisədən sonra RPŞ-nin rəisi Ayaz Cəfərov və Təhqiqat şöbəsinin rəisi Rəhim Həsənov vəzifələrindən azad edildi. Şükür Aslanovun qudası Habil Ağayev bütün baş verənlərin “memarı” olmasına baxmayaraq canını nazirdən aldığı şiddətli töhmətlə qurtara bildi.
Mənbənin verdiyi məlumata görə Şükür Aslanov artıq bir neçə gündür ki, İmişli rayonunda yaşayan, sözü keçən hacıları, seyidləri qudası – RPŞ-nin rəis müavini Habil Ağayevdən narazı olan şəxslərin qapısına minnətçi olaraq aparır. O da qeyd edilir ki, kimləri pulla, kimləri isə xahişlə öz mövqeyindən daşındırmağa çalışan Şükür Aslanov yaxınlarına “bu təhlükəni də sovuşdurmaq üçün bizə cəmi 20 gün vaxt lazımdır. Sonra hər şey köhnə qaydasına qayıdacaq” – deyə bildirirmiş. İmişlidəki mənbənin verdiyi məlumata görə Şükür Aslanov “köhnə qayda” deyərkən Habil Ağayevin vəzifəsindən sui – istifadə etməklə törətdiyi özbaşınalıqların davam edəcəyini anons edir. “Habil Ağayev rayonda xoşu gəlməyən istənilən şəxsi məhkəməsiz həbs etmək səlahiyyətini özü – özünə verib. O istədiyi vaxt DYP əməkdaşı, istədiyi vaxt müstəntiq, istədiyi vaxt hakim ola bilir.”-deyən mənbə, əlavə olaraq onu da qeyd etdi ki, Şükür Aslanovla qohum olduqdan sonra bu özbaşınalığın miqyası daha da genişlənib. Xatırladaq ki, Şükür Aslanovun qızı, Habil Ağayevin oğluna nişanlıdır.
Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilər.

Paylaş