Sumqayıtda nə meydançalar, nə də idman üçün pulsuz qurğular var. AzEuroNews.com xəbər verir ki, bir qrup sakin şikayətində belə qeyd edib.

Onların sözlərinə görə, 400 mindən çox əhalisi olan şəhərdə uşaqların oynaması üçün meydançalar, insanların sağlam həyat tərzini sürməsi üçün ictimai, pulsuz idman meydançaları, idman qurğuları salınmır, quraşdırılmır.

Şəhərdə işsizlik böyük problem olduğundan sakinlərin əksəriyyətinin pullu idman komplekslərinə getməyə imkanı çatmır, uşaqlarını çoxsaylı pullu və bahalı uşaq-əyləncə mərkəzlərinə apara bilmir.
Sumqayıtda uşaqlar üçün bir-iki meydançalar, sürüşkənlər, yelləncəklər varsa belə, ya sovet dövründən qalıb, ya da keçmiş icra başçısı Eldar Əzizovun vaxtında salınıb.
2011-2014-cü illərdə şəhərin keçmiş icra başçısının vaxtında Sumqayıtda aparılan abadlıq-quruculuq işlərinə aid olan layihələrdən biri də heç olmasa şəhərdə nümunəvi məhəllə və mikrorayonların yaradılması oldu.
Şəhər sakinlərinin arzuları nəzərə alınaraq, mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edildi.
Əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində – 18, 13 və 10,2, 17, 9-cu və digər mikrorayonlarda, qəsəbələrdə müvafiq infrastruktura malik belə məhəllələr yaradılaraq insanların ixtiyarına verildi.
Məhəllənin girəcəyində yaraşıqlı müasir standartlara cavab verən futbol meydançaları inşa edildi. Kiçik yaşlı uşaqlar üçün də xüsusi meydançalar tikildi.
Amma indi bu tikililərin yalnız xarabalıqları qalıb. Yeniləri də tikilmir. Üstəlik olanlar da sökülüb.
Məsələn Heydər Parkında uşaqlar üçün pulsuz karusellər, yelləncəklər, qala və sairə qurğular, sakinlərin idman etməsi üçün idman qurğuları, müxtəlif trenajorlar var idi.


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov
Bu internetdə çıxan videolarda da öz əksini tapıb. Amma yeni icra başçısı Zakir Fərəcov gələndən sonra Heydər Parkında sakinlərin sevimli guşəsi olan bu yer söküldü.

İndi burada yalnız uşaqlar üçün pullu yelləncəklər var. Hətta adi, primitiv, elektrik enerjisi tələb etməyən yelləncəyin belə 5 dəqiqəsi 50 qəpikdir.
Yəni həm Heydər Parkında, həm də Sumqayıt bulvarında uşaqlar olan bütün qurğular tam pulludur. Şəhərdə olan Olimpiya və Paralimpiya İdman Kompleksində hər şey pulludur.

Sumqayıtda binaların həyətləri, hətta arxa tərəfləri belə qarajlarla, marketlərlə zəbt olunub. Təbii ki, bu sahələr məmurlar tərəfindən böyük pullara satılıb.
Hər il Sumqayıtın büdcəsinə milyonlarla pul ayrılır və hər halda məhəllərdə, parklarda uşaqlar üçün meydançalar salmaq olar.teref.az

Paylaş