Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin məhkəməsi avam etdirilib.

Bakupost.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktını elan edilib.

İttihama görə, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bir neçə dəfə xaricə gedib-qayıdıb.

Z.Abdullayeva bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb. Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

Hüseyn Abdullayevlə yanaşı digər şəxslərdə özünü təqsirli bilməyib.

Prosesdə təqsirləndirilən N. Əliyev ifadə verib. O deyib ki, taksi sürücüsü olub: “Taksi sürücüsü kimi Zeynəb xanımı Balakənə aparmışam. İttihamları qəbul etmirəm”.

Növbəti proses aprelin 12-də keçiriləcək.

Rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları, iş üzrə təqsirləndirilən H.İbrahimov, Z.Quliyev və P.Kazımovun ötən proses barələrindəki qətimkan tədbiri dəyişdirilərək azadlığa çıxıblar

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Korrupsiya.Az

Paylaş