Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəhərdə hegemonluğu yaxın ətrafının da “at oynatması”na şərait yaradıb

Cahan.info xatırladır ki, bunun bariz nümunəsi əmisi oğlu Novruz Fərəcovun qalmaqallı videosudur.

Z.Fərəcov hansı imkanları yaradıb ki, qohumları özlərini kral kimi hiss edirlər və insanları təhqir eləməkdən çəkinmirlər.

Videodan görünür ki, icra başçısının əmisi oğlu onun avtomobili ilə toqquşan maşının xanım sürücüsünü aşağılayır.

Bu, hansı mədəniyyətin göstəricisidir? Hətta N.Fərəcov qadını vurmaqla hədələyir. Hadisə Sumqayıtda dənizkənarı parkın yaxınlığında baş verib.

Z.Fərəcovun adamları artıq qoçuluq etməyə başlayıblar. Amma deyəsən, prezidentin məmurlara və onların övladlarına, qohumlarına etdiyi xəbərdarlıq Sumqayıtın icra başçısının yadından çıxıb.

Əgər unudubsa, biz xatırladaq ki, dövlət başçısı vətəndaşlara yuxarıdan aşağı baxan, harınlıq, qudurğanlıq edən məmurları işdən çıxaracağını, onların yaxınlarının həbs ediləcəyini söyləmişdi.

Amma Z.Fərəcov özünü Sumqayıtın mütləq-hakimi elan edib. Sanki Sumqayıtda dövlətin qanunları yox, Zakir Fərəcovun öz qanunları işləyir.

Bu günlərdə reyting.az yazmışdı ki, prezidentin ehtiyat fondundan şəhərin abadlaşdırılması məqsədilə ayrılan vəsaitlərin necə xərcləndiyi hələ ki araşdırılmasa da, lakin bəzi məmurlar abadlaşdırma işlərini bəhanə gətirərək buradakı iş adamlarından da pul yığıblar.

Onların məhz Zakir Fərəcovun gəlişindən sonra böyük kapitala sahib olduqları da vurğulanır. Onlardan ikisi xüsusi qeyd edilir və başçının toxunulmaz hesab etdiyi həmin şəxslər şəhərdə həm də əsas söz sahibləri hesab olunurlar.

Onlardan biri icra başçısının müavini Fəzail Hüseynovdur. O, Zakir Fərəcovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.

Sayta danışan mənbə iddia edir ki, onun “məharəti” sayəsində Sumqayıtda belə demək mümkünsə, şəhərin bugünkü vəziyyətə gəlib çatmasında xidmətləri olanlar və sayılıb-seçilən iş adamlarından heç kim qalmayıb.

Onlar ya obyektlərindən məhrum ediliblər, ya da ev-eşiklərini satıb Sumqayıtdan getməklə belələrinin əlindən canlarını qurtarıblar.

“Sumqayıtdakı müəssisə rəhbərlərinin hamısı Fəzail Hüseynovun əli ilə vurulub. Çünki əsas söz sahibidir. Zakir Fərəcov da onun istəyinin əleyhinə çıxa bilmir”, – mənbə bunu da xüsusi vurğulayır.

Fəzail Hüseynovun ətrafında vaxtilə pulyığan böyük bir qrup da olub. Onların adları heç yerdə qeydiyyatda olmasa da, hamısı bahalı avtomobillərdə gəzirdilər.

Bu qrupa daxil olanların əsas işi ancaq Fəzail Hüseynovun göstərişi ilə müəyyən adamlardan pul toplamaq idi. Hazırda onların bir neçəsi aradan çıxıb.

Sumqayıtdakı bəzi qanunsuz işlərə də məhz F. Hüseynov başçılıq edir. Bu özbaşınalıqlardan, qanunusuz əməllərdən icra başçısı Z. Fərəcovun da xəbəri olmamış deyil.

F.Hüseynov dövlət məmuru olmaqdan əlavə, başçının xeyir-duası ilə elə bir səlahiyyət sahibinə çevrilib ki, obyektləri əllərindən alınmaq, yaxud sökülmək təhlükəsi ilə üzləşənlərin hamısı ancaq Fəzail Hüseynovun, necə deyərlər, saqqalının altından keçməli, onunla hesablaşmalıdır.

İkinci şəxs şəhərin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Adil Xudadatovdur.

O da Sumqayıtdakı bəzi qanunsuz əməlləri ilə özünü demək olar hamıya tanıdıb, həm də sübut edib ki, hansı qanunsuzluğa imza atsa belə, Fərəcovun sayəsində toxunulmazlığını qoruyacaq.

Onu Zakir Fərəcov Abşeron rayonundan Sumqayıta başçı gələndə özü ilə gətirib. Yəni, cənab Fərəcov üçün sınaqdan çıxmış məmurdur.

Hamı onu çox bacarıqlı alış-veriş ustası kimi tanıyır. Şəhərdə pərdə arxasında aparılan sövdələşmələrin başında dayanır.

Rəhbərliyin qaydalarına, tələblərinə və göstərişlərinə tabe olmaqdan boyun qaçıran sahibkarlar bu şəxsin vasitəsilə, belə demək mümkünsə, “yola” gətirilir.

O, Memarlıq və şəhərsalma idarəsində baş memardır. Adil Xudadadatov təkcə şəhərsalma üzrə baş memar deyil ha…

Otağında bəzi sənədləri o imzlayır, idarənin bütün işlərinə isə Adil nəzarət edir. Onun razılığı olmadan heç bir sənəd təsdiqlənə bilməz. Bəli, Zakir Fərəcov komandasına belələrini toplayıb

Bir sözlə, Zakir Fərəcovun adamları, əmisi oğlu Sumqayıtda “meydan sulayır”, onlara “gözün üstə qaşın var” deyilmir.

 

Paylaş