Hər bir ölkənin inkişafı üçün davamlı xarici iqtisadi əlaqələr, investisiya yatırımları, yaxın və uzaq region ölkələri ilə müştərək qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan həm dövlət tərəfindən, həm də konkret ölkənin özəl sektor nümayəndələri tərəfindən reallaşdırılan işlər bütün tərəqqipərvər cəmiyyətlərdə hər zaman təqdir olunur. Son iki onillik ərzində Azərbaycanın özəl sektorunu təmsil edən şirkətlərinin, həmçinin ayrı-ayrı biznesmenlərin xarici ölkələrdə gördüyü uğurlu işlər də bu baxımdan daim ciddi diqqət mərkəzindədir. Öz müvəffəqiyyətləri ilə hər bir azərbaycanlı vətənpərvərə sevinc bəxş edən belə uğurlar az olmasa da, təəssüf ki, buna nail olmaq heç də hər zaman asan başa gəlmir. Elə bu günlərdə Rusiya ərazisində neçə ildən bəri səylə çalışan bir şirkətimizin qarşılaşdığı ağlasığmaz problemlər buna daha bir əyani sübutdur. Söhbət Moskva şəhəri və ətraf regionda reallaşdırdığı möhtəşəm layihələrlə adından söz etdirən SDI Group şirkətinin qarşılaşdığı haqsızlıqlardan gedir.

Mahiyyətcə ötən əsrin 90-cı illərində bir çox postsovet ölkələrində baş verən hərcmərclik, reketlik, özbaşınalıqları xatırladan bu hadisələrin təfərrüatına keçmədən öncə qeyd edək ki, SDI Group şirkəti 2005-ci ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan və qısa müddət ərzində iri dövlət layihələrinin icrasında böyük uğurlar əldə edən Akkord Şirkətlər Qrupunun keçmiş rəhbəri İlqar Hacıyev tərəfindən yaradılaraq fəaliyyət göstərir. Cəmi 4-5 il ərzində yerli miqyaslı bir müəssisəni beynəlxalq transmilli şirkət səviyyəsinə yüksəldən, fəaliyyətini Gürcüstan, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan kimi ölkələrə yayan bu bacarıqlı iş adamının 2011-ci ildə Rusiyada yaratdığı SDI Group şirkəti də az vaxtda bir sıra böyük layihələrə start verib. Əsasən, çoxsaylı yaşayış komplekslərinin, həmçinin Moskva ətrafında ayrıca bir şəhərciyin tikintisindən ibarət işlər cari ilin əvvəlinədək yüksək sürət və keyfiyyətlə davam etdirilib. Bütün yerli normativlər, qanunvericilik bazasının tələbləri, beynəlxaql standartlara uyğun olan bu fəaliyyət şirkətə rəhbərlik edən İlqar Hacıyevi Rusiya məkanında da bacarıqlı və məsuliyyətli iş adamı kimi tanıdıb. Demək olar ki, artıq hər kəsin bu istedadlı biznesmenin qonşu ölkənin iş dünyasında da getdikcə daha böyük uğur və nüfuz qazanacağını düşündüyü bir vaxtda SDI Group olduqca gözlənilməz bir qalmaqalın ortasında qalıb. Səbəb isə, sadəcə, ağlasığmazdır –Rusiya Federasiyası kimi sivil bir qanun dövlətində “oğru qanunları” ilə fəaliyyət göstərən bir qrup, azərbaycanlı biznesmenin ugurlu fəaliyyətinin nəticəsini güc yolu ilə mənimsəmək niyyətinə düşüb. Qrupa isə, nə az-nə də azacıq – Forbes ünvanlı milyarder Qod Nisanov rəhbərlik edir!!!

Qeyd edək ki, bu ağlasığmaz qalmaqal artıq Rusiya mətbuatında da geniş rezonans doğurub. Lakin məsələ ilə bağlı Rusiya mətbuatında gedən xəbərlər əslində bu ilin yanvar ayından başlayan proseslərin sadəcə, son mərhələsini, yəni aprel ayının 26-də SDI Group-un Moskva şəhəri, Kutuzov prospekti, 3 ünvanda yerləşən Baş ofisinə edilən basqın və ofisin zəbt

olunmasını işıqlandırır. Baş verənlərin qısa məzmunu isə, Rusiya KİV-də belə təsvir olunur (mənbə: svoboda.org):

“- Bizim iş günümüz səhər saat 8-də başlayır. Qapılar bağlanıb, əməkdaşlar işə gəlsələr də binaya daxil ola bilmədilər. Sonra içəridən bir nəfər çıxdı və dedi: bu gün heç kim sizi içəri buraxmayacaq, – SDI Group tikinti şirkətinin əməkdaşı Reqina İşmakova bildirir.

SDI Group nümayəndələri “Azadlıq Radiosu”na video təqdim ediblər: şirkətin işçiləri ofisin girişi qarşısında dayanblar, onlar heç olmasa şəxsi əşyalarını götürmək üçün içəri daxil olmaq istəyirlər. Ofisin daxilində olan adamlar bunu etməyə razılaşsalar da, onları növbə ilə və yalnız nəzarət altında keçmək şərti ilə buraxa biləcəklərini deyirlər.

Videoda polis işçiləri də görünür, lakin vəziyyətə müdaxilə etmirlər.

SDI Group-da çalışan hüquqşünas Dəmir Bəşirov izah edir ki, şirkətin ofisi təcavüzkar tərəfə tabe olan Özəl Mühafizə Müəssisəsi (ÖMM) tərəfindən mühafizə edilir:

ÖMM bizimlə müqavilə bağlayıb. Yəni bizim öz mühafizəmiz bizi öz ofisimizə buraxmır! Biz üç dəfə “112”-yə zəng edib polis çağırmışıq. Necə olursa, hər dəfə eyni heyət gəlir, hərçənd, bu mümkün deyil. Bu necə olur, eyni polis heyəti heç bir başqa çağırışa getmir və hər dəfə məxsusi oturub bizim ünvandan daxil olan çağırışa gəsin? Biz polisə dedik: biz bu ofisi icarəyə götürmüşük, gəlin içəri daxil olaq, məkanın icarə müqaviləsini sizə göstərək. Biz istənilən vaxt ÖMM-in xidmətindən imtina hüququna sahibik və siz, polis əməkdaşı kimi onları bizim ofisimizdən çıxarmalısınız. Polislər isə bizə deyirlər ki, ÖMM burada qanuni əsaslarla dayanıblar, siz isə… burda dura bilərsiniz, – Bəşirov bildirir.

Beləliklə, paytaxtın iri tikinti şirkəti aprelin 24-dən öz ofisindən məhrum olum. Şirkət nümayəndələri deyirlər ki, başqa polis əməkdaşları (“112” çağırışına gələnlərdən fərqli) ofisdən bəzi sənədlər aparıblar. SDI Group-un ofisi Kutuzov prospekti, 3 ünvanda yerləşir. Moskva çayının o biri sahilində isə. Rusiya hökumətinin iqamətgahı – Ağ Ev yerləşir.

Şirkət nümayəndələrinin sözlərinə görə, aprelin sonunda baş verən hadisə onların ofisinə artıq ikinci basqındır. Yanvarın sonunda Ağ Evin qarşısındakı binaya bir qrup cüssəli adam daxil olub (bu video “Azadlıq Radiosu”nda var). Onlar bəyan ediblər ki, indi hər kəs SDI Group-da qeydiyyatda olmayan hansısa qadının göstərişlərini icra etməlidirlər. İşmakovanın bildirdiyinə görə, o vaxtdan bu qadın üç ay şirkətdə bütün əməliyyatlara nəzarət edib, indi isə, ofisi idarə edir. SDI Group nümayəndələrinin mülahizəsinə görə, hər iki basqın Qod Nisanov tərəfindən təşkil edilib. Nisanov Forbes-in siyahısında 37-ci pilləni tutur, onun varidatı 3.3 milyard dollar dəyərində qiymətləndirilir. O, paytaxtın iri bazar və ticarət mərkəzlərinin, həmçinin başqa aktivlərin sahibidir. SDI Group – İlqar Hacıyevin şirkətidir, əvvəllər o, Ümumrusiya Azərbaycanlıları Konqresinə rəhbərlik edib.

– Bizim layihələrimizdən biri “VernadSKY”-dır. Biz baş podratçı qismində çıxış edirdik, yanvarın sonunda sifarişçi ilə münaqişə yarandı. SDI Group-un onlarla çoxlu müştərək layihələri var idi, belə ki, oraya böyük pullar yatırılmışdı, lakin sifarişçi tikintinin formatını dəyişmək istədi. Bizim sənədləri və qaimələri təqdim etməyimizə baxmayaraq, tərəfdaşlarımız tərəfimizdən yatırılmış pulun məbləği ilə razılaşmadılar, – hüquqşünas Dəmir Bəşirovun sözlərinə görə, münaqişə belə başlayıb.

“VernadSKY” – Moskvanın cənub-qərbindəki elit rayonda tikilməkdə olan 25 mərtəbəli yaşayış kompleksidir. SDI Group-un prezidenti İlqar Hacıyevin “Azadlıq Radiosu”na bildirdiyinə görə, onun şirkəti ilə münaqişəyə girən məhz Qod Nisanovun adamlarıdır:

Mən üç ay onlarla razılığa gəlməyə çalışdım. Onlar məni FTX, polislə təhdid edirdilər, mənə “qanuni oğrular” zəng edirdilər. Onların heç bir qanuni haqqı yoxdur, amma şirkəti zəbt ediblər. Onlar “VernadSKY” layihəsindən gələn yüz milyonlarla dollar gəliri görüb, onu ələ keçirməyə çalışdılar, indi isə, “Piroqov Rivyera”nı ələ keçiriblər. Onlar hər zaman belə edirlər, azərbaycanlıları qorxudurlar. Mən, yəqin ki, buna qarşı çıxan tək adamam, – Hacıyev bildirir.

SDI Group nümayəndələrinin sözlərinə görə, münaqişə nəticəsində Moskvadakı “VernadSKY”, həmçinin Moskva ətrafındakı “Piroqov Rivyerası” və “Akkord Smart-kvartal” yaşayış komplekslərindəki mənzillərin pulunu ödəmiş insanlar ziyan çəkə bilərlər. Şirkətə basqının nəticəsində bu obyektlərin tamamlanıb təhvil verilməsində çətinliklər yarana bilər. Ona görə də SDI Group məsələ ilə bağlı Moskva merinə və Moskva vilayətinin qubernatoruna müraciət etmək niyyətindədir.

ÜMUMİ İŞLƏR

Nişanovun nümayəndələri onun bu məsələyə bağlılığını inkar edirlər. “Kiyevskaya Ploşad” şirkətlər qrupu və Qod Semyonoviç Nisanovun sizin bəhs etdiyiniz bu vəziyyətə heç bir aidiyyatı yoxdur. Qod Nisanovun hansısa bir formada sizin bəhs etdiyiniz hadisədə iştirak etməsi barədə informasiya yalandır”, – Qod Nisanovun “Kiyevskaya Ploşad”şirkətinin mətbuat xidmətindən “Azadlıq Radiosu”na bildirilib.

Hacıyev və Nisanov biznesdə ən azından dolayısı ilə üz-üzə gəliblər. SDI Group “VernadSKY” yaşayış kompleksini “İlion treyd”lə birlikdə inşa edir. Spark-ın məlumat bazasına görə, “İlion treyd”in sahibləri Nisanovun yaxın tərəfdaşı Zaxar İliyevin qohumlarıdır. Həmçinin, “İlion treyd” Nisanovun ən böyük aktivlərindən olan, Lyublindəki məşhur “Moskva” TM-i idarə edir.

Hacıyev əvvəllər Nisanovun strukturlarında çalışmış Mardxay Yuşvayevlə birlikdə yaşayış evlərinin əsaslı təmiri proqramında iştirak edən və Spark-ın məlumatına görə, Moskvadakı yol işləri sifarişlərini alan “Akkord spetsstroy” şirkətinin müştərək sahibidir.

“Azadlıq Radiosu” SDI Group-un ofisində baş verən hadisələrlə bağlı Moskva Mərkəzi administrativ dairəsi Dİİ-yə müraciət edib. Dİİ mətbuat xidmətindən sorğunun alındığını təsdiq etsələr də, yazı nəşr olunanadək cavab verməyiblər.”

Qeyd edək ki, Rusiya KİV-də bu məsələ ilə bağlı təqdim edilən yuxarıdakı yazı hadisə barədə müəyyən təsəvvür yaratsa da, əslində, məsələnin kəskinliyini və əhatəsini tam şəkildə əks etdirmir. Ola bilsin ki, burada əsas səbəblərdən biri, Rusiya kimi bir dövlətdə məsələlərin qanun müstəvisində deyil, hüquq-müafizə orqanlarının passiv müşahidəsi altında güc və zorakılıq yolu ilə həll edilməsi reallığı qarşısında bir çəkingənlikdir. Eyni zamanda, bu məsələdəki tərəflərdən birinin məhz Rusiya mənşəli olmayan qeyri-millət nümayəndəsi ilə bağlı olması da səbəb ola bilər. Lakin məsələnin qonşu ölkədə səy və məsuliyyətlə çalışan bir azırbaycanlı iş adamı üçün nə qədər kəskin və təhlükəli olduğu bir reallıqdır. Bunu İlqar Hacıyevin bir qədər öncə Rusiya prezidenti Vladimir Putinə açıq müraciət etmək məcburiyyətindən də görmək mümkündür. Həmin müraciətdə deyilir:

Rusiya Federasiyasının Prezidentinə

Müraciət

Hörmətli, Vladimir Vladimiroviç!

Mən, 03.07.1973-cü il təvəllüdlü Hacıyev İlqar Əlləz oğlu Moskva şəhəri və Moskva vilayətində yaşayış və infrastruktur obyektlərinin tikintisi sahəsində fəaliyyət göstərən şirkətlər qrupunun təsisçisiyəm. Mən yaranmış vəziyyətin həllinə kömək etmək xahişi ilə Sizə müraciət etmək məcburiyyətindəyəm. Mən Sizə ilk növbədə bu gün işsiz və nəticə etibarilə yaşayış üçün vəsaitsiz qalmış yüzlərlə əməkdaşlarımın ailələri adından müraciət edirəm. Həmçinin, mən Sizə şirkətlərim tərəfindən tikilən yaşayış komplekslərindən mənzil alımış və üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində hüquqları pozulmuş minlərlə ailə adından müraciət edirəm.

Mən öz biznesimi uzun illər ərzində vicdanla, kontragentlər, öz təşkilatlarımın əməkdaşları, həmçinin sıravi istehlakçılar qarşısında vəzifələrimi icra etməklə qurmuşam. Mənim işimin əsas prinsipləri dürüstlük, şəffaflıq, qanunpərəstlik olub. Hər zaman qarşıma qoyduğum məqsəd üzərimə götürdüyüm öhdəliklərin lazımi səviyyədə yerinə yetirilməsi olub.

Mənim şirkətim bu kimi obyektlərin tikintisini həyata keçirir:

1. “Vernad SKY” YK (Moskva ş., Vernadski prospekti, tik.78);

2. “Piroqov Rivyerası” YK (MV, Mıtişinski rayonu, Piroqovo, İlyinski küç., 5);

3. “Akkord Smart-kvartal” YK (MV, Odinçovski rayonu, Mıtkino, 1);

4. XTNS-də Kremlyovsk atsürmə məktəbi;

5. Rəqs məktəbi (Moskva ş., Krılatskaya küç., 23);

6. Həmçinin, Moskva şəhəri və Moskva vilayətinin əllidən artıq infrastruktur obyekti.

“VernadSKY” YK Moskva şəhərinin Qərb inzibati dairəsində öz ticarət mərkəzi olan 25 mərtəbəli unikal biznes-klass yaşayış kompleksdir. Yaşayıç kompleksində ümumilikdə 283 mənzilin yerləşdirilməsi planlaşdırılıb.

“Piroqov Rivyerası” yaşayış kompleksi Moskva vilayətinin Mıtişi şəhər dairəsində 49 ha sahədə ucaldılan komfort-klass layihədir. Yaşayış kompleksi özündə 6 mindən artıq mənzili birləşdirən 20 çoxmənzilli doqquzmərtəbəli binalardan ibarətdir. Kompleksin tikintisi bir neçə mərhələdə aparılır. Hazırda plana uyğun olaraq birinci mərhələ təhvil verilib, ikinci mərhələ 2019-cu ilin dekabrında təhvil verilməlidir.

Tikinti 30.12.2014-cü il tarixli 214 saylı “Çoxmənzilli binaların və başqa daşınmaz əmlak obyektlərinin paylı tikintisində iştirak və Rusiya Federasiyasının bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsi haqqında ” Federal Qanuna əsasən tikintidə paylı iştirak proqramı əsasında maliyyələşdirilir. Tikintinin ikinci mərhələsinin 70%-i payçılar tərəfindən ödənilib ki, bu da minlərlə rusiyalı ailədən ibarətdir.

“Akkord Smart-kvartal” YK 34 ha sahədə yerləşən, ümumi sahəsi 131 000 kv.m.olan, inkişaf etmiş infrastruktura malik 12 binadan ibarət dördmərtəbəli monolit-kərpic yaşayış kompleksidir. Binalar üç mərhələdə təhvil verilməlidir. Ümumilikdə, kompleksdə 2 minə yaxın mənzil yerləşəcək. Bununla yanaşı, satılan mənzillərin əksər hissəsi rusiyalı ailələrə dövlət sosial dəstək proqramlarından yararlanmaqla əldə edilib.

VƏZİYYƏTİN TƏSVİRİ:

2019-cu ilin yanvarından etibarən Qod Semyonoviç Nisanovun rəhbərliyi ilə naməlum üçüncü şəxslər tərəfindən yürüdülən bir sıra fəaliyyətlər nəticəsində mən öz tikinti şirkətlərimin idarəçiliyindən kənarlaşdırılmışam. Bu onunla ifadə olunub ki, mənə və mənim yaxınlarıma fiziki zorakılıq təhdidləri altında mən, bu təhdidləri ciddi qəbul etməklə Rusiya Federasiyası sərhədlərini tərk etməli olmuşam.

Beləliklə, mənim biznesim mənim tikinti sahələrimdən birinə, konkret olaraq “VernadSKY” YK-nə hücumla müşaiyət olunan reyket işğalına uğrayıb. Belə ki, 21.01.2019-cu il tarixdə həmin tikinti sahəsinə basqın nəticəsində tikinti işləri tam şəkildə dayandırılıb, inşaatçılar isə zorakı şəkildə iş yerlərini tərk etməyə məcbur edilib. Bütün bunlar kreditor borclarının yaranmasına, tədarükçülər və subpodrat təşkilatlar qarşısında götürülmüş öhdəliklərin icrasının mümkünsüz hala gəlməsinə səbəb olub.

Bundan sonra, 25.01.2019-cu il tarixdə mənim şirkətimin ofisinə növbəti basqın baş verib ki, bu da Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır.

Beləliklə, iş gününün sonuna yaxın şirkətin Moskva şəhəri, Kutuzov prospekti, 3 ünvanında yerləşən ofisinə 20-yə yaxın naməlum və aqressiv əhval-ruhiyyəli silahlı şəxslər soxulublar. Onlar ofisdən çıxışı bağlamaqla, hamıya mobil rabitədən, həmçinin audio və video qeydiyyat cihazlarından istifadə etməyi qadağan ediblər. Sonra onlar varvarlıqla ofisdəki və yanaşı ərazidəki videomüşahidə sistemlərini söküblər. Göstərilən şəxslər binanı zəbt edərək hər kəsdən Qod Semyonoviç Nisanovun nümayəndəsi olan Teplinskaya Flyora Dardanilovnanın sərəncamlarını sözsüz şəkildə yerinə yetirməyi tələb ediblər.

Mənim şirkətimə məxsus əmlakın qeyri-qanuni zəbt edilməsi faktı mənim bu müraciətə əlavə etdiyim audio və videoyazı ilə təsdiq olunur.

Növbəti gün şirkətin ofisinə Qod Semyonoviç Nisanovun xalası oğlu Yusupov Vladislav İlyuşaeviç gələrək şirkətin top-menecerlərini toplayıb və hər kəsə elan edib ki, artıq şirkətin yeni sahibi odur və bütün əməkdaşlar onun və Flyora Dardanilovna Teplinskayanın göstərişlərinə əməl etməlidirlər. Həmçinin, o, bütün fleş məlumat daşıyıcılarının və elektron bank açarlarının ona verilməsini tələb edib.

Nəticədə, üçüncü şəxslərin, o cümlədən Flyora Dardanilovna Teplinskayanın mənim şirkətlərimin daxili təsərrüfat fəaliyyətinə qeyri-qanuni müdaxiləsi səbəbindən bütün tikinti sahələrində, o cümlədən yuxarıda göstərilən yaşayış komplekslərində yaşayan bütün vətəndaşlar üçün nəzərdə tutulmuş uşaq bağçalarının, poliklinikaların tikinti sahələrində inşaat işləri iflic vəziyyətə salınıb. Kontragentlərə ödənişlərin edilməsi, həmçinin əməkdaşlara məvacib ödənilməsi, vergilərin ödənilməsi, alınmış materiallara görə tədarükçülərə, yerinə yetirilmiş işlərə görə podratçılara ödənişlərin edilməsi imkanları bloklanıb.

Vurulmuş yüksək miqdarlı maddi ziyana baxmayaraq, mən yaradılmış münaqişə vəziyyətinin bütün qanuni tənzimləmə üsullarından istifadə etməklə, dinc yolla həll edilməsinə cəhd göstərmişəm, çünki mən özümün və yaxınlarımın təhlükəsizliyindən ciddi şəkildə narahatam.

Lakin Qod Semyonoviç Nisanov və başqa şəxslər tərəfindən irəli sürülən qanunazidd tələblər səbəbindən kompromis əldə etmək mümkünsüzdür.

Bununla yanaşı, 24.04.2019-cu il tarixdə, mənim Moskvada olmadığım bir vaxtda baş ofisin təkrari reyder işğalı aşağıdakı şəkildə həyata keçirilib:

“SDI GROUP” MMC-nin Moskva şəhəri, Kutuzov prospekti, 3 ünvanında yerləşən ofis binasına silahlı şəxslər soxulub. Göstərilən şəxslər ofisə girişi bağlayaraq, şirkətimin əməkdaşlarını iş yerlərinə buraxmayıblar.

Ofisi işğal edən şəxslər Moskva şəhəri üzrə Daxili İşlər Nazirliyi İdarəsinin Qərb İnzibati Dairəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Şöbəsinin əməkdaşları ilə birlikdə mövcud qanunvericilik tələblərini pozmaqla mənim şirkətimin təsis və işçi sənədlərinə, möhürlərinə, fleş daşıyıcılarına, serverlərinə baxış və müsadirə tədbiri həyata keçirmişlər.

Göstərilən şəxslərin şirkətin baş ofisinə qanunsuz müdaxiləsindən sonra mənim şirkətimin polis əməkdaşlarının qanunsuz yoxlaması zamanı götürülməyən təsis sənədləri, möhürləri, elektron bank açarları itmişdir.

Şirkətimin işi yenidən tam şəkildə iflic edilib, həm “Piroqov Rivyerası” YK, həm də “Akkord Smart-kvartal” YK-da, həmçinin dövlət müqavilələri əsasında həyata keçirilən layihələrdə tikinti materiallarının təchizatı və podrat işləri üzrə ödənişlərlə bağlı maliyyə-təsərrüfat əməliyyatları alt-üst edilib. “Piroqov Rivyerası” YK-nın tikinti obyektinə giriş də naməlum şəxslər tərəfindən tam qapadılıb. İnşaatçılar öz əmək vəzifələrinin icrasına buraxılmayıb.

Bundan başqa, 2019-cu il yanvar ayının sonlarından mənim şirkətlərimin rəhbərliyindən qeyri-qanuni kənarlaşdırıldığım vaxt ərzində mənim nəzarətimdən kənar şəxslərin şirkətlərin iqtisadi fəaliyyətinə müdaxiləsi nəticəsində kontragentlər qarşısında maliyyə öhdəliklərinin icrasının zərərinə olmaqla pul vəsaitlərinin çıxarılması hərəkətləri həyata keçirilmişdir. Göstərilən fəaliyyətlər Qod Semyonoviç Nisanov və başqa naməlum şəxslərin göstərişi ilə hərəkət edən Teplinskaya Flyora Dardanilovna və Yusupov Vladislav İlyuşayeviç tərəfindən aparılmışdır. Bu hərəkətlərdə cinayət fəaliyyəti əlamətləri vardır.

Yuxarıda göstərilən hərəkətlər məni hüquq-mühafizə orqanlarının qarşısında günahkar duruma düşürmək üçün həyata keçirilir.

Mənim şirkətim həmçinin bir çox digər layihələrin, o cümlədən aşağıdakı layihələrin icrasında böyük itkilərə uğramışdır:

1. Moskva ş., Krılatskaya küçəsi, 23 ünvanda yerləşən rəqs məktəbinin yenidən qurulması;

2. XTNS-də Kremlyovsk atsürmə məktəbinin pavilyonunun yenidən qurulması;

3. Moskva ş., Melnikov küçəsi, 24 ünvanda yerləşən mədəni irs obyektinin yenidən qurulması və bərpası;

4. Əsaslı təmir fondu ilə müqavilələr çərçivəsində yerinə yetirilən 30-a yaxın obyektdə görülən işlər;

5. Moskva ş., “Avtomobil yolları” DBİ-nin tenderləri üzrə avtoyol obyektlərinin təmiri və tikintisi ilə bağlı 50-yə yaxın obyektdə işlər.

Beləliklə, üçüncü şəxslərin qanunsuz əməlləri nəticəsində minlərlə rusiyalı ailə əziyyət çəkir, onların bir qismi yaxın zaman ərzində öz sosial hüquqlarını tam şəkildə reallaşdırmaq imkanlarından, bir qismi isə bundan başqa həm də öz mənzillərinə vaxtında yerləşmək imkanından məhrum edilirlər.

Bununla yanaşı, mənim biznesimə kontragentlər qarşısında öhdəliklərimin icrasını gecikdirmək səbəbindən cərimə sanksiyaları, əlavə xərc, peniyalar və s. kimi ödənişlərlə ifadə olunan irimiqyaslı ziyan vurulub.

Bundan başqa, mənim biznesimin gələcək inkişafına mənfi təsir göstərə biləcək işgüzar nüfuz zədələnməsini də ciddi itki kimi qeyd etmək lazımdır. Həmçinin bu, mənim şirkətlərimin Etibarsız Təchizatçılar Reyestrinə daxil edilməsinə səbəb ola bilər.

Bütün bunlar mənim şirkətlərimin kontragentlər, mənim əməkdaşlarım və sıravi vətəndaşlar qarşısında öhdəliklərimin icrasını təhlükə altında qoyur.

Bir daha təkrar edirəm ki, mənim ünvanıma Qod Semyonoviç Nisanovun nümayəndələri tərəfindən bir sıra təhdidlər, o cümlədən fiziki cəzalandırma, həmçinin mənim şirkətlərimin fəaliyyətinin Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və digər nəzarət orqanları tərəfindən yoxlanlmasının təşkili ilə bağlı təhdidlər daxil olub, pul qoparma yolu ilə təzyiq göstərilib.

Xahiş edirəm, mənimlə və ya yaxınlarımla bağlı nəsə baş verərsə, bunda bu şəxslərin əli ola biləcəyini nəzərdə saxlayasınız.

Xahiş edirəm nəzərə alasınız ki, mənimlə bağlı qanunsuz hərəkətlərin baş verdiyi vaxt mən diplomatik missiyanın əməkdaşı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri olmuşam.

Göstərilənlərlə əlaqədar,

XAHİŞ EDİRƏM:

1. Mənə və mənim biznesimə münasibətdə qanunazidd hərəkətlərin həyata keçirilməsi faktının araşdırılması aparılsın.

2. Yaranmış vəziyyətin həllinə və mənə və mənim biznesimə qarşı qanunsuz hərəkətlərin dayandırılmasına hərtərəfli kömək göstərilsin.

3. Şirkətin iş qabiliyyətinin bərpası, tikintinin yekunlaşdırılması və götürülmüş öhdəliklərin yerinə yetirilməsinə köməklik göstərilsin.

Əlavə edilir:

1. Müraciətdə göstərilən vəziyyəti təsdiq edən videomaterialların qeyd edildiyi fleş-daşıyıcı.

İ.Ə.Hacıyev

Qeyd edək ki, azərbaycanlı iş adamının müraciəti eyni zamanda RF Federal Təhlükəsizlik Xidmətinə, RF Baş Prokurorluğuna və Moskva şəhər Prokurorluğuna da təqdim edilib və qeydiyyata alınıb. Çox yəqin ki, yaxın vaxtlarda bu instansiyalarda başlanan araşdırmalar həmyerlimiz, istedadlı iş adamı İlqar Hacıyevə qarşı yönəlmiş bu qanunsuzluqların kökündə dayanan bütün amilləri aşkara çıxaracaqdır. Lakin bu məsələdə diqqətdən qaçırılmamalı olan əsas amil başqadır.

Rusiya paytaxtında azərbaycanlı iş adamının bu dərəcədə qanunsuz təzyiqlərə, təhdid və zorakılıqlara məruz qalması faktı olduqca ciddi dəyərləndirilməli və bu tipli məsələlər həm də azərbaycanlı iş adamlarının xarici ölkələrdə uğur qazanmasında maraqlı olan dövlət strukturlarını da yaxından ilgiləndirməlidir. İlk növbədə ona görə ki, ölkə xaricində istənilən sahədə vicdanla çalışan hər bir həmvətənimizə verilən dəstək elə bizim öz doğma respublikamıza, onun gələcəyinə və müsbət imicinə verilən dəstəkdir. Digər tərəfdən, xaricdə uğur qazanan hər bir vətənpərvər azərbaycanlı iş adamı həm də bu cür müəssisələrdə işə cəlb edilən yüzlərlə həmvətənimiz üçün iş və firavan dolanışığın təminatçısıdır. Elə haqqında danışdığımız SDI Group şirkətində də 200-dən artıq azərbaycanlı çalışır və öz ailəsini təmin edir. Zənnimizcə, bu fakt da xaricdə çalışan həmvətənlərimizə dəstək verməkdə mükəlləf olan dövlət qurumlarımızın diqqətini cəlb etməlidir.

O ki qaldı yad bir ölkədə yalnız öz gücü və bacarığı sayəsində ayaqda durmağı bacaran, müxtəlif xarakterli çətinliklərlə mübarizə apararaq reallaşdırdığı işlərlə ölkəmizi layiqincə təmsil edən insanlara, onlar şübhəsiz ki, bu baxımdan arxalarında dövlət dəstəyi duymaqdan daha da möhkəmlənər və inkişaf edərlər. İndiki halda SDI Group da belə bir ehtiyac qarşısındadır.

Son məlumata görə, artıq şirkət rəhbərliyi tərəfindən müvafiq dəstək üçün Azərbaycan respublikasının Rusiya Federasiyasındakı səfirliyinə və dövlət başçımıza belə bir müraciət hazırlanmaqdadır.azsiam.az

Paylaş