Azərbaycanda dövlət satınalmalarında xeyli şübhəli məqamlar var. Əsas şübhəli məqamlardan biri də eyni şirkətin müvafiq dövlət qurumlarının keçirdiyi tenderlərdə davamlı olaraq qalib gəlməsidir.

Belə şirkətlərdən biri də 2016-cı ilin mart ayında dövlət qeydiyyatına alınmış “Star Construktion-12” Qapalı Səhmdar Cəmiyyətidir. MMC kimi yaradılan sözügedən şirkət 2018-ci ilin avqust ayında təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Qanuni təmsilçisi Bayramov Mirsahib Atamalı oğlu olan şirkət Mədəniyyət Nazirliyinin və Milli Arxiv Fondunun keçirdiyi tenderlərin də əksəriyyətini qazanır.

Araşdırmalar zamanı məlum olub ki, yarandığı 2016-cı ildə qazandığı tenderlərlə diqqətləri özünə çəkən şirkət təkcə cari ilin noyabr ayının iki ongünlüyündə 8 satınalmanın qalibi olub:

– Şirkət noyabrın 5-də Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon MKTB-nin keçirdiyi Binəqədi rayon ərazisində yerləşən park və küçələrdə aparılacaq abadlıq işlərinin satınalınmasını qazanıb – tenderin məbləği 183062.27 AZN.

– noyabrın 13-də “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində (Bakı şəhəri Həsən bəy Zərdabi küçəsi 593 ünvanında) aparılacaq kommunal-kommunikasiya xətlərinin çəkilişi işləri”nin satınalınması – 95615.75 AZN.

– noyabrın 17-də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində (Bakı şəhəri Ziya Bünyadov prospekti 3 və Həsən bəy Zərdabi küçəsi 593 ünvanında) aparılacaq cari təmir işləri”nin satınalınması – 166111.57 AZN.

– noyabrın 17-də Mədəniyyət Nazirliyinin Sabirabad Regional İdarəsində cari təmir işlərinin satınalınması – 179756.98 AZN.

– noyabrın 19-da M.F.Axundov adına Milli Kitabxanada kommunal və kommunikasiya işlərinin satınalınmas – 135324.76 AZN.

– noyabrın 19-da M.F.Axundov adına Milli Kitabxanada cari təmir işlərin satınalınması – 209310.64 AZN.

– Noyabrın 19-da Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin maşın və avadanlıqların satınalınması – 29181.4 AZN.

Rəsmi məlumatlara görə, çox profilli şirkət 2019-cü ilin avqust ayının 10-da Azərbaycan Milli Arxiv İdarəsi asaslı təmir işlərinin icrasına dair 888 min 155 manat məbləğində müqavilə imzalayıb.

“Star-Construktion-12” MMC ilə bağlı Azadlıq radiosunun araşdırmasında da şübhəli məqamlar üzə çıxıb:

2016-cı ilin martında yaradılan “Star-Construktion-12” MMC həmin ilin 3-4 ayı ərzində Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş Ucar rayon mədəniyyət idarəsinədək çoxsaylı dövlət qurumlarının keçirdiyi 27 tenderdən qalib ayrılıb. Cəmi 3 ay əvvəl yaradılan bir şirkətin hansı resurslarla ölkənin ən müxtəlif yerlərində eyni vaxtda təmir, abadlıq, mal və avadanlıqların təchizatını həyata keçirdiyi çox maraqlıdır.

“Star Construktion-12” MMC ilə eyni gündə yaradılan “Kontakt-F” MMC-nin bir-biri ilə bağlılığı məlum olmasa da, dövlət satınalmalarında sinxron iştirak etdikləri faktdır. Satınalmalara dair müsabiqələrin yekun protokollarına görə, «Kontakt-F» MMC yarandığı vaxtdan ümumi məbləği 17 milyon 199 min 829 manat olan 28 müqavilə imzalayıb.

“Star Construktion-12” MMC də bu dövrdə (2016-cı ilin ilk 6 ayında) müqavilə sayına görə (27) “Kontakt-F” MMC-yə yaxınlaşsa da, onların məbləğinə görə xeyli geridə qalıb – cəmi 4 milyon 983 min 944 manatlıq.

2017-ci ildə aparılan araşdırmada deyilir ki, “Star Construktion-12” MMC Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal, Sabunçu və Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin, Ucar Rayon Mərkəzi Xəstəxanasının və mədəniyyət və turizm şöbəsinin, eləcə də M.F.Axundov adına Milli Kitabxananın çoxsaylı tenderlərinin qalibi olub… qaynarinfo.az

 

Paylaş