Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən İmişli rayonu ərazisində “Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol kənarı R11” ünvanında fiziki şəxs Ağayev Bəşir Ələsgər oğluna məxsus pendir və yağ istehsalı müəssisəsinə baxış keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin avtomobil təmiri sexində baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına, eləcə də qüvvədə olan hüquqi normativ aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə pendir və yağ məhsullarının heç bir laborator müayinəyə cəlb edilmədən, soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketləşdirmə aparılmadan istehsal olunduğu aşkarlanıb.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Paylaş