“Dünən iki keçmiş MTN generalının həbsi üzun müddətdir, müzakirə etdiyimiz işgəncələr kontekstində son dərəcə əhəmiyyətlidir. Onlardan biri – Mövlam Şıxəliyev Baş İstintaq İdarəsinin və digəri – Nizami Şirinov isə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olub”.
Korrupsiya.az xəbər verir ki, bunu sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, görünən odur ki, cinayətkarların immuniteti artıq tükənib:
“Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək. Tərtər qətliamını gündəmə gətirənlərdən və gündəmdə saxlayanlardan biri olaraq, bir daha açıq şəkildə bildirirəm ki, yeganə hədəfim cinayətkarların cəzalandırılması, günahsızların bəraət alması, insanların dövlətə, ədalətə, xalqına, ordusuna inamının bərpa olunmasıdır.  Kimin nəsə deməsi, hansı qarayaxmalar danışması, məqsədli uydurmaları isə tamamilə əhəmiyyətsizdir. Bunların hamısının cavabını vermək fikrim də yoxdur, çünki o cavabı bu gün vicdanlı insanlarımız özləri verirlər, yaxın gələcəkdə isə hadisələrin gedişatı bütün bu spekulyasiyaların hamısına birdəfəlik nöqtə qoyacaq.
Ümid edirəm və inanıram ki, dünən həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq. Amma bu, heç də o demək deyil ki, biz rahatlaşıb gözləməliyik. Bunu heç bir halda etmək olmaz, özü də bir neçə çox ciddi səbəbdən. Birinci səbəb odur ki, Azərbaycan Ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal şəbəkənin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək. Onun Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir”.
Ə.Oruclu qeyd edib ki, həbslər və ifşalar axarına düşən kimi bütün bu nəhəng ordu hərəkətə keçəcək və həmin həbsləri həyata keçirən müvafiq dövlət orqanlarını hədəfə alacaqlar: “Bir daha açıq şəkildə deyirəm ki, bu məsələdə heç bir siyasi marağım olmayıb və yoxdur, ona görə də bu işi aparan dövlət orqanlarını açıq şəkildə müdafiə etməyə hazıram. Yeganə şərtimiz də budur ki, iş ədalətli aparılsın, günahsız insanların tapdanmış haqqı və təmiz adı bərpa olunsun, qətlə yetirilənlərə şəhid statusu verilsin və əlbəttə ki, cinayətkarlar layiqli cəzasını alsınlar. Əminəm ki, on minlərlə heç bir siyasi iddiası olmayan həmvətənlərim də belə edəcəklər.

 

Bütün bu şərtlərin həyata keçməsi isə həm vətəndaşlarımızın dövlətə inamı, həm də dövlət-vətəndaş münasibətlərinin sağlam məcraya düşməsi üçün son dərəcə vacibdir. Bu da öz növbəsində başıbəlalı ölkəmizin gələcəyi, inkişafı və sadəcə mövcudluğu üçün son dərəcə önəmlidir. Rahatlaşmamaq üçün ikinci səbəb odur ki, dövlət və hakimiyyət orqanları bütün bu ağrılı və risqli addımları o zaman atacaqlar ki, vətəndaşlardan, yəni bizdən tələb və təpki görsünlər. Tərtər qətliamının gündəmə gəlməsi dediyimə əyani sübutdur. Məsələ bu qədər böyüməsəydi, ona diqqət də olmayacaqdı”.

Politoloq bildirib ki, üçüncü səbəb ümummilli faciədən öz çirkin niyyətlərinə çatmaq üçün istifadə etmək cəhdlərində bulunanların olmasıdır: “Bizim ayaqda qaldığımızı, məsələni gündəmdə saxladığımızı gördükcə belələri də ehtiyatlı davranmağa, geri çəkilməyə məcbur olacaqlar.  Odur ki, indi “Buz sındımı?” sualının cavabı ilk növbədə atılacaq addımların ardıcıllığından və səmərəliliyindən asılı olacaq”.

sfera.az

Paylaş