Koronavirusa yoluxma sayı günü-gündən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında bildirilib ki, son bir həftədə dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb. Vurğulanıb ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71 mindən çox olub.
Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVİD-dən ölüm sayı 46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində 7 faiz, Avropada isə 2 faiz artıb.
Azərbaycanda da həm yoluxma sayı, həm də virusdan ölənlərin sayı artıb. Ötən günün koronavirus statistikasına nəzər salsaq görərik ki, 2595 nəfər virusa yoluxub, koronavirusa yoluxan 37 nəfər isə vəfat edib.
Demək olar ki, sərt karantin rejiminin bir addımlığındayıq.
Ölkəmizdə vaksinasiya prosesi də davam etdirilir. Əhali arasında isə hələ də peyvənd olunmaq istəməyənlər var. Bu arada vaksin olunanlar üçün “SMS icazə” tətbiq olunmaya bilər. Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu vurğulayıb. İnsanlar niyə peyvəndləmədən yayınır? Vaksin olunanlara nə kimi güzəştlər ediləcək? Bu və digər suallarla bağlı ekspertlərə müraciət etdik.
Millət vəkili Azər Badamov “Yeni Müsavat”a mövzu ilə bağlı narahatlığını bildirib: “Çox təəssüf ki, son günlər koronavirusa yoluxanlar arasında artımlar müşahidə olunur. Bu infeksiyadan dünyasını dəyişənlərin sayı da artmaqdadır. Belə davam edərsə, təbii ki, daha sərt qərarların qəbul edilməsi gündəmə gələcək. Sərt karantin rejiminin tətbiqi ilə bağlı qərarlar Operativ Qərargah tərəfindən verilir.
Operativ Qərargah gündəlik yoluxmaların dinamikasını öyrənir və buna uyğun qərarlar verir. Yəni bu məsələ o qurumun səlahiyyətindədir. Amma mənim subyektiv fikrimcə, biz çalışmalıyıq ki, insanların sağlamlığı birinci yerdə olsun. Yəni dövlətimizin siyasətinə əsasən insanların sağlamlığı bu gün ən ilk yerdədir.
Koronavirusa yoluxanların sayı daha da artarsa, bu vəziyyət nəzarətdən çıxa bilər. Ona görə də insanlar vaksinasiyada mütləq iştirak etməlidirlər. Azərbaycan peyvəndləməyə ilk başlamış ölkələrin sırasındadır. Azərbaycan beynəlxalq təşkilat olan COVAX-a qoşularaq vaksinlərin beynəlxalq səviyyədə, ədalətli və əlçatan şəkildə bölgüsünü dəstəkləyən ölkədir. Bununla yanaşı, Azərbaycan hökuməti bilirdi ki, vaksinlərin bölgüsündə ədalətsizlik baş verə bilər, buna görə də Çindən ölkəmizə vaksinlər idxal edildi.
Bundan sonra ölkəmizdə əhalinin vaksinasiyasına başlanıldı. Hazırda bu proses sürətlə davam etdirilir. Amma çox təəssüflər olsun ki, insanlar arasında peyvənd olunmaqla bağlı tərəddüdlər var. Belə insanlar başa düşməlidirlər ki, peyvəndlənmənin alternativi yoxdur. Peyvəndlənməni biz insanların öz öhdəsinə buraxmışıq, könüllüdür, kim istəyirsə, vaksin olunur. Amma bununla yanaşı, gələcəkdə müəyyən məhdudiyyətlər yarana bilər. Bir müddətdən sonra dünyada gediş-gəliş üçün də ölkələr peyvəndləyən insanlar üçün sərbəst ola bilər.
Ola bilər ki, bir çox ölkələrə getmək qadağan da edilsin, peyvənd olunmaq tələb olunsun. Həm də sərt karantin rejimi tətbiq ediləcəyi halda peyvəndlənmiş şəxslər SMS icazələrindən azad oluna bilərlər. Çünki peyvəndlənmiş insanın yoluxma riski çox aşağıdır və hətta yoluxma baş versə belə, çox yüngül şəkildə keçirirlər. Əgər biz adi normal həyata qayıtmaq istəyiriksə, mütləq şəkildə hamımız vaksinasiya prosesində iştirak etməliyik”.
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə bildirib ki, sərt karantin rejimi xəstəxanalarımızda yerlər dolanda tətbiq ediləcək: “Hələ ki xəstəxanalarda yer var. Ona görə düşünmürəm ki, yaxın günlərdə sərt karantin olsun. Bizdə təqribən 1 milyona yaxın şəxs vaksin olunub. 10 milyonluq əhalinin 18 yaşdan yuxarı olanlar təxmini 5 milyon nəfər edir, bunun da yarısı virusa yoluxub sağalıb. Qalır 2 milyona yaxın insan, onun da 1 milyonu vaksin olunub. Açığını desəm, mən nikbin baxıram”.
İnfeksionist vaksin olunanlara güzəştlərin tətbiq edilməsini müsbət dəyərləndirir: “Hamıya karantin qaydaları tətbiq olunmamalıdır. Peyvənd olunmuş şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə artıq ehtiyac yoxdur. Çünki onlar heç kimi yoluxdurmayacaqlar, həm də özləri yoluxmayacaqlar. Yoluxsalar da, çox yüngül keçirəcəklər. Artıq görürük ki, peyvəndin yan təsiri, demək olar ki, yox səviyyəsindədir. Bizdə 1 milyona yaxın insan peyvənd olunub, hələ ki yan təsir müşahidə olunmayıb. Özümüz də, demək olar ki, hər gün 300-400 adama vaksin vururuq. Yəni ağırlaşma, problem müşahidə edilməyib”.
Paylaş