“Putin iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyanın daha çox səs toplaması haqqında düşünür və seçkiyə qədər olan müddətdə onun nüfuzunun artırılması istiqamətində təşəbbüslər edəcək. Deməli, Paşinyan Putin və Rusiya höküməti tərəfindən tələb olunan bütün məsələlərdə güzəştə gedib”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin dünənki görüşündən danışarkən deyib. O bildirib ki, Putinin Paşinyanı Moskvaya çağırmaqda əsas səbəb heç də iki ölkə arasında mal dövriyyəsinin artırılması yollarını müzakirə etmək deyildi:
“Putin daha ciddi məsələləri gündəliyə qoymuşdu və elə buna görə də görüş 3 saatdan artıq davam etdi. O hər şeydən əvvəl Paşinyandan ” İskəndər” raketləri ilə bağlı dediyi xoşagəlməz ifadələrlə Rusiya Hərbi Sənaye Kompleksinə vurduğu ziyan haqqında izahat istəyib və bu ləkənin təmizlənməsi üçün erməni baş nazirdən təsirli addımlar atmağı tələb edib. Bu addımların da Rusiyadan yeni hərbi texnika alınmasından ibarət olacağı heç kimdə şübhə yaratmır. Hər alınan silah partiyasının Ermənistana təqdim olunması zamanı Paşinyan Rusiya silahının üstünlükləri barədə mədhiyyələr oxumağa məcbur ediləcək”.
Politoloqun fikrincə, görüşdə Putin Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin müzakirə mövzusu olmasını deməklə heç də Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında gedən prosesləri nəzərdə tutmurdu:
“Onu ən çox maraqlandıran üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya xətlərinin açılması məsələsidir. Bu, Rusiya üçün Qafqaz və Yaxın Şərqlə əlaqələrin intensivləşdirilməsində ikinci nəfəs səciyyəsi daşıyır. Ermənistandan keçərək Türkiyə və İranı birləşdirəcək yeni kommunikasiya xətləri Rusiyanın iqtisadi vəziyyətinin inkişafında və ona tətbiq olunan sanksiyaların təsirinin azaldılmasında  əhəmiyyətli rol oynayacaq. Heç şübhəsiz, Putin Paşinyandan Ermənistan iqtisadiyyatına Rusiya tərəfindən edilən investisiyalar üçün hesabat da tələb edib.

Rusiyanın bu qədər tələbi qarşısında Paşinyan da əliboş deyildi. Amma onun bütün xahişlərini toplamaqla bir nəticəyə gəlmək mümkündür. Bu gün Paşinyanı ən çox narahat edən məsələ iyun ayının 20-nə nəzərdə tutulmuş seçkilərə Rusiyanın xeyir-duasına nail olmaqdır. Rusiya bu seçkilərdə öz favoritini elan etməkdə tələsmir və Kremlin yaxın tərəfdarşı olan eks-prezident Robert Köçəryanla da “dilxoşluq” etməkdə davam edir. Görünən budur ki, Paşinyanın indiki halda Rusiyaya təklif etdikləri Köçəryanın verə biləcəyindən daha qiymətlidir”.

Müsahibimizin sözlərinə görə, Paşinyan Putinlə Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının fəaliyyəti ətrafında bəzi məsələləri müzakirə etmək istədiyini bildirib:

“Bundan başqa, onun həll etməyə çalışdığı Azərbaycan həbsxanalarında hökm gözləyən erməni terrorçuların Ermənistana qaytarılmasıdır. Məlum olduğu kimi, Ermənistanın terrorçuları hərbi əsir kimi dünya ictimaiyyətinə təqdim etməsinə baxmayaraq, Azərbaycanın haqlı izahatı qarşısında söz tapa bilmirlər. Ona görə də bu şəxslərin azad edilməsi məsələsini Rusiyanın öhdəsinə buraxmaq istəyirlər. Təbii ki, Rusiya bu məsələdə Azərbaycana müəyyən təsir göstərə bilər. Amma Azərbaycanın da bu tələb qarşısında irəli sürdüyü məsələlər var ki, onlar yerinə yetirilmədən terrorçuların azad olunması öz həllini tapmayacaq. Amma Rusiya seçkilərdə Paşinyanın üzərində dayandığını qətiləşdirsə, Azərbaycanı razı sala  biləcək mexanizmləri işə salacaq”.

Paylaş