“Peyvəndlə bağlı saxta sənəd hazırlayanları 3 il həbs cəzası gözləyir”.
Bu sözləri Sfera.az-a açıqlamasında COVİD-19 əleyhinə vaksinasiya ilə bağlı saxta sənəd alanların olması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən vəkil İradə Cavadova deyib:
“Rəsmi sənədin saxtalaşdırılması, habelə vaksinasiyadan keçməyən şəxsə bununla bağlı saxta sənədin verilməsi sözsüz ki, cinayət məsuliyyətinin yaranması üçün əsasdır. Eyni zamanda, səlahiyyətindən sui-istifadə edərək  bu cür arayışların alınması da cinayət məsuliyyətinə cəlb etmək üçün hüquqi əsaslar verir”.
Vəkilin sözlərinə görə, bu saxtakarlıqda əsas məsuliyyəti həkim daşıyır: “Həmin addımı atan tibb işçisinə münasibətdə rəsmi sənədləri saxtalaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələrilə cinayət məsuliyyəti tətbiq oluna bilər. Həmçinin bu halda həmin saxta sənəddən istifadə edən şəxsə münasibətdə, habelə rüşvət vermə, alma  faktına görə də məsuliyyət yarana bilər”.

İ. Cavadova sözügedən əmələ görə, hansı cəzaların gözlənildiyini də söyləyib: “Cinayət Məcəlləsinin(CM) 320-ci maddəsinə görə, rəsmi sənədləri, dövlət təltifləri, möhür, ştamp, blankları saxtalaşdırmaq, qanunsuz hazırlamaq, satmaq və ya qanunsuz sənədlərdən istifadə etməyə, hüquq verən, yaxud vəzifədən azad edən rəsmi sənəddən istifadə etmək məqsədilə saxtalaşdırmaq, qanunsuz hazırlamağa görə, 3000 manat cərimə,  2 il islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.  Bilə-bilə saxta sənədlərdən istifadə edənlərə münasibətdə 200-dən 500-dək manatadək cərimə,  80 saat müddətinə ictimai iş cəzası tətbiq olunur.  Bu zaman CM-nin vəzifə səlahiyyətindən sui-istifadə etməklə bağlı 308-ci maddəsi də tətbiq oluna bilər. Amma adətən buna getmirlər”.

Paylaş