Rüşvət hansı halda cinayətdir?

Rüşvət – əksər insanın ikrah hissi ilə qarşıladığı, cəmiyyətin tərəqqisinə, şəffaf inkişafa mane olan amildir. Rüşvətxorluq korrupsiya cinayətlərinin ən geniş yayılmış, çox təəssüf ki, cəmiyyətin bütün təbəqələrinə sirayət edən, dövlət və  cəmiyyət üçün bəla hesab olunan aktdır.

Korrupsiyaya qarşı mübarizə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 31 oktyabr 2003-cü il tarixdə Konvensiyası qəbul edilib və əksər ölkə bunu ratifikasiya edib. Azərbaycanda 13 yanvar 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qüvvəyə minib. Baş Prokuror yanında (ixtisaslaşdırılmış) Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir.

Beynəlxalq təşkilatlar hər il korrupsiyaya qarşı mübarizə mövzusunda onlarla tədbir həyata keçirir. Ancaq bu tədbirlər korrupsiya cinayətlərinin tamamilə bitməsi ilə nəticələnmir.

Bir sıra nəzəriyyəçilərə görə, rüşvət alan olmasa, rüşvət verən də olmayacaq. Mənim fikrimcə, rüşvət almaq istəyən olsa belə, rüşvət verməməyi daha çox təşviq etmək lazımdır. Belə olanda rüşvət almaq istəyənlərlə bağlı şikayətlər və nəticədə cəza tədbirlərinin həyata keçirilməsi təmin edilə bilər.

Azərbaycan cinayət qanunvericiliyi rüşvətxorluğu iki hissəyə ayırır.

Aktiv rüşvətxorluq – rüşvət vermə və passiv rüşvətxorluq-rüşvət alma.

Rüşvət alma iki halda baş verir: vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərinə  aid olan hərəkətə (və ya hərəkətsizliyə) görə və qanunsuz hərəkətlərə görə.

Rüşvət almaq ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü, yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istək və ya almaq, yaxud bu  barədə təklif və ya vədi qəbul etməkdir. Təəssüf ki, cəmiyyətdə rüşvət alma konkret olaraq şəxsin “əlində  pul tutulması” kimi başa düşülür. Yəni, adamlara elə gəlir ki, cinayətin baş verməsi üçün şəxsin “əlində pul tutulmalıdır”. Lakin rüşvət alma formal xarakterli cinayət olduğuna görə rüşvət istənildiyi, alındığı və ya bu təklifin, vədin qəbul edildiyi anda başa çatmış hesab edilir.

Yəni, rüşvət müqabilində müəyyən işin görülüb-görülməməsinin, həmin işi görməyə hazırlığın olub-olmamasının əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur.

Rüşvət hətta vəzifəli şəxs tərəfindən istənilərkən də cinayət artıq başa çatmış olur.

Rüşvəti istəmək dedikdə, vəzifəli şəxsin rüşvət alması arzusunun bildirilməsi nəzərdə tutulur. Bu müxtəlif formalarda (şifahi, yazılı) və ya hər hansı üsulla-telefon, internet, sosial şəbəkə, qısa mesaj, vərəq üzərinə yazma, müəyyən anlaşılan işarələr göstərmə, xəbər göndərmə və s. ola bilər.

Rüşvət alma barədə təklif və ya vədi qəbul etmək isə rüşvət təklif ediləndə vəzifəli şəxsin vədə yazılı, şifahi formada, susmaqla belə razılıq bildirməsi nəzərdə tutulur və bu, cinayət məsuliyyətinə səbəb olur.

Rüşvətin verilməsi təklif edilməsinə baxmayaraq, vəzifəli şəxs tərəfindən həmin rüşvətdən imtina rüşvəti təklif edən şəxsin əməlində (CM 29,312 rüşvət verməyə cəhd kimi ) cinayət tərkibi yaradır.

Bəzi adamlar rüşvəti özü deyil, başqa şəxslərin vasitəsi ilə alaraq, cəzadan uzaq qalacağını düşünür. Lakin rüşvət həm şəxsən, həm də vasitəçinin köməyi ilə alınanda şəxs üçün eyni məsuliyyətə səbəb olur və əlavə olaraq vasitəçi də  cinayət işi üzrə köməkçi kimi təqsirləndirilən şəxs qismində prosesə cəlb edilir.

Vəzifəli şəxs öz səlahiyyətinə daxil olmayan məsələlərlə bağlı vəd verib, pul və ya maddi nemət alırsa, bu, dələduzluqdur.

Vəzifəli şəxs hədiyyə qəbul edə bilərmi?

Vəzifəli şəxsin məbləğindən və ya dəyərindən asılı olmayaraq, özü və ya digər şəxslər üçün nələrsə tələb etməsi rüşvət alma kimi qiymətləndirilməlidi. 5 000 manatdan artıq məbləğ isə külli miqdarda rüşvət alma hesab olunur.

Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən, eyni zamanda kənardan belə təəssürat yaradan hədiyyələri qəbul etməməlidir. Bundan başqa, vəzifənin icrası müqabilində verilən hədiyyəni də tələb və ya qəbul etmək qanunvericiliklə qadağan edilir.

Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Əgər ona öz iradəsindən kənar hədiyyə verilsə, o, bu barədə rəhbərinə məlumat verməli və həmin nemətlər qurumun hesabına aktla təhvil verilməlidir.

Vəzifəli şəxs yalnız bir il ərzində 55 manatdan yuxarı olmayan, sadə qonaqpərvərlik kimi qəbul edilən, vəzifəsinin qərəzsiz icrasına təsir etməyən hədiyyə qəbul edə bilər. Həmin məbləğdən yuxarı qiymətləndirilən hədiyyələr isə vəzifənin icra edildiyi quruma məxsus hesab edilir.

Vəzifəli şəxs ona verilən hədiyyənin sadə qonaqpərvərliklə bağlı olub-olmaması barədə qərara gələ bilmədikdə rəhbərinin rəyini öyrənməlidir.

Rüşvət vermənin cinayət məsuliyyəti yaratmadığı hallar

Vəzifəli şəxsə vəzifələrinin icrası ilə bağlı qanunsuz üstünlük qazanmaq üçün pul, maddi nemətlər verilməsi rüşvət vermədir.

Məsələn, şəxs hərbi xidmətdən yayınmaq üçün hər hansı şəxsdən müvafiq komissiya sədrinə rüşvət vermək adı ilə pul alır, lakin pulu özü mənimsəyir. Bu situasiyada pul verən şəxsin əməli rüşvət verməyə cəhddir. Bu şəxs dələduzluq cinayətinin zərərçəkmişi hesab edilmir. Çünki dələduzun qurbanı həmin pulun ona qaytarılacağını güman edir və gözləyir. Amma belə olan halda şəxs həmin pulu rüşvət kimi vasitəçiyə verdiyini dərk edir.

Rüşvət verən şəxs hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət verdiyini könüllü dövlət orqanına məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.

Paylaş