Oktyabrın 19-da Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə 5 erməni terrorçunun təhvil verilməsi gündəmi zəbt edib. Birdən-birə 5 erməni terrorçunun təhvil verilməsi və bu prosesin Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə həyata keçirilməsi bəzi suallar yaradır.
Maraqlıdır, Azərbaycan Ermənistana təhvil verdiyi diversantların qarşılığında nə əldə edəcək? Diversantların təhvil-təslim prosesində niyə sülhməramlıların keçmiş rəhbəri Rüstəm Muradov iştirak edib?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, rəsmi Bakı zaman-zaman diversantları Ermənistana təhvil verməklə İrəvandan qarşılıqlı addımların atılacağını gözləyib.
“Ermənistan hakimiyyəti Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim edib. Ancaq Prezident İlham Əliyevin də dəfələlərlə təkrarladığı kimi, xəritələr dəqiq deyil, əslində Azərbaycan bu xəritələr olmadan da minaların təmizlənməsini sürətləndirib. Azərbaycan bu çalışmaları dost dövlətlər və əməkdaşlıq etdiyi xarici şirkətlərlə birgə həyata keçirir. Ona görə də İrəvan təhvil aldığı diversantların əvəzinə daha tutarlı addımlar atmalıdır”.
Politoloqun sözlərinə görə, İrəvan Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir:
“Onların sayı minlərlərdir. Həmin azərbaycanlılar əsirlikdə qətlə yetiriliblərsə, bu məsələyə də aydınlıq gətirilməlidir. Ermənistanda bu mövzuda nə diskussiya var, nə də etiraf. Misal üçün, Azərbaycanda erməni diversantların gələcək taleyi müzakirə predmetidir, Ermənistanda isə Birinci Qarabağ müharibəsindən sonra əsirlikdə saxlanılan azərbaycanlılar barədə danışan yoxdur.
Ermənilərin bir qismi sadəcə Azərbaycan sərhədçilərinin Ermənistanla sərhəddə strateji yüksəklikləri nəzarətə götürdüyünü bildiriblər. Ancaq bu İrəvanın güzəşti deyil. Azərbaycan özünə aid olana yiyələnir.
Erməni diversantların hissə-hissə Ermənistana təhvil verilməsi Baş nazir Nikol Paşinyanın müxalifətlə mübarizədə mövqelərini gücləndirir. Paşinyan Bakının bu jestini anlamamış deyil. Bundan başqa, İkinci Qarabağ müharibəsindən sonra Bakıda açılan Hərbi Qənimətlər Parkı erməniləri çox narazı salmışdı, oradakı dəbilqələr və erməni hərbçilərin maketləri İrəvanda müzakirə predmeti idi. Ermənistan rəsmiləri və diplomatları bu məsələni daima beynəlxalq təşkilatlar qarşısında qaldırırdılar. Həmin dəbilqələrin və maketlərin yığışdırıldığına dair xəbərlər yayılıb. Bunun özü də güzəştdir. Ancaq güzəştlərin limiti olmalıdır. Qarşı tərəf hərəkət etməsə, bundan sonra güzəştə getməyin mənası qalmayacaq”.
Politoloq “Rüstəm Muradovun niyə hələ də Azərbaycanla Ermənistan arasında vasitəçidir?” sualına aydınlıq gətirib:
“Əslində Azərbaycan Rüstəm Muradovun fəaliyyətindən narazı idi. Məhz Rüstəm Muradovun dövründə Qarabağda rusiyalı sülhməramlıların iştirakı ilə təxribatların sayı artmışdı. Buna baxmayaraq, Bakı və İrəvan ilk dəfə məhz Rüstəm Muradovun vasitəçiliyi ilə diversantların təhvil-təslim prosesinə başlamışdılar. Bu proses davam etdiyindən Rüstəm Muradova ehtiyac yaranıb.

Rusiya Azərbaycanla Ermənistan arasında əsas vasitəçi funksiyasını heç kimlə bölüşmək istəmir. Rusiyanın üstünlüyü odur ki, həm Azərbaycan, həm də Ermənistan hakimiyyətləri ilə sıx təmasları var. Halbuki rəsmi Bakı son zamanlar Gürcüstanın və Avropa İttifaqının vasətiçilik təşəbbüslərinə də dəstək verir. Ancaq bu məsələdə rəsmi İrəvan sərbəst qərar vermək imkanına malik deyil, Kremlə boylanmaq məcburiyyətindədir”.

Paylaş