Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

Korrupsiyaaa.az xəbər verir ki, dövlət başçısı ICESCO-nun Baş direktorunun keçən il Ağdam və Füzuliyə, bu il isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərindən məmnunluğunu bildirib, Salim bin Məhəmməd əl-Malikin Şuşada təşkil edilən beynəlxalq konfransda iştirakını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın uzun illər ISESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə ISESCO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər. Prezident İlham Əliyev qeyd edib ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında ISESCO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər.

Dövlət başçısı Bakıda ISESCO-nun Regional Ofisinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsi işində əhəmiyyətini qeyd edib, bu təşkilatın Azərbaycanın haqq işinə göstərdiyi dostluq və tərəfdaşlıq dəstəyinə görə bir daha təşəkkürünü bildirib.

Paylaş