Bakının Xətai rayonunda baş verən silahlı basqında xəsarət alan şəxslərdən biri evə buraxılıb.
Bu barədə “Korrupsiya.az”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda bildirilir ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzində ağciyər və fəqərə zədələnməsi səbəbilə əməliyyat olunan 1 nəfər (cinsi kişi) iltizamnamə əsasında yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Sol çiyin oynağının çıxığı diaqnozu ilə müalicəsi aparılan digər bir nəfərin (cinsi kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, martın 4-də Bakının Xətai rayonu ərazisindəki supermarketlərdən birində atışma olub. Binaya daxil olan iki nəfər orada “Unibank”ın inkassatorlarına atəş açıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə ağır yaralanıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxslərdən biri polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib, digər şəxs isə saxlanaraq istintaqa təhvil verilib.