UNEC-in hazırladığı “Qeyri-akademik transkript” layihəsi ölkənin tanınmış təhsil mütəxəssislərinə təqdim olunub. 

“Korrupsiya.az” xəbər verir ki, rektor professor Ədalət Muradov regionda ilk dəfə olaraq, UNEC-də tələbələrin bacarıqlarının qiymətləndirilməsi məqsədilə “Qeyri-akademik transkript” layihəsinə start verildiyini bildirib. UNEC-də yeni standartlar hazırlanan zaman məcburi fənlər qrupuna 3 fənnin – yumşaq və sərt bacarıqlar, karyera planlaması fənlərinin əlavə edildiyini diqqətə çatdıran rektor, bu istiqamətdə “Karyera planlaması” kafedrasının yaradıldığını qeyd edib. Rektor qeyri-akademik transkriptin təhsil ekspertləri ilə metodoloji müzakirəsindən sonra iş dünyasının təmsilçiləri ilə görüşün keçiriləcəyini deyib: “Qeyri-akademik transkriptdə iş dünyasının müəyyən etdiyi meyarlar əsasında qiymətləndirmələr aparılacaq. Məzunların işə qəbulu zamanı müsahibə mərhələsinə ehtiyac qalmayacaq. Düşünürəm ki, iş dünyasında qeyri-akademik transkript akademik transkriptdən üstün tutulacaq. Sürətlə dəyişən dünyada dəyişməyən bacarıqlara fokuslanmaq daha önəmlidir”.

Professor Ədalət Muradov yumşaq bacarıqların qiymətləndirilməsi xidmətinin gələcəkdə kənar şəxslər üçün də göstəriləcəyinin nəzərdə tutulduğunu vurğulayıb.

Sonra Karyera planlaması kafedrasının müəllimi Asəf Zeynalov qeyri-akademik transkriptin mahiyyəti, qiymətləndirmə meyarları barədə təqdimatla çıxış edib.

Məruzəçi tərəfindən təhsil mütəxəssislərinin sualları cavablandırıldıqdan sonra tədbir müzakirələrlə davam edib. Layihənin vacibliyindən danışan təhsil mütəxəssisləri yumşaq bacarıqların formalaşdırılmasının əhəmiyyətinə diqqət çəkiblər. Bu bacarıqların bütün sahələrdə tətbiqinin zəruriliyi vurğulayaraq, qeyri-akademik transkript layihəsinin tətbiqini yüksək qiymətləndiriblər. Layihə ilə bağlı önəmli məqamları qeyd edən mütəxəssislər, faydalı təkliflər səsləndiriblər.

Paylaş