Azərbaycanda rəsmi səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə Gömrük Universitetləri Beynəlxalq şəbəkəsinin fəxri üzvü, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev arasında görüş keçirilib.
“Korrupsiya.az” xəbər verir ki, qonağı salamlayan Aydın Əliyev onu Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri doktoru adını alması və Ümumdünya Gömrük Təşkilatının 70 illiyi ilə bağlı təbrik edib, 2008-2017-ci illərdə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həmin ölkənin bir sıra qabaqcıl universitetlərində Azərbaycan Respublikası gömrük əməkdaşlarının magistraturaya qəbul olmalarına şərait yaradılmasına görə ona təşəkkür edib.
Eyni zamanda Kunio Mikuriya Aydın Əliyevi keçən ilin avqust ayında Qırğızıstanda keçirilən MDB ölkələrinin sabiq gömrük rəhbərlərinin ilk görüşündə orada yaradılan şuranın rəhbəri seçilməsi ilə bağlı xoş arzularını çatdırıb.
Daha sonra gömrük rəsmiləşdirilməsində İT texnologiyalarının tətbiqi və gömrük əməkdaşlarının peşəkarlığının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.